(“Sultan II Murad” romanından)
Kiçik Mustafa axşam çox gec yuxuya getmişdi. Ona görə də səhər oyananda özünü son dərəcə əzgin və halsız hiss edirdi. Ağlı başına gələn kim axşamkı hadisə, Sibel yadına düşdü. “Zalımın qızı su sonası idi. Gözlərinin süd kimi təmiz və saf ağı, uzun kirpikləri vardı!” – deyə fikirləşdi.
Qızı xatırlayıb yenə dilxor oldu.
Lələ İlyas onun yanını kəsdirib durmuşdu. Şahzadənin əhvalı onun xoşuna gəlmirdi. Odur ki, ona ürək-dirək verməyi özünə borc bildi:
-Şahzadəm, mən axşam fala baxmışam. Rəmmal da çağırmışdım. Rəmmal lohunu, aşığını xurcununa qoyub gəlmişdi. Sözümü deyən kimi xurcundan lohunu çıxarıb sərdi yerə, aşığı düzəldib atdı. Mən də göz götürmədən baxırdım. Rəmmal düz üç dəfə rəml atdı. Hər dəfə aşıq eyni cür düşdü. Rəmmal başını qaldırıb dedi:
-Lələ, mən bilmirəm səfəriniz haradır, amma rəml göstərir ki, siz ya xəzinə tapacaqsınız, ya da ki, sizlərdən biri Sultan olacaq.
Sonra Lələ İlyas dedi:
-Görürsünüz, Şahzadəm, mən deyəndir. Siz qələbə çalacaqsınız!
Şahzadə Kiçik Mustafanın kefi duruldu. Qoşuna hərəkətə gəlmək əmri verildi.
* * *
Bursa mühasirəyə alındı. Lakin şəhər güclü müdafiə olunurdu. Şahzadə Kiçik Mustafa burada uğur qazanmayacağını başa düşərək Bursadan vaz keçib, İznikə yola düşdü. Qırx günlük mühasirədən sonra, nəhayət, İznik müdafiəçilərinin müqaviməti qırıldı və şəhər təslim oldu. Şahzadə Kiçik Mustafa İbrahim paşa Sarayında taxta əyləşərək özünü padşah elan etdi.
İznik çoxlu itki vermişdi. Şəhərdə daşı daş üstə qoymamışdılar. Müqavimət göstərənlər qılıncdan keçirilmişdi.
Sultan II Murad İznikin işğalından xəbər tutan kimi Məhmət bəy Mihaloğlunun başçılığı altında süvari qoşunu İznikə göndərdi. Lələ Şarapdar İlyas Kiçik Mustafaya mənəvi dəstək versə də, II Muradın gücünə-qüdrətinə bələd idi. Məhmət bəy Mihaloğlunun onların üzərinə gəldiyini öyrənib əl-ayağa düşdü. Şahzadəyə bildirməsə də, ehtiyatını gördü. Kəlləsini itirmək istəmirdi. Həyat şirin idi. Siyasət, taxt-tac uğrunda ölməkdənsə, yaşamağı üstün tutdu.
Məhmət bəy Mihaloğlu ilə Lələ İlyasın gizli görüşü baş tutdu. Məhmət bəy ona Osmanlı imperatorluğunda bəylərbəylik vəd edirdi. Lələ dərhal razılaşdı.
İznik alınanda Şahzadə Kiçik Mustafa hamamda idi, nazlı-qəmzəli gözəllərin ona tumar çəkmələrindən, bədənini ovuşdurmalarından məst olmuşdu. Bu zaman aldığı xəbərdən dəli kimi ayağa sıçradı, zor-bəla ilə əynini geyə bildi.
Məhmət bəy Mihaloğlu İznikdə idi. İndi başına haranın daşını töksün? Lələyə nahaq qulaq asdı. Ətrafında yalnız bir dəstə vecsiz mühafizəçi qalmışdı. Hələ onların haranın, hansı yuvanın quşu olduğunu, hansı məzhəbə qulluq etdiklərini də düz əməlli-başlı bilmirdi.
Lələ İlyası görüb özünü ona sarı atdı:
-Lələ, bəs deyirdin…
Lələ bir anlığa dinmədi. Sonra sakit səslə:
-Özünü həlak etmə, padşahım!
Şahzadə Kiçik Mustafa özünü elə itirmişdi ki, Lələ İlyasın həqiqətimi dediyini, yoxsa lağla danışdığını ayırd edə bilmədi, daha doğrusu buna fikir vermədi. Arif olsaydı, başa düşərdi.
-İznik tutulub. Siz qaçmalısınız.
Lələ İlyas bunu deyib yoxa çıxdı.
Şahzadə mühafizəçilərin əhatəsində özünə yol açarkən Məhmət bəy Mihaloğlu ilə üz-üzə gəldi. Məhmət bəy ehtiyatsızlıq edərək onun qabağına tək çıxmışdı. Qılınclar qınlarından çıxdı. Məhmət bəy təkbaşına yüzünə cavab verə bilən bir ordu başçısı və sərkərdə idi. Ona görə də özünə güvənir, qorxmurdu. O, Kiçik Mustafa da daxil olmaqla ona yaxın mühafizəçi ilə təkbaşına döyüşürdü. Onun düşdüyü vəziyyətdən xəbər tutan əsgərlər köməyə gələndə mühafizəçilər imkan tapıb qaçdılar. Şahzadəni də aradan çıxardılar.
Məhmət bəy yaralanmışdı.
Şahzadə Kiçik Mustafa at belində başını götürüb qaçırdı.
Mihaloğlu Məhmət atına minib onun ardınca düşdü. Qara Tacəddinoğlu Mihaloğlunun qarşısını kəsdi. Qara bəy Şahzadə Kiçik Mustafanın mühafizəçisi idi.
Onlar vuruşmağa başladılar. Yarası Məhmət Mihaloğluna əziyyət verirdi. Yaralı olduğu halda vuruşmaq çətin idi. Yarasından hələ də qan gəlirdi. Kiçik Mustafa uzaqlaşırdı. Mihaloğlu Məhmətin fikri onun yanında idi. Qara Tacəddinoğlunu cəhənnəmə vasil eləyə bilsəydi, özünü Şahzadə Kiçik Mustafaya çatdırardı. Fəqət döyüş ara vermirdi.
Tacəddinoğlu qılıncını sağa, sola çalmaqda, müqavimət göstərməkdə idi. Damcılamaqda olan qan Mihaloğlunun döyüş libasını al rəngə boyamışdı. O, zəiflədiyini, qollarının boşaldığını, gücdən düşdüyünü hiss edirdi. Bundan yararlanan Qara Tacəddinoğlu ara vermədən hücum edirdi. Mihaloğlu onunhücumlarını dəf edirdi. Tacəddinoğlunun sərrast qılınc zərbəsi axır ki öz işini gördü.Qara bəy Mihaloğlunu vura və atından yerə sala bildi. Məhmət bəy canını tapşırdı. Qələbəsinə sevinməyə macal tapmamış Tacəddinoğlu da oxla vuruldu və yerə sərilib hərəkətsiz qaldı. O da ölmüşdü.
Lələ İlyas şahzadəni müşayiət edirdi. Mühafizəçilər arxada gəlirdilər. Lələ Kiçik Mustafanın qorxu içərisində olduğunu görüb onu sakitləşdirməyə çalışırdı:
-Heç narahat olmayın, padşahım! Rəmmal rəml atıb. Axırda o deyən olacaq. Osmanlı taxt-tacı sizindir. Niyə təşvişə düşürsünüz? Təmkinli olun. Özünüzə təskinlik verin.
Əslində rəmmal əhvalatı qondarma idi. Lələ rəmmalı özündən uydurmuşdu. Lələ çox yaxşı bilirdi ki, Şahzadə Kiçik Mustafa heç zaman sultan olmayacaq! Canını Murad xanın əlindən qurtara bilsə, min dəfə Allahına şükür eləsin gərək!
Kiçik Mustafa ayaqlarını atın yanlarına vurur, bu yerlərdən mümkün qədər tez uzaqlaşmağa çalışırdı. Atını çapdıqca yan-yörəsinə baxırdı. Qorxusu sovuşmaq bilmirdi.
-Lələ, hara gedirik?
Lələ İlyas cavabında dedi:
-Murad xan İznikdədir. Ondan nə qədər uzaq olsaq, yaxşıdır.
Şahzadə bir az sakitləşdi:
-Düz deyirsən, Lələ.
Birdən sürətlə gedən atların yüyəni çəkdilər. Atlar az qala büdrəyib yıxılacaq, onları da yerə çırpacaqdılar. Şahzadə Kiçik Mustafa bir qabağa baxdı, bir də geriyə – gəldikləri yola. Mühafizəçilərin bir neçəsi aradan çıxmışdı.
Geriyə dönmək gec idi, qabağa getmək də olmazdı. Ağaclıqdan bir dəstə atlı çıxıb yolu kəsmişdi. Atlıların ardı-arası kəsilmək bilmirdi. Bir azdan üzük qaşı kimi Kiçik Mustafanı və başında olanları bürüdülər.
Lələ İlyas dəstədən aralanıb atını irəli sürdü.
Qarşıdakı əsgərlər yol verdilər. Atın üstündə bir nəfər qabağa keçdi. Onu görən kimi Şahzadə Kiçik Mustafanın qolları yanına düşdü, rəngi kətan kimi ağardı, tez ürəyini tutdu. Bu, Sultan II Murad xan idi.
Lələ İlyas II Murad xana yaxınlaşıb görüşdü:
-Sultanım, vədimə xilaf çıxmadım. Kiçik Mustafanı sizə təslim edirəm.
* * *
Kiçik Mustafa ertəsi gün Sultan II Murad xanın hüzuruna gətirildi. Murad xan qarşısında müti bir görünüşlə dayanan Şahzadəyə acı təəssüf hissilə baxaraq:
-Səni bağışlayardım, amma buna dəyməzsən! – dedi. -Bilirəm gec-tez yenə Sultan olmaq həvəsinə düşəcəksən!
Kiçik Mustafa canını qurtarmaq üçün imkan yarandığını görüb tez:
-Düşmərəm, Sultanım! – dedi.
Sultan Murad xan onun sözlərinə inanmadı. Təngə gələrək sözünü kəsdi:
-Yox, səndən qurtulsam, həm özüm rahat olaram, həm də bu millət!
Kiçik Mustafa sonsuz yalvarışla:
-Sultanım, sultanım! Qardaşım! – dedi.
Sultan Murad xan acı-acı güldü:
-Qardaş olmağımız indi, dar ayaqda yadına düşdü? Sənin kimi qardaşın olmağından, olmamağı yaxşıdır, qardaş!
Sultan “qardaş” sözünü sonsuz nifrət və istehza ilə dedi, sonra qərarını bildirdi:
-Edam olunacaqsan!
Kiçik Mustafa dizin-dizin sürünərək Sultanın ayaqlarını qucaqladı. Göz yaşları içərisində və xırıltılı səslə:
-Qıyma mənə, Sultanım! –dedi. -Bir qələtdir eləmişəm! Mən uşaq olanda üstümdə çox əziyyət çəkmisən!Mən sənin sevincin idim. Atamdan görə bilmədiyim qayğını səndən görmüşəm!Atamız erkən dünyasını dəyişdi. Atam da, böyüyüm də sən olmusan! Heç olmasa öz əziyyətini yerə vurma!
Sultan II Murad acı-acı güldü:
-Atanı mən əvəz etmişəmsə, bəs niyə mənim yanıma gəlmədin, məndən məsləhət almadın? Bizans imperatorunun felinə uydun, xaçlıların toruna düşdün. Əcnəbilər bir yana qalsın, Mustafa Çələbi bir tərəfdən, sən Mustafa da o biri tərəfdən üstümə qoşun çəkdiniz. Bu oldu mənə hörmətiniz? Niyə vicdanınızın səsinə qulaq asmadınız?
Sultanın güzəştə getmək fikrində olmadığını görən Kiçik Mustafa dil tökdü:
-Əvf edin, hünkarım!
Sultan son sözünü dedi:
– Edam edilsin!
Kiçik Mustafanın yalvarışlarına baxmayaraq onu apardılar. Boğaraq öldürdülər. İznikdən bir qədər aralıda ağaclıq vardı. Kiçik Mustafanın cəsədini əncir ağacından asdılar. Bir müddət sonra Bursaya aparıb Yaşıl Türbədə dəfn etdilər. Necə olmasa, Sultan nəslindən idi.
Yazıya 433 dəfə baxılıb