Dünyanın ortaq gündəminə çevrilən Koronavirus sənətin və ədəbiyyatın da gündəmindən düşmür. Ədəbiyyatın qələmindən çıxan epidemiya mövzuları oxucuları gələcəyə hazırlayır, həm də oxucuların qəlbində ümid toxumları əkir. Epidemiyalar nəinki ədəbiyyatda, sənətin digər sahələrində, o cümlədən rəssamlıqda da öz əksini tapmışdır.
İspan qripi Avropanı silib-süpürərkən rəssam Edvard Munk Norveçdəki evində əlacsız qalmışdı. Epidemiya ilə vidalaşacağını deyərək özünü xəstə yatağının qarşısında boyayır. Öz portretini çəkir. Və məşhur “The Scream” əsərini yaratmağa başlayır.
Fransız rəssam Josse Lieferinxe öz tablosunda küçələrdə can verən insanları öz boyaları ilə canlandırır. Rəsmdə küçədəki keşişlər xəstələrin əzab çəkməməsi və sağalması üçün dualar oxuyur.
Koronavirusu öz tablolarında göstərən modern rəssamlar da karantin günlərində fırçalarını yerə qoymadı. Suriyalı rəssam Kuteybe Mamu çəkdiyi əsərində virusun heyvandan bulaşacağını düşünərək özünü küçə itindən qorumaq üçün maska və əlində dərmanla iti özündən uzaqlaşdıran bir tablo çəkir. Hətta gələcəyi görən və hiss edən ingilis rəssamı Uilyam Hit Robinson (1872-1944) dünyanın izolyasiya günlərini hələ onun peyda olmasından 100 il əvvəl rəsm əsərində göstərmişdir.
Antik ədəbiyyatda, dastanlarda pandemiya
Distopik dövrlər… Qlobal Koronavirus epidemiyası səbəbindən hamımız evimizə sığınmışıq. Epidemiya ilə insanların mübarizəsi ilk yazılı mətnlərdən bəri ədəbiyyatın mövzusu olmuşdur. Epidemiyadan bəhs edən mətnlər “Gilqameş” dastanından başlamış, Homerin antik “İliada” əsərinə kimi günümüzə qədər gəlib çatmışdır.
Suzan Sontaq “Xəstəlik metafora kimidir” adlı kitabında insanlıq tarixinə damğa vuran epidemiyaların zehnimizə göstərdiyi təsiri araşdırır. Eyni zamanda “xəstə olmağımız haqqında düşüncələrimizdə qurduğumuz cəza və ya emosional xəyallar”a diqqət yetirir. Saqanın niyyəti xəstəliklərin yaratdığı stereotipləri, fiziki olaraq xəstəliyin özünü deyil, onun rəqəm və ya metafora kimi istifadəsini müzakirə etməkdir.
Sontaqın vərəm, xərçəng və HİV-lə bağlı əsaslı araşdırmaları, Koronavirusun öhdəsindən gəlməyə çalışdığımız günlərə işıq salacaq mətnlərdir.
Elmin olmadığı dövrlərdə, insanların xəstəliklərə qarşı mübarizəsi ilk yazılı mətnlərin mənşəyi tanrılara istinad edilirdi.
“Gilqameş” dastanının Enkidu adlı qəhrəmanı ölümcül bir xəstəliklə cəzalandırılır.
Finlərin “Kalevela” dastanında da epidemiyadan bəhs edilmişdir: “Louhi, Pohjola qadınlara, kişilərə əmr edildi. Bilinməyən bir xəstəlik adalara tərəf yayıldı. Bütün Kalevela yerə sərildi”.
Epidemiyalar antik dövrdə ən parlaq mətnlərin yazılmasına səbəb olmuşdu. Homerin “İliada” əsərində “Axaların Troya düzənliyindəki gəmi düşərgəsində Allah keşişin duasını eşitdi. Olimp dağının zirvələrində, ürəyindəki qəzəb, çiynindəki oxları və yayı gecənin qaranlığını yorğan kimi üstümüzə sərdi. Qaranlıqda görünməyən hər bir ox xəstəlik yayırdı. Əvvəlcə qatırlar və itlər ox atəşinə tutuldu, sonra doqquz gün ərzində o qədər yunan əsgəri öldü ki, cənazə ağacı hər yerdə yandırıldı”.
Hətta tibb elminin banisi sayılan Hippokrat belə, vəba xəstəliyinin səbəbini tanrının qəzəbində görürdü. O, həmçinin Sofoklun “Tiran Edip” əsərinin də Allahın lənətinə tuş gəldiyini vurğulayırdı.
Sontaqa görə, epidemiyalar ilahi bir cəza olsa da, insanlar tərəfindən utanılası bir vəziyyət sayılmırdı. Ancaq xəstəliyin utancverici olması, mənəvi olaraq sərt meyarlar qoyulması xristianlığın gəlməsi ilə başladı. Və beləliklə, Orta əsrlərdə vəba, sifilis, cüzam xəstəliyinə tutulan insanlar epidemiyanın səbəbini özlərində deyil, başqa “günah keçisi” axtarmaqda görürdülər.
Bu dövrlərdə Covanni Bokkaççonun “Dekameron”u (1349-1353) qələmə alınmış ən önəmli əsərlərdən biri hesab edildi və Florensiyada, ən çox da yəhudilərdə və qaraçılarda mənəvi və əxlaqi çöküşə səbəb oldu.
Britaniya adaları baş verənlərdən ən çox təsirlənən coğrafiya hesab edildi və ingilis ədəbiyyatında bir yaddaş yaratdı.
Roman sənətinin ən qədim nümunələrindən biri bütövlüklə bu məsələyə adaptasiya olmuşdu. Daniel Defonun 1722-ci ildə nəşr etdiyi “Taun ilinin gündəliyi” əsərində 1664-1666-cı illərdə Londonu viran edən vəba epidemiyası təsvir edilmişdir.
Modern romanlar epidemiyaya yoluxanda
Edqar Allan Ponun “Qızıl ölümün maskası” (1842) əsərində xalqın vəba xəstəliyindən qurtulduğu bir vaxtda, zənginlərin əyləndiyi gecədə xəstəlik əzrail donunda ortaya çıxır.
Alesandro Manzoni “Nişanlılar” (1827) əsərində epidemiyaya, sadəcə, tarixi perspektivlə yanaşır. Çarlz Dikkensin isə bir çox romanındakı səfalət mənzərələri ilə yanaşı, nümayiş etdirdiyi epidemiya xəstəlikləri də sosial yaralardan bəhs edir. “Qaranlıq Ev”i (1853) bu abzasla bitir: “O, Əlahəzrət öldü. Öldü, ağalar və cənablar. Çox hörmətli və izzətli olanlar və olmayanlar. Bütün siniflərin ruhaniləri öldü. Öldü, ürəklərində Allahın bağışladığı, mərhəməti daşıyaraq dünyaya gələn kişilər və qadınlar. Və ətrafımızda hər gün beləcə ölürlər”.
Almandilli ədəbiyyata gəldikdə isə, Tomas Mannın adı öndə çəkilən imzalardandır. O, “Doktor Faust” əsərində sifilisi, “Venesiyada ölüm” və “Sehrli dağ” əsərində vərəmi əsas mövzu seçərək insanın ölüm və xəstəlik qarşısındakı duruşunu göstərməyə çalışır.
XIX əsr romanlarında vərəm xəstəliyi xüsusi yer tuturdu. Çünki Sontaqa görə: “Romantik əzab olaraq bilinən ədəbi və erotik münasibətlərin bir çoxu vərəmdən və onun metafora ilə çevrilməsindən qaynaqlanır. Xəstəliyi bildirən bəzi əlamətlərin stilistik bir povestdə danışıldığı və əsl ağrıya məhəl qoyulmadığı üçün ağrı və iztirab romantik bir an qazandı. Fərdi xəstəliklər ideyası artıq vərəmdən başlamışdı, insanlar ölümlə qarşılaşdığı an daha şüurlu şəkildə hərəkətə başlamışdılar. Eyni zamanda XIX və XX əsrlərdə insanlarda fərdiyyət düşüncəsinin meydana gəldiyini görürük”.
XX əsrdə davam edən vərəm mövzusu başqa bir neçə görkəmli müəllif tərəfindən də qələmə alınmışdır. Viktor Hüqonun “Səfillər”, Aleksandr Dümanın “Kamelyalı qadın”, Çarlz Dikkensin “Nikolas Niklbi, Dombey və oğlu”, Turgenevin “Ərəfə”, Andrey Gidenin “Əxlaqsız”, Ceyms Coysun “Ölülər” romanı ən yaxşı nümunələr arasında yer alıb.
XX əsrdə epidemiyalarla əlaqədar ən diqqətəlayiq roman Albert Kamünün “Taun” əsəridir. 1947-ci ildə yazılmış bu romanda vəba nə cəza, nə də zülmün xəbərçisi deyil; Kamü qəfil ölümün həyatı və insanı mövcudluğu problemlərinə ciddilik gətirdiyini ortaya qoyur.
Birinci Dünya müharibəsinin sonlarında ABŞ-ın Kanzas ştatında, Avropadan qayıdan amerikalı əsgərlərin gətirdiyi xəstəlik bir neçə günə başqa 48 əsgərin yoluxmasına və ölümünə səbəb oldu. İspanlar bu virusa “İspan qripi” adı vermişdilər.
Buna səbəb Birinci Dünya müharibəsində iştirak edən ölkələrin hərbi senzurasının orduda və əhali arasında baş vermiş epidemiya barədə xəbərlərə icazə verməməsidir. Elə buna görə də xəstəliyin ispan qripi olaraq adlandırılmasının əsas səbəbi virusun yayılmağa başlamasının ardından ilk reaksiyanın müharibə iştirakçısı olmayan İspaniyadan gəlməsi idi. Belə ki, bir çox dünya dövlətləri baş verən hadisələrə bir ad verə bilmədikləri halda, İspaniya mətbuatı və cəmiyyəti yeni bir virus dalğasının yayıla biləcəyi məsələlərini müzakirə edirdi. Nəticədə neytral İspaniya 1918-ci ilin may-iyun aylarında pandemiya elan edən ilk Avropa ölkəsi oldu.
Virciniya Vulfun şüur axını texnikası ilə qələmə aldığı “Missis Dellouy” (1923) romanı “İspan qripi”ndən bəhs edir. Vulf, sanki oxucunu savaşdan sonrakı London küçələrində gəzdirir.
Birinci Dünya müharibəsi başa çatır və Britaniya cəmiyyəti müharibə travmasının öhdəsindən gəlir. Yeni bir dövr başlayır. Romanın əsas qəhrəmanı olan Klarisa Dolvey, döyüş başladığı gündə (13 iyun 1923-cü il) müharibənin bitdiyinə sevinir və bədənindəki xəstəliyin təzahürlərini izləyir.
Anton Çexov “6 nömrəli palata” əsərini karantin günlərində qələmə alıb.
Yazıçının belə bir əsər yazmağı təsadüfi xarakter daşımır. 1892-ci ildə yazılan əsər Rusiyanın vəhşilikdən və qabalıqdan qurtulmaq arzusunda olduğu illəri əhatə edir. Çexov illərlə vərəm xəstəliyindən əziyyət çəkmişdi.
Yunanların “ftizis”, yəni ərimə adı verilən vərəm xəstəliyinə “ağ vəba adı verilmişdi.
XIX əsrin əvvəllərində Avropa əhalisinin 70%-nin vərəmə yoluxduğu təxmin edilir. Vərəm təkcə yoxsullara deyil, eləcə də kral ailəsi üzvlərinə, zadəganlara və incəsənət adamlarına da yoluxub. Molyer, Anton Çexov, Friderix Şiller, Frans Kafka; bəstəkarlardan Frederik Şopen, Paqanini kimi şəxsləri də qeyd etmək olar.
Bu gün deyə bilərik ki, epidemiyanı fəlakət kimi şərh edən bir çox roman distopikdir. Bunun səbəbi elm və texnologiyanın hər şeyin öhdəsindən gələcəyi düşüncəsinin ortaq olduğu bir dövrdə, aradan qaldırılmayacaq sirli bir virusa rast gəlinməsidir. Məhz bu səbəbdən bu gün yaşadığımız reallıq bizə distopik görünür.
Məqaləni bitirərkən yuxarıdakı cümlələrin Covid-19-la həyatımıza toxunduğunu və Vircinya Vulfun keçmişdən bizə bir əl uzatdığını görərik. Dünyanın bütün canlıları, o cümlədən özümüzün necə dəyişdiyini başa düşməyə çalışarkən bu təcrübəni səsləndirən ədəbiyyatın epidemiya və pandemiya yaddaşının keçilməz bir iz qoyduğunun şahidi oluruq. Və yaşadığımız həyatı yenidən sorğuya çəkməyimizə səbəb olur.
Dəniz Pənahova
Yazıya 469 dəfə baxılıb