Sankt-Peterburqdakı Azərbaycan İcmasının sədri, Sankt-Peterburq şəhərinin deputatı Sabir Məsimov Əsəd Cahangirin yubileyini təbrik etdi.
Sankt-Peterburqda yaşayan bir sıra nüfuzlu həmyerlimiz də bu təbrikə qoşuldu.
YENİLİKÇİ VƏ YURDSEVƏR
QƏLƏM SAHİBİ
Əsəd Cahangirin yardıcılığının 30 illiyi və 55 yaşına
Hörmətli Əsəd Cahangir!
Sizin – müasir Azərbaycan ədəbiyyatının görkəmli simalarından birinin, ədəbi-tənqidçi, esseist, şair, publisistin ədəbi-bədii yaradıcılığa başlamasının 30, anadan olmasının 55 ili bu günlərdə tamam olur. Müstəqillik dövrü milli ədəbi-bədii fikrin nəzəri əsaslarının formalaşmasında, ədəbiyyatın yeni anlayış və ideyalarla zənginləşməsində, yeni nəsil yazarların cəmiyyətə təqdimində, Azərbaycan ədəbiyyatının dünyada və dünya ədəbiyyatının Azərbaycanda təbliğində Sizin müstəsna xidmətləriniz var. Təsadüfi deyil ki, yekdil rəyə görə, “Söz”, “Səs”, “Dəmirbaşlar”, “Aprel tezisləri”, “Ölüm-dirim” kimi sanballı esseləriniz, “O Adam”, “Namaz”, “Xarıgülnar” kimi orijinal poemalarınız, “Qədim türk ədəbiyyatının linqvistik poetikası”, “Ağ saç, qara saç”, “On üçüncü gecə”, xüsusən də bir sıra ali ədəbiyyat mükafatlarına layiq görülən “Kim yatmış, kim oyaq” kitabınız müstəqillik dövrü Azərbaycan ədəbiyyatının mühüm nailiyyətlərindən sayılır. Siz vətənpərvərlik mövzularına ardıcıl müraciətlərinizlə İkinci Qarabağ müharibəsində düşmən üzərində qələbəmizin əldə edilməsində öz qələminizlə ilk gündən son günəcən yaxından iştirak etmiş, özünüzün vətənpərvərlik ruhlu əsərlərinizlə milli ordumuzun əsgərləri və xalqımızı qələbəyə ruhlandırmısınız.
Əziz, möhtərəm yazarımız!
Sizi yaradıcılığınızın 30, anadan olmağınızın 55 illiyi münasibətilə təşkilatımız və Rusiyada yaşayan həmyerlilərimiz adından ürəkdən təbrik edir, Sizə uzun və sağlıqlı ömür, yeni-yeni yaradıcılıq uğurları arzulayırıq.
Yazıya 375 dəfə baxılıb