AKİF ABBASOB – VUR-TUT DÖRD KİŞİ

              akif abbasov (hekayə)

Axır ki, Taleh anasının sözünə baxıb razılıq verdi. Neçə gün idi ki, yazıq arvad Talehi kəndə göndərmək üçün  dil tökürdü. O da hər dəfə bir bəhanə gətirib,  xalasıgilə getməyini təxirə salırdı. Axırda insafa gəlib:

-Yaxşı, ana, sabah gedərəm xalamgilə.

-Hə, oğul, demişəm, bir də deyirəm. Bacım metol pendiri, nehrə yağı, kənd yumurtası ayırıb bizimçin qoyub. Üstəlik iki kənd toyuğu, bir hinduşka da kəsdirib. Onları götürüb gələrsən. Bir həftəlik yavanlıqdır. Burada bahasına pul verməliyik. Allah ruzisidir. Xalan həm də səni görmək istəyir. Deyir Talehdən ötrü burnumun ucu göynəyir.

Səhər tezdən anası Talehi oyatdı. Taleh gözlərini ovuşdura-ovuşdura:

-Anacan, nə xəbərdir?! Səhərin gözü açılmamış məni yuxudan eləyirsən.

Ana şirin dilini işə saldı. Talehə nə vardı ki?! Tərsliyi tutar, deyərdi: getmirəm kəndə.

-Bala, xalangilə, kəndə getməlisən.

Taleh o biri böyrü üstə çevrildi:

-Gedərəm də, qaça-qaçdır?

-Bir azdan gün günorta yerinə qalxacaq, istidən nəfəs almaq olmayacaq. Ertə get, tez də qayıt.

Taleh anasına söz vermişdi. Onu incitmədi. Qalxıb səhər yeməyini yeyib avtovağzala gəldi. Bakıya, rayonlara bilet satılırdı, kənd avtobuslarında isə, pulları, gediş haqqını sürücülər özləri yığırdılar.

Taleh Çəpərli kəndinə gedəcək avtobusa çıxdı. Avtobus hələ ki boş idi. İkinci cərgədə sol tərəfdə – pəncərə qarşısında əyləşdi. Sərnişinlər yavaş-yavaş gəlib yerlərini tuturdular. Qabaq cərgələrdə qadınlar oturmuşdular. Lap arxada dörd nəfərlik oturacaq vardı. Həmin oturacaqlarda bir qoca kişi, bir də 20-25 yaşlarında gənc oturmuşdu.

Ağbirçək bir qadın avtobusa qalxıb boylandı. Yalnız dördüncü cərgədə 1 yer və arxa cərgədə 2 yer boş qalmışdı. Qadın Talehin qarşısında dayanıb:

-Ay oğlan, sən niyə burda oturmusan? Taleh təəccüblə ona baxdı, ayağa durmaq istəmədi:

-Bəs harda oturum?

-Qalx, bura qadınların yeridir.

Taleh:

-Dördüncü cərgədə boş yer var, orada əyləşə bilərsiniz.

Qadın onun qolundan yapışdı:

-Sənə dedim ki, bura qadınların yeridir.

Taleh durub yerini həmin qadına verdi. Özü isə, dördüncü cərgədəki boş yerdə oturdu.

Bayaqkı qadın hikkəli idi. Sürücüyə müraciətlə:

-Avtobus qalxmır? – deyə soruşdu.

Sürücü cavabında dedi:

-Xanım, yerlər dolsun, yola düşəcəyəm. Plan verirəm. Boş getməyəcəyəm ki.

-Hə, bildim, üstəlik araları da adamla dolduracaqsan. Birinci dəfə deyil ki.

Sürücü narazı halda ona baxaraq başını yellədi.

Bu zaman avtobusa bir qadın mindi. Boylanaraq:

-Yer yoxdur ki…  – dedi.

Sürücü:

-Niyə yoxdur, var.

Qadın:

-Bir yer arxa cərgədə qalıb.

Sürücü:

-Arxa cərgə yer deyil?

Talehin yerini tutan qadın dönərək Talehə:

-Ay oğul, dur, keç arxa cərgəyə. Ora qadınların yeridir. Kişilərin yeri arxa cərgədəki dörd yerdir.

Taleh onsuz da durub yerini həmin qadına verəcəkdi, amma onun yerində əyləşən qadının ədalı danışığı ona xoş gəlmədi. Ayağa qalxıb həmin qadına dedi:

-Sizin kənddə elə vur-tut dörd kişi var?

Salondakıları gülmək tutdu.

Bakı şəhəri, 9 mart 2021-ci il

 

 

 

 

 

 

Yazıya 228 dəfə baxılıb

Şərhlər

Şərh

Pin It

Comments are closed.