4 noyabr 2021-ci il tarixində Şəhid Bilal Xanlar oğlu Qənbərovun anım günü keçirildi.
İlk olaraq Şəhidimiz Səbail rayonunda yerləşən 51 nömrəli orta məktəbdə anıldı. Məktəb şəhidlərininin xatirəsinə ayrılmış lövhənin qarşısında baş tutan tədbirdə rayon rəhbərliyi, məktəb kollektivi, Şəhid ailələri, valideynlər iştirak edirdi. Bilal Qənbərovun xatirəsi bir dəqiqəlik sükutla yad ediləndən sonra söz Şəhidin müəllimlərinə verildi. Onlar qəhrəman Şəhidimizin keçdiyi şərəfli ömür yolundan danışaraq, gələcək nəsillərə məhz bu yolla addımlamağı tövsiyyə etdilər.
Tədbirin ikinci hissəsində məktəblilərin qəhrəmanlıq, vətənpərvərlik dolu şeirləri dinlənildi, Şəhidlərin xatirə şəkilləri qarşısına çiçəklər düzüldü.
Sonra tədbir iştirakçıları Şəhidimizin uyuduğu Badamdar Şəhidlər xiyabanını ziyarət edərək, məzarı önünə əklillər düzdülər.
Mərasim Şəhidin yaşadığı evin qarşısında davam etdirildi. Şəhid ailələrinin, qazilərin, hərbçilərin, rayon və təhsil rəhbərliklərinin iştirak etdiyi anım günü şərəf tariximizi yazanların ruhuna oxunan dualarla sona çatdı.
Xatırladaq ki, Azərbaycan Silahlı Qüvvələrinin əsgəri, Vətən müharibəsinin şəhidi Bilal Qənbərov 1993-cü il sentyabrın 29-da Bakı şəhərində anadan olub. 2000-2011-ci illərdə Səbail rayonunun E.Əliyev adına 162 nömrəli tam orta məktəbində təhsil alıb.
2018-2020-ci illərdə Azərbaycan Silahlı Qüvvələrinin Beyləqan rayonunda yerləşən “N” saylı hərbi hissəsində müddətli həqiqi hərbi xidmətdə olub.
2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi üçün başlanan Vətən müharibəsi zamanı Cəbrayılın, Hadrutun, Füzulinin və Şuşanın azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. Bilal Qənbərov noyabrın 4-də Şuşa döyüşləri zamanı şəhid olub. Səbail rayonunun Badamdar qəsəbəsində dəfn olunub.
Şəhidimiz ölümündən sonra “Vətən uğrunda”, “Şuşanın azad olunmasına görə”, “Cəsur döyüşçü”, “Füzulinin azad olunmasına görə” medalları ilə təltiflənib.
Şəhidimizin bir qızı yadigar qalıb.
Yazıya 227 dəfə baxılıb