Şəki Kitab Sərgi-Festivalının keçirilməsi planlaşdırılır

anaib-xeber“Azərbaycan Nəşriyyatları Assosiasiyası“ İctimai Birliyinin (ANAİB) idarə heyətinin iclası keçirilib.

kultur.az birliyə istinadən xəbər verir ki, iclasda qarşıda duran vacib məsələlər müzakirə olunub, eləcə də ANAİB-in rəsmi saytının (www.anaib.az) təqdimatı keçirilib.

İctimai birliyin idarə heyəti sədri Şəmil Sadiq IX Bakı Beynəlxalq Kitab Sərgisi ilə bağlı Mədəniyyət Nazirliyinə sistemli müraciətlərin edilməsinin zəruriliyini bildirib.

“Qələm” nəşriyyatının rəhbəri Hafiz Eyyubov sərgidən və ölkə xaricində keçirilən kitab sərgilərindən danışaraq beynəlxalq sərgilərə çıxmağın əhəmiyyətini vurğulayıb. Yaxın aylarda keçiriləcək beynəlxalq kitab tədbirləri barədə məlumat verib. Təkliflər paketinə beynəlxalq kitab festivallarından qonaqlar dəvət olunmasını və xarici ölkələrdəki sərgi ənənələrinin ölkəmizdə də tətbiq olunmasının vacibliyini qeyd edib.

“Çapar” nəşriyyatının rəhbəri Yusif İlhamoğlu jurnal ənənəsinin dirçəlməsi üçün sərgidə xüsusi stendlərin qurulması təklifini irəli sürüb. Sərgi salonunun xəritəsinin QR kod vasitəsilə qonaqlara təqim edilməsinin daha əlverişli olacağını bildirib.

“Ağıllı bala” nəşriyyatının rəhbəri Fatimə Alxaz xaricdən dəvət ediləcək yazıçılar içərisində uşaq ədəbiyyatı nümayəndələrinə yer verilməli olduğunu diqqətə çatdırıb.

“Parlaq imzalar” nəşriyyatının rəhbəri, habelə sədr müavini Nurman Tariq Gəncə və Sumqayıt kitab sərgilərinin eyni vaxtda olmasının zəruriliyini vurğulayaraq bu festivalların ənənəyə çevrilməsinin vacibliyini nəzərə çatdırıb.

ANAİB-in koordinatoru Fizzə Məmmədova ölkədə ən çox oxunan kitabların kateqoriyalaşdırılması və statistikasının aparılması məqsədilə oxucular arasında keçirilmiş sorğunun nəticəsini təqdim edib. Şəmil Sadiq isə sorğunun daha çox kütləyə çatması üçün yenidən aktivləşdirilərək ictimaiyyətə təqdim olunması təklifini irəli sürüb.

İclas müzakirələrlə davam edib.

Yekun qərar olaraq I Şəki Kitab Sərgi-Festivalının keçirilməsi ilə bağlı fəaliyyətə başlamaq qərarı alınıb.

Yazıya 17 dəfə baxılıb

Şərhlər

Şərh

Pin It

Comments are closed.