Aytac İbrahim – Vətənə haray (şeirlər)

aytacYenə kövrəlib o uşaq,

elə ağlar için-için…

Sürünür yollarında, ömrüm-günüm,

elə sürünür, elə dizin-dizin.

Ay insafsız, tapa bilmir bu tifil

axı hardadır, hardadır sənin izin?

Ax-x bu  izlər qanla doldu,

yad tapdadı viran oldu,

axı bu olanlar nədən oldu?!

Atası gəlmədi o izdən,

balası qayıtmadı bu üzdən…

Qan çanağı dizə qədər ,

söylə, kim ötürsün onu sizə qədər?

Sənin qəlbin daşdır, daş!

İllərdir bağırır, eşitmir heç kəs!

Barı sən eşit;

 Deyir  ki, ona olum yoldaş,

yollarında süzüm, elə süzüm ,

qoy xoşlansın, qərənfil düzsün!

 

Deyir, amandır çağırsın məni,

nəfəsini dərsin, sığal çəksin saçıma.

Qovuşaq, ağlaşaq, qoxlasın qızını,

gör neçə ildir, yetim qalıb anasından…

Saçı, başı, üzü, gözü qan anam,

qucağında milyon ər adamına

 nənni deyən öz anam;

Layla istəyirəm,

 öncə nağıl danış,

göydən üç alması düşməyən,

sonu yalanlarla bitməyən,

birdən-birə lap gərçəyə dönüşən…

Yaxın gəlim sıx köksünə,

viranə qalmış sus könlünə.

Öp üzümdən, gözümdən,

Sənə həsrət qalan sözümdən.

Bir az lütf et,

bir az duy.

Qoy  uyuyum qoynunda,

Qarış-qarış çatladılmış boynunda.

Nakam gedən balaların toyunda,

tarixlərin lap dibindən,

92-nin əvvəlindən,

sənə gələn körpələrin boyunca,

səssiz-səssiz köks ötürüm doyunca…

 

 

Şəhid

 

Oğul var, evdən gedər,

Oğul var, eldən gedər.

Arzusu ürəyində,

Xəyalları nakam gedər.

 

Baxma qartal duruşuna,

Sol yanı kədər gedər.

Evdən uzaq diyarlara,

Bir yolluq uçar gedər.

 

Gedər boğçasın yığıb,

üzü cənnətdə bitər.

Nazlı yarə xəbər edin,

Əğyarı göydə süzər.

 

Rəbbə imanınız yoxmudur?!

Sübhə gümanınız yoxmudur?!

 

Ağlamayın, mən şəhidəm…

Sözüm artıq burda bitər…

 

Qadın

 

Bax, əllərim üşüyür …

Dilim də lal olub..

Elə susqunlaşmışam ki,

Doğmalar da yad olub..

 

Görən gözlərim naz edir,

Əbədi yuxumu gözləyir?!

Ruhum atıb özünü dənizə,

Çırpınıb imdadmı diləyir?!…

 

Nə gözəl yaraşdırıb Tanrı

Vücuduna qəm libasını,qadın

Necə də möhtəşəmsən,

 Bu bu libasda sultan kimi ,qadın…

 

Kədərin imdad dilər,getməz

Ruhun cisminə darmı ,görəsən?

Səssizliyini dindirmir ki cəllad,

 Cəllada cəllad olansan,qadın…

 

 

 

 

 

Yazıya 49 dəfə baxılıb

Şərhlər

Şərh

Pin It

Comments are closed.