Sən belə olmalıydın, Allah istədi demək.
Ey varlıqla heçliyi bir bədəndə daşıyan,
Ey yarı bədəniylə iki dünya yaşayan…
Sən sonsuza gedən ruh, bu can, bu bədən yolun,
Yarısındamı qaldın Allaha gedən yolun.
Ey varlığı talanmış, ey can evi tarimar,
Sənin bu görkəmində bir tanrı hikməti var:
Torpağı bölünənin bədəni bölünməli,
Bir əlilə dönməli, bir şikəstə dönməli,
Canından şərəfsizlik damğasını silməli,
Ruhu olan insanın bədəni kəsilməli!
Ağrısını canında duymalı ki vətənin,
Bu vətən yaşayacaq ağrılarında sənin…
Hər kəs bir parıltılı dünya təmənnasında,
Sən ki nur daşıyırsan canının cilasında…
Sən doğran, sən cilalan, parla, sıyrıl, yarıl, çıx,
Səni Allah gözləyir, çırpın ey ruh, darıl, çıx!
.
Nəhayət, kəsildiyi, doğrandığı, cilalandığı bu bədəndən darıldı çıxdı. Elman Tovuzu xatırlayaraq bir hissəsini nümunə gətirdiyim bu şeiri vətən müharibəsi əlillərinə yazmışdım. Elmanı yaxından tanıdıqdan sonra onun da canlı bir qazi obrazı olduğunu anladım. Biz bir ömür bu keçici dünyada bizə göstərilənlərin əbədiyyətdən nümunələr, misallar olduğu düşüncəsindən çox uzaqlaşmışıq. Müqəddəslik məfhumu günümüzün postmodern təfəkkürünə yaddır. Acımasız, azğın bir hiperrealığın içinə düşmüşük. Rasional düşüncəyə tapınma Yaradanın bizə göstərdiyi məcazları anlamaq qabililyytətimizi yox etmək üzrədir. Nə sirləri, nə sehirləri görmürük. Yanımızdakı müasirlərimizin hərəsinin bir əbədiyyət elçisi olduğunu, onlarla olan münasibətimizin bizə hansı görünməz qapıları açıb-bağlaya biləcəyini anlamırıq…Elman Tovuz o müqəddəslərdən idi…Böyük qəlbli şair Mikayıl Bozal Elman Tovuz darıxmasın deyə hər həftə sonları dostlara zəng vurub onun evinə dəvət edirdi. O ev bir ədəbiyyat, mənəviyyat ocağına dönmüşdü. İndi daha yaxşı anlayıram. Adam bizi əslində ziyarətə çağırırdı. Bu dünyamızı da, o dünyamızı da nurlandıra, bərəkətləndirə biləcək bir müqəddəs ziyarətə. Ölüm haqdır! Gələn getməlidir! Elman Tovuz indi bütün ağrı-acılarından qurtulub, öz nurlu cənnətindədir. İtirən biz olduq. O müqəddəs insana daha çox vaxt ayıra bilər, onunla daha çox münasibətdə ola bilər, o böyük mənəvi nemətdən daha çox bəhrələnə bilərdik…Allah rəhmət eləsin!
Yazıya 49 dəfə baxılıb