25 avqust tarixində Respublika Aiditorlar Palatasının Ağsaqqallar Şurasının sədri Çingiz Abbasovun təşkilatçılığı ilə 44 günlük Zəfər tariximizin qəhrəman döyüşçüsü, Şəhid Ramin Nurəhmədovun doğulduğu müqəddəs ocaq ziyarət olundu. Qonaqları qəhrəman oğulun atası Maarif Nurəhmədov, ömür yoldaşı Raya xanım, 9 yaşlı qızı Sevinc və 7 yaşlı oğlu Nurlan qarşıladı.
kultur.az xəbər verir ki, Yeganə oğul övladını döyüşə yollayan Maarif Nurəhmədov nəvələrinin də evinin ən yüksək nöqtəsində dalğalanan Azərbaycan bayrağına, Şəhidin müqəddəs adına layiq böyümələri üçün əlindən gələni edəcəyini qeyd etdi.
Şəhidin xanımı Nurəhmədova Raya “Ramin Şuşanın azad olduğu sevincli xəbəri bizə verəndən sonra Şəhid oldu” deyərək, övladlarını məhz Raminin istədiyi, arzuladığı kimi – təhsilli, vətənpərvər yetişdirəcəyinə söz verdi.
Ziyarətçilər – Çingiz Abbasov, Musa Ələkbərli, Ramiz Qusarçaylı və İradə Aytel Şəhidimizin şərəfli ömür və döyüş yolları ilə tanış oldular, Ramin kimi oğullarla qürur duyduqlarını söylədilər.
Qeyd edək ki, Azərbaycan Ordusunun əsgəri olan Ramin Nurəhmədov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi üçün başlanan Vətən müharibəsində Xocavəndin və Şuşanın azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. Ramin Nurəhmədov noyabrın 2-də Xocavənd rayonu istiqamətində şəhid olub. Qusar rayonunda dəfn olunub.
Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin Sərəncamlarına əsasən “Vətən uğrunda”, “Şuşanın azad olunmasına görə”, “Füzulinin azad olunmasına görə” medalları ilə təltif edilib.
Ruhun şad olsun, Vətən oğlu!
Yazıya 55 dəfə baxılıb