Ramiz Hümmətovun ölümündən bir il keçir

 Azərbaycan mətbuatının tanınmış siması,  “Tovuz Xeyriyyə Cəmiyyəti”nin mətbuat katibi Ramiz Hümmətovun ölümündən bir il keçir. Bu münasibətlə “Tovuz Xeyriyyə Cəmiyyəti”nin üzvləri Tovuz rayonunun Qaraxanlı kəndində olaraq onun məzarını ziyarət etdilər. Mərhumun məzarına tər çiçəklər düzən ziyalılar onun ruhuna dualar oxuyaraq, keçdiyi şərəfli ömür yolundan söz açdılar.

“Tovuz Xeyriyyə Cəmiyyəti”nin sədr müavini Çingiz Abbasov Hümmətovun Azərbaycan mətbuatındakı, Azərbaycan ədəbiyyatındakı, xüsusən də, Cəmiyyətdəki rolundan söz açaraq dedi: “Ramiz Hümmətov uzun illərdir bizim Cəmiyyətin mətbuat katibi idi. Bizimlə çiyin-çiyinə sərhədyani kəndlərdə olaraq, Şəhid, Qazi ailələrinə dəstək kampaniyamızda daim iştirak edirdi. Cəmiyyətin ərsəyə gətirdiyi kitab və jurnallar, bukletlər, dəvətnamələr… hamısı Ramiz müəllimin əlindən keçirdi. O, sadaladığım çap işlərinin təkcə dizaynını vermirdi, eyni zamanda, onları redaktə, korrektə edir, müəllifə və bizə dəyərli məsləhətlər verirdi. Ramiz müəllim eldən getdi. Onun yeri bizim sıralarımızda həmişə görünəcəkdir. Ruhu şad olsun!”

Ziyarət zamanı şair-publisist Məzahir Alıyev Ramiz Hümmətovun şifahi xalq ədəbiyyatına, xüsusən də, aşıq yaradıcılığına bağlı bir ziyalı, söz sərrafı olduğunu qeyd edərək dedi: “Ramiz müəllim sinədəftər idi. Hansı şairdən desən, əzbərində şeirlər var idi. O, həmin şeirləri təkcə əzbərləyib söyləmir, yaşayırdı sanki… Mən Ramiz müəllimi, həm də, çox gözəl qiraətçi kimi tanıyırdım. Çox heyif ki, dəyərli dostumuz, böyük ziyalı Ramiz Hümmətov bizim sıralarımızı  belə tez tərk etdi ”.

Sonra Cəmiyyət üzvləri mərhumun ailəsini ziyarət etdilər.

 

 

Yazıya 94 dəfə baxılıb

Şərhlər

Şərh

Pin It

Comments are closed.