Mikayıl Azaflının barelyefi qoyuldu

Tovuz rayonunun Azaflı kəndində “Tovuz Xeyriyyə Cəmiyyəti”nin təşkilatçılığı ilə sağlığında klassikləşən ustad aşıq Mikayıl Azaflının 100 illik yubileyi münasibətilə ustadın barelyef qoyuldu.

Aşığın doğulub, boya-başa çatdığı, torpağa tapşırıldığı ünvanda həyata keçirilən tədbirdə Mikayıl Azaflının övladları – Hakim Azaflı, Hökmdar Azaflı, nəvəsi Raman Azaflı, “Tovuz Xeyriyyə Cəmiyyəti”nin üzvləri, Tovuz rayon Nizami adına Mədəniyyət Evinin müdiri, A.S.Puşkin adına Tovuz şəhər tam orta məktəbin  direktoru və müəllim kollektivi, Tovuzun ustad sənətkarı Aşıq Qədirin oğlu Abbas Qədiroğlu, şair-publisist Məzahir Hüseynzadə,  Azaflı kəndinin sakinləri, saz-sözsevərlər iştirak edirdi.

Çıxış edən ziyalılar böyük coşğunluqla yazıb-yaradan, aşıq sənətini inkişaf etdirən Azaflı Mikayılı XX əsr aşıq sənətinin ustad sənətkarı adlandıraraq, onun haqqında xoş sözlər söylədilər.

Ustadın 100 illik yubileyi münasibətilə “Tovuz Xeyriyyə Cəmiyyəti”nin təsis etdirdiyi “Mikayıl Azaflı-100” medalını Hakim və Hökmdar Azaflı qardaşlarına təqdim edən, TXC-nin sədr müavini Çingiz Abbasov keşməkeşli həyat yolu keçən Azaflı Mikayılın  1954-cü ildə Moskvada keçirilən Ümumittifaq Musiqi Cəmiyyətinin festivalındakı iştirakından, qazandığı uğurlardan və qazandığı medallardan söz açaraq dedi: “Mövcud quruluşa qarşı olan Mikayıl Azaflı Sovet dönəmində müxtəlif şər və böhtanlara məruz qalaraq azadlıqdan məhrum edilməsəydi, daha böyük uğurlara nail olardı. Ancaq bir həqiqət də var ki, onun zindan həyatının özü də aşıq sənətində, aşıq poeziyasında uğur idi. Mikayıl Azaflının zindan həyatını təsvir edən şeirləri aşıq hələ barmaqlıqlar arasında olan zamanlar da dillər əzbəri idi. Böyük sənətkar Səməd Vurğun deyirdi: Günəşi örtsə də qara buludlar, // Yenə Günəş adlı bir qüdrəti var…. Mikayıl Azaflı da saz sənətinin, söz sənətinin Günəşi idi, qara buludlar onu nə qədər örtməyə çalışsa, aşıq 80-ci illərin ortalarına qədər mətbuat üzünə həsrət qalsa da, parlamağı bacardı.  80-ci illərin sonunda Azərbaycan Televiziyasında aşığın özünün iştirakı ilə yaradıcılığına həsr olunmuş bir saatlıq veriliş efirə getdi. Bundan sonra Azaflı Mikayıl aşıqların IV qurultayında Aşıqlar Birliyinin sədr müavini seçildi,  incəsənətin inkişafında böyük xidmətlərinə görə Azərbaycan SSR Ali Sovetinin Rəyasət Heyətinin Fərmanı ilə “Əməkdar mədəniyyət işçisi” fəxri adına layiq görüldü və sair və ilaxır… beləcə, xalqın aşığa olan sevgisi bu günə qədər öləzimədi, sönmədi, daha da gur yanmağa başladı. Azərbaycan xalqının, burdakı ziyalıların, saz-söz adamlarının, sadə vətəndaşların hamısının qəlbində Mikayıl Azaflı sevgisi, Mikayıl Azaflı yanğısı var. Bu gün burada toplaşanlarla yanaşı, qəlbi bizimlə olan, Azaflı Mikayıl yaradıcılığına, Azaflı Mikayıl ömrünə böyük dəyər verən professorlarımız – Cəmiyyətimizin Ağsaqqallar Şurasının sədri Qəzənfər Paşayev və Məhərrəm Qasımlı mənə zəng edərək təbriklərini buradakı iştirakçılara çatdırmağımı söylədilər. Mən onların da adından xalqımızı, Mikayıl Azaflı işığına toplaşanları bu gün münasibətilə təbrik edirəm!”.

Mərasimin sonunda Mikayıl Azaflının barelyefi önündə xatirə şəkilləri çəkildi.

Yazıya 37 dəfə baxılıb

Şərhlər

Şərh

Pin It

Comments are closed.