IV Uşaq Kitab Festivalı keçiriləcək

10 – 13 aprel tarixlərində Bakı İdman Sarayında artıq ənənəyə çevrilmiş Uşaq Kitab Festivalı keçiriləcək.

“Azərbaycan Nəşriyyatlar Assosiasiyası” İctimai Birliyindən (ANAİB) verilən məlumata görə, 4-cüsü təşkil edilən festivalın təşkilatçıları Mədəniyyət, Gənclər və İdman nazirlikləri, Ailə Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi, ANAİB, sponsoru isə Express bankdır.

Festivala ANAİB üzvü olan nəşriyyatlarla yanaşı, digər nəşriyyatlar da qoşula, öz kitablarını təqdim edə biləcəklər.

IV Uşaq Kitab Festivalında minlərlə kitab 90 %-dək endirimlə təklif olunacaq.

Tanınmış ədiblərin təqdimat mərasimləri, imza günləri, məşhurlarla görüşlər, şeir saatları, uşaqlar üçün nağıl və əyləncə saatları təşkil ediləcək.

Tədbirə 30-dan çox nəşriyyat öz xüsusi stendi ilə qatılacaq. Bu da onminlərlə kitabın, 100-dən çox ədibin iştirakı deməkdir.

Festivalda uşaqlar üçün intellektual master-klaslar, əyləncəli müsabiqələr, oxu saatları və səhnəciklər təşkil olunacaq.

Festivalı digər festival və sərgilərdən fərqləndirən cəhət 3 tematik günün olmasıdır.

Belə ki, aprelin 11-i festival çərçivəsində Milli Geyimlər Günü elan edilib. Məqsəd uşaqlara Azərbaycanın milli geyimlərini tanıtmaq, onlara milli dəyərləri aşılamaq və mədəni irsimizi yaşatmaqdır.

Aprelin 12-si Peşələr Günü olacaq. Məqsəd müxtəlif peşələrin önəmini vurğulamaq, uşaqları müxtəlif sahələrlə tanış etmək və bu sahələrə maraq yaratmaqdır.

Aprelin 13-ü Mənim Nağıl Qəhrəmanım Günüdür. Məqsəd uşaqlara müsbət xüsusiyyətlər aşılamaq, onların fantaziyasının genişlənməyinə kömək etməkdir.

Yazıya 3 dəfə baxılıb

Şərhlər

Şərh

Pin It

Comments are closed.