“Birliyə addım” klubu Gürcüstanın İlia Dövlət Universitetində qeydiyyatdan keçib. Bu klub gənclər və gənclik birliyidir. Klubun əsas məqsədi başqa-başqa tədbirlərlə Gürcüstanın çoxmillətli tələbələrini birləşdirməkdir. Birlik dörd bölmədən ibarətdir: Təhsil, Mədəniyyət, Avrointeqrasiya və Əyləncə. Gənc yazarlar mədəniyyət bölməsində fəaliyyət göstərir, yeni şeirləri və nəsr əsərlərini paylaşaraq müzakirə edirlər. Klub eyni zamanda başqa klublar və təşkilatlarla da əməkdaşlıq edir. Bu tələbə gənclərin fəaliyyəti təkcə sadalananlarla kifayətlənmir, onlar görüşlərinə tanıdıqları, sevdikləri yazarları cəlb edir, eyni zamanda öz əsərlərini də yazar müəlliflərlə paylaşırlar. Onlarla mənim tanışlığım da elə bu səbəbdən oldu.
“Birliyə addım”la ilk tanışlığım…
Təxminən iki ilə yaxın olar, Facebook poçtuma gürcüstanlı gözəl bir xanımdan məktub gəldi. “Siz “Çiçək açan dərdlərim” kitabının müəllifi İradə xanımsınız?”. Mənə elə gəlirdi ki, “Çiçək açan dərdlərim” kölgədə qalan kitablarımdandır. Birinci və ikinci kitabım o qədər qüsurludur ki, onları qüsurlarıyla bahəm sevən, dəyərləndirən olanda çox sevinirəm. Həmin kitabımı Gürcüstanda əldə edən, oradakı səmimi hisslərimdən doğan şeirlərə dəyər verən Nərmin universitet tələbəsi olduğunu söylədi. Sonralar mən Nərmin vasitəsi ilə oradakı ədəbi mühit və “Birliyə addım” klubu barədə məlumat aldım. “Qanlı öpüşlər” kitabımın həmin gənclərlə isti, maraqlı, yaddaqalan təqdimatından sonra onların növbəti dəvətlərinə “yox” deyə bilmədim və çox böyük həvəslə “Birliyə addım”la birliyə tələsdim.
“Birliyə addım”la ikinci görüşümüz…
Növbəti görüşümüz də çox maraqlı oldu. Gənclərin arasında özümü onlardan biri kimi hiss edirdim. Sanki özümün tələbəlik illərim yenidən geri dönmüşdü. Amma başqa şəkildə. Mənim tələbəliyimdən fərqli olaraq burada din, dil, millət məfhumu hökm sürmürdü. Ayrı-ayrı dillərdə danışan bu gəncləri bir məqsəd birləşdirirdi – poeziyaya, sənətə olan sevgi! Görüş İradə Aytellə olmasına baxmayaraq, mən oradakı yaradıcı gənclərlə daha yaxından tanış olmaq üçün gənclərdən öz şeirləri ilə çıxış etmələrini xahiş etdim. Şeirlər müxtəlif dillərdə səslənsə də, bütün məhdudiyyətləri adlayan (adlayacaq) gənclər hamının anlaması üçün elə yerindəcə tərcümələr edirdi. Bu şərəfli işdə də görüşümüzün təşkilatçısı və aparıcısı Nərmin Hüseynovaya və çox istedadlı gənc Oktay Kazımova minnətdaram.
“Birliyə addım”ın şairləri…
Medea Qvilava, Tina Osadze, Mariam Mchedlidze, Tako Gamaxaria, Giorgi Xorava, Zeynəb Kasımova, Zarina Kasimova, Xəyal Nmazov, Coşqun Cəfər, Afayət Afiq, Xalidə Qədimova, Sevil Qəribova, Ali Şükür, Veiss Qarayev və başqalarının iştirak etdiyi görüş barədə yazmağıma səbəb isə orada səslənən şeirlər oldu. Yuxarıda qeyd etdiyim etmişəm, bu gənclik mənim gəncliyimdən fərqli olduğu kimi (mənim tələbəliyim döyüşə, müharibəyə, millətçiliyin qatı vaxtlarına rast gəldi…) yaradıcılıqları da fərqli idi. Bu, azad ruhlu, azad təfəkkürlü gənclərin şeirləri də azad, nikbin, sevgi dolu idi. Gözəl xanım, istedadlı yazar Medea Qvilavanın “Məni dəyişməyə çalışma” şeirinə diqqət edək (gürcü dilindən tərcümələr Nərmin Hüseynovanındır):
Məni böyütməyə, məni dəyişməyə çalışma,
Tam başqa rəngdədir mənim həyatım…
Mən hələ də xəyalla səmayla oynayıram
Hələ olmayıb belə uşaqlığım.
Boşluğa yalandan düşmək istəmirəm,
Burda sizin həyat tam ağ-qaradır
Maska istəmirəm, buraxın, əl çəkin,
Mənim uşaqlığım daha yararlıdır
Mənə toxunmaq, öpmək istəyirsən?
Düşün,bəlkə də bu çox çətindir
Məni düşündüyün kimi qəbul edəsən
Mən utanmıram, uşaqlıq mənimdir.
Mənim dünyam əlvan, mənim arzum böyük,
Əlini ver mənə, gedək biz, qaçaq biz,
Bir az uşaqlıq edək, qorxursan bəyəm?
Sənə rənglərdən göstərim dəniz.
Gitara quraq, la, la, la utanırsan?
Gəl gedək, qaçaq, küçədə uzanaq,
Ucadan qışqıraq, “sevirəm, Niblia”
Gəlirsən? Qorxma, kimsəyə deməm
Bir az uşaqlıq edək
Bir sən, bir mən.
Şeirdən göründüyü kimi, müəllif azadlığa, saflığa, Öz olmağa necə yüksək dəyər verir. O, çox inadla “məni dəyişməyə çalışma” deyir. O, qarşı tərəfi də bu azadlığa, bu sevginin ənginliyinə səsləyir. Belə bir gəncliklə irəliləmək nə gözəldir, deyilmi? Hərdən mənə elə gəlir ki, dünyanı məhz belə gənclik xilas edəcəkdir. Dinindən, dilindən, irqindən, milliyyətindən seçilməyən (seçilməyəcək) gənclik. Yalniz insanlığa, insaniyyətə dəyər verən, sevgi verən gənclik. Dininə, dilinə, milliyyətinə fərq qoymadan “Ana”nı ana bilən, “Vətəni” vətən olaraq ucalarda tutan, barışa qanad olan gənclik. Bu arada öz birliyimiz yadıma düşdü – Uluslararası Aktivist Sanatçılar Birliyi! Dinindən, dilindən, irqindən asılı olmayaraq, insanları barışa səsləyən birliyimiz.
Yenə bir gözəl, gənc xanımın – Tina Osadzenin şeirini azərbaycanlı oxuculara təqdim edirəm:
Çətindir hüznə cavab vermək,
Daha başqa, daha fərqli küləyə…
Heyfslənəsən dünyavi hissləri
Nə vaxt ki, versən saniyələrə.
Və yenə də cavabsız qoyur,
Hər bir cəhdini ya istəyini
Hiss etmək bəxtinin dalğatək
Fələkdən sonuncu əsməsini.
Və yenə də cavabsız hüznü
Çətindir verəsən küləyə
Çətin öyrəşəsən fırtınaya,
Çətindir qurban olasan saniyərə.
Bu nümunədə də bir gəncin üsyanını, özünü heç bir çətinliyə qurban etməyəcəyini, həyatla mübarizə aparacağını görürük. Demək ki, Tina da şeirlərindəki özünü – mübariz, mətin özünü bədii dillə göstərməyi bacarır.
Xəyal Namazov isə Gürcüstanda təhsil alan və orada yaşayan gəncdir. Xəyalın harada doğulduğu, harada böyüdüyü və s. mənim üçün maraqlı olmadığı kimi, əminəm ki, oxucuları da ilgiləndirməz. Ona görə ki, Xəyal da gələcəyə inanan, mətin addımlarla addımlayan insanlar arasında heç bir ayrıntıya yol verməyən gənclərimizdəndir. O gürcü də ola bilər, türk də, rus da və s. O, Tiflisdə də doğula bilər, Bakıda da, Moskva da da… Nə fərqi! Əsas olan o ki, o insanlığa və sənətə sevgisini verən yaradıcı bir gəncdir.
Xəyalın da poeziyası tam fərqli və azaddır:
Yenə ”içəndə”
Və sərxoş olanda,
Gözlərim iki görür,
Cütləşdirir təkləri.
Hər şeyin sayını ikiyə çıxardır.
Göydə iki günəş, iki ay
Sayılmaz ulduzların sayı
Bir o qədər artır.
Yeddi milyardlıq insan,
On dört milyarda çatır.
Bütün xoşbəxtlər, iki dəfə xoşbəxt,
Bədbəxtlər bir o qədər bədbəxt olurlar.
Tənhalar iki dəfə daha tənhalaşırlar.
Görüş vaxtı uzanır,
İntizar, həsrət kvadrata yüksəlir.
Yolların sayı artır,
Evin yolunu tapa bilmirəm
Azğınlığım ikiyə yüksəlir.
Yenə ”içəndə”
Və sərxoş olanda
Hər şeyi ikiləşdirən gözlər
Səni TƏK görür.
Şərab da gözəldir, sərxoşluğu sən olunca.
Coşqun Cəfərov da bizim qürurverici gənclərimizdəndir. Həm də daha inadkar, daha özünəgüvənli gənc. Coşqunun da özünəməxsus, çox maraqlı yaradıcılığı var. Onun Tiflisə xitabən yazdığı “Tiflis” şeiri qədim Tiflisə olan sevgi, sayğıdan yaransa da, sevimli şəhərinə üsyanından da xəbər verir. “Umulan yerdən küsülər” axı… Coşqun Tiflisi sevdiyi qədər də, ondan sevgi və diqqət umur. Təqdirəlayiq şeirdir:
Tiflis,
Mən səndə yaşayıram,
Sən də məndə.
İkimizdə pis gündə.
Tiflis, səndə hamı boşdu,
Baxma hər gün dolu yağır.
Tiflis, səndən hamı qaçdı;
Kür dəli olub çöllərə düşdü,
Qalıb kasıb,
şikəst,
fağır…
Tiflis səndə paylayan yox,
Hamı çalır,
çapır,
yığır…
Həqiqət sonsuza dönüb,
Yalan ildə beşin doğur.
Tiflis, səndə qoyunları
Çoban yox, canavar sağır…
Tiflis, mindən çox yaşın var,
Özünü uşaq kimi aparırsan.
Tiflis, heç utanırsan?
Ev-eşiyini qızın saxlar,
Vicdan əzabı yeməkdən
Oğlunun dişləri laxlar…
Tiflis,
Mən səndə hər şirin çay içəndə
Acı çəkirəm.
Çünki səndə acı çəkənlər,
Gündə üç dəfə şirin çay içənlərdir.
Tiflis, sənin sakinlərin hərbi xidmətə getməsələr də,
Silah atmağı hər kəsdən yaxşı bacarırlar;
Səndə hamı qəpiyə güllə atır…
Tiflis, sənin sakinlərin axşam-səhər içirlər,
Amma kefdən yox,
Restoranda, evdə yox.
Küçədə, tində,
Pis gündə…
Və nə mənim sağlığıma,
Nə də sənin sağlığına.
Sənin sakinlərin axşam-səhər içirlər,
Ölən vətənin sağlığına!
Tiflis, vətən bizim üçün insanın doğulduğu yer yox,
Öldüyü yer də deyil.
Vətən bizim üçün insanın azad, azad, azad olduğu yerdir.
Vətən yalnız hündür, uca binaların tikildiyi yer yox,
Xaraba olmuş könüllərin abad olduğu yerdir.
Tiflis,
Səni and verirəm
Hər səhər məsum uşaqlarının üzündə batan günəşə,
Ya azad yaşa, bizi də azad et,
Ya da bu ölkədən çıx get…
Bu qədər, əziz oxucular! “Birliyə addım”ın məram və məqsədlərinin həyata keçməsi üçün hamımız çalışmalıyıq. Axı onlar sevginin, barışın, həyatın özüdür! Gəlin bu Özə biz də öz olaraq qatılaq!
İradə Aytel
Yazıya 1330 dəfə baxılıb