Bu gün əfsanəvi diktor, Azərbaycanda peşəkar diktorluq məktəbinin yaradıcısı Aydın Qaradağlının 85 illik yubileyi qeyd olunur.
Qeyd edək ki, 17 yaşında diktor olmuş Aydın Qaradağlı uzun ömür yaşamasa da, Azərbaycan mədəniyyətində səsinin rolu olduqca böyükdür. Onun səsi Azərbaycan mədəniyyətinin, şeir və hekayələrin, ədəbiyyatın təbliğat və təşviqat carçısı simvoluna çevrilib. Aydın Qaradağlı istər rəsmi mövzuları, istərsə də bədii əsərləri dinləyicilərə böyük məharətlə çatdırırdı. İşində Kazım Ziya aktyor məktəbini nitq sənəti ilə özünəməxsus ustalıqla vəhdətləndirən Aydın Qaradağlı diktor peşəsini incəsənət zirvəsinə qaldıra bilib. Görkəmli sənətkar, sadə insan Azərbaycan xalqının böyük hörmət və məhəbbətini qazanıb. Hazırda respublikada tanınmış diktorların əksəriyyəti məhz Aydın Qaradağlı diktor məktəbindən bəhrələnib. Bu gün də Aydın Qaradağlı fenomeni diktorlarımız tərəfindən araşdırılıb işlərində tətbiq olunmaqdadır. Bu böyük insan Azərbaycanda diktorlar arasında ilk dəfə olaraq Əməkdar artist adına layiq görülüb.
Saytımız bu münasibətlə şair Vüqar Əhmədin Aydın Qaradağlıya həsr etdiyi şeiri sizə təqdim edir.
Ilahiydi aydın səsi,
Cəzb edərdi hər bir kəsi.
Uca Rəbbin səs töfhəsi,
Qaradağlı Aydın idi,
Səsi həzin, aydın idi.
Sehrlərdi bu səs bizi,
Obamızı, elimizi.
Ovsunlardı qəlbimizi.
Qaradağlı Aydın idi,
Səsi həzin, aydın idi.
Gül təkindi xoş avazı,
Balaları güllü yazı.
Dahi olub Xan babası,
Qaradağlı Aydın idi,
Səsi həzin, aydın idi.
Səsi əzan sədasıydı,
“Humayun”un nəvasıydı.
Vətən-ömür mənasıydı,
Qaradağlı Aydın idi,
Səsi həzin, aydın idi.
Güneydə də sevilərdi,
Qəlbdə həsrət- Vətən dərdi.
Hamını doğma bilərdi,
Qaradağlı Aydın idi,
Səsi həzin, aydın idi.
Bu səs necə ulu idi,
Nağıllarla dolu idi.
Haqq-ədalət yolu idi,
Qaradağlı Aydın idi,
Səsi həzin, aydın idi.
Yaşamağa artdı həvəs,
Ilk dəfəydi radiodan-
eşidildi nəğməli səs,
Qaradağlı Aydın idi,
Səsi həzin, aydın idi.
Iki qızı, bir oğulu,
Şirin-şəkər üç noğulu
Bitdi həyatın nağılı.
Qaradağlı Aydın idi,
Səsi həzin, aydın idi.
Səsi qızıl, cəvahirdi,
Sənətində o, mahirdi.
O yazardı, o şairdi.
Qaradağlı Aydın idi,
Səsi həzin, aydın idi.
Ürəkləri o dağladı,
Ölümünə el ağladı.
Ağı deyən dil ağladı,
Qaradağlı Aydın idi,
Səsi həzin, aydın idi.
Əlli yaşda köçdü- getdi,
Xalqı üçün nələr etdi.
Soyuq qışda ömür bitdi,
Qaradağlı Aydın idi,
Səsi həzin, aydın idi.
Əhər,Şuşa soyu,kökü,
Ürəyiydi Xızı, Bakı.
Qəlb yoxuymuş qəlbi təki,
Qaradağlı Aydın idi,
Səsi həzin, aydın idi.
Cabbarlının “Ana” şeiri,
Möcüzədir səsin sehri.
O sevdirdi bizə şeiri,
Qaradağlı Aydın idi,
Səsi həzin, aydın idi.
Səksən beşdir bu gün yaşı,
Nəvəsi –Aydın adaşı.
Səsi –bir xalqın yaddaşı,
Qaradağlı Aydın idi,
Səsi həzin, aydın idi.
Qürurluymuş, Vüqarlıymış,
Qarabağlı. həm Dağlıymış.
Türk dünyasına bağlıymış.
Səsi həzin, aydın idi.
Qaradağlı Aydın idi.
19.08.2014
Aydın Qaradağlı-85
Yazıya 1957 dəfə baxılıb