Saday Şəkərli – Sənə də baharın yelləri dəyər

sadayÖmrünün 55 illiyində oxucularını bir kitab şeir ilə (“Səni sevənlərin hamısı sənsən”. “Elm və Təhsil” nəşriyyatı-2014) sevindirən tanınmış şair Saday Şəkərlinin 5 sentyabr tarixində doğum günüdür. Şairi bu münasibətlə  Kultur.az elektoron dərgisi əməkdaşları və oxucuları adından təbrik edir, yaradıcılığında daim uğurlar arzulayırıq. Aşağıdakı şeirlər isə şairin əziz oxucularına ad günü ərməğanıdır!

***
Bir vaxt cığırların toyuna getdim,
vayına getmişdim, görən olmayıb,
bu toya deyinə-deyinə getdim,
nə yaxşı yuxuma girən olmayıb.

Mənim dərdlərimin boz şəkilləri,
şabaş əvəzinə pula dönəcək,
gözümə çəkdiyim qız şəkilləri,
cığırdı, böyüyüb yola dönəcək….

Yollar dar gələrdi ayaqlarıma,
daşına, tozuna qısqanardılar,
məni bu dünyanın dayaqlarına,
bir cığır qızına qısqanardılar.

Bir də ayıldım ki, başıma çıxır,
ağaran saçlarım qar olur, axı,
bir vaxt ayağıma dar olan cığır,
bu günlər başıma dar olur, axı.

Hər izin haqqı var toy libasında,
muncuqtək təsbehə düzməyim gəlir,
bu gün yol toyunda, cığır yasında,
belədən beləyə süzməyim gəlir.

 

 

 

***
Bu axşam başına havamı gəlib,
mən nədən çıxmıram yadından, dünya?
Nəslimin, kökümün davamı gəlib,
sən ha sal bu köhlən atımdan, dünya.

Köhlənim belində yəhər olmusan,
işığı gizlədən səhər olmusan,
sən ilan ağzında zəhər olmusan,
mən niyə doymuram dadından, dünya?…

Qeyb oldu qismətdən yoğrulanlarım,
tüstü, dumanından boğulanlarım,
ağladı hər dəfə doğulanlarım,
sevinən görmədim adından, dünya.

Söz kimi sevənlər müqtədir olub,
bu yolda açılmaz neçə sirr olub,
özün biə-bilə anam bir olub,
sən doğdun məni min qadından, dünya.

Nə ceyran ovladım, nə cüyür, tülək,
öz oxu başına dolandı ürək,
hər səhər külümü süpürür külək,
hər gecə yanıram odunda, dünya…

 

 

***
Adamı bir də öləndə soyundururlar,
utanmağa yox hacət,
ədəb-ərkan keçmişdə qaldı,
keçmişdə qaldı qeyrət, cəsarət,
utanırsan öldüyündən, bilirəm,
barı dərdini qoruyub saxlayaydın əynində,
dərd həmişə həyan olmur,
paltarın olaydı kaş bir gün,
indi kəfənin olub,…
yaxşı bax, son geyiminə
əynindən sürüşməsin,
ey insan son libasına,
çalış, ləkə düşməsin.
***
Sənə də baharın yelləri dəyər,
gizlədə bilməzsən çiçəklərini,
səpib ətir kimi üstünə gəzmə,
kipriyin ucundan çisəklərini.

Bir sevgi toxumu əkmədim, allah,
baxma işim-gücüm ləklədi, allah,
baxtımı sınağa çəkmədim, allah,
qopardıb atmadım ləçəklərini….

Bezdim küsmələrdən, barışmalardan,
səsimə səs verib qarışqa hardan,
zəhməti öyrənib qarışqalardan,
sevgiyə öyrətdim böcəklərini.

Yenə bulud kimi dolub gözəllik,
hər yerdə, hər zaman qalib gözəllik,
başımın üstünü alıb gözəllik,
geyinib cəlladtək əlcəklərini.

Ay təkin nur saçan baxtıdı indi,
boş qalan bir şahlıq taxtıdı indi,
bu gülün çoxalan vaxtıdı indi,
ya Rəbb, əsirgəmə küləklərini…

 

***
Mənim şeirlərim heç böyümədi,
özümtək gözünü bərəldib baxdı,
baxma ki, bu dünya qocadı-nədi,
mənim şeirlərim hələ uşaqdı.

Həll edə bilmədi misallarını,
qəzəbdən dünyaya dağıl, deyirəm,
alıb qucağıma misralarımı,
uydurub, hər axşam nağıl deyirəm….

Bu viran qalmışın hər yeri köhnə,
köhnə yaralarım qanadır hər gün,
eşib dırnağıyla baxtımı köhlən,
bir təzə döyüşə can atır hər gün.

Hər şeir söz deyil, bal dada bilmir,
süd haqqı kimidir sözün qiyamı,
nədən uzaqları aldada bilmir,
nədən uşaqları aldadır hamı?

Yetər ünvanına arzu, kam kimi
quşun dimdiyində dənə bənzəyir,
mənim şeirlərim öz balam kimi,
elə uşaq qalıb mənə bənzəyir….

 

 

***
Sübh yeliynən yellənmişəm,
dil çıxardıb dillənmişəm,
sular təkin sellənmişəm,
gör nələr çəkirəm, dədə.

Çiçəkləri açıb gedən,
gözümdən su içib gedən,
yarpaqları uçub gedən,
palıdam, çəkiləm, dədə.

Yurd deyilən qəfəsim var,
bülbül olmaq həvəsim var,
küləyəm, öz nəfəsim var,
nə közəm, nə küləm dədə.

Çəkdiyini gözüm biçib,
içib göz yaşıtək, içib,
əkdiyini özüm biçib,
təzədən əkirəm, dədə.

Dənəm, atdın, cücərirəm,
kökün, ruhun, içərinəm,
gül dərdini becərirəm,
qurduğun ləkinəm, dədə.

Oğlunu haqdan asıblar,
min ildi, çoxdan asıblar,
vurduğun mıxdan asıblar,
indi bir şəkiləm, dədə.

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

Yazıya 963 dəfə baxılıb

Şərhlər

Şərh

Pin It

Comments are closed.