Nə sən, nə vətən…
nə sən keçirsən ağlımdan
nə də vətən bu aralar…
qonşuda körpə ağlayır
nə dil qanır, nə də ağız-
Allah bilir, nə dərdi var
iki dilənçi gördüm bayaq
biri susaraq dilənirdi
o biri yalvararaq
20 qəpiklə pozdum sükutu:
“Allah səni xoşbəxt eləsin!”
bulvarda
bircə hava alanda
əlimin cibimə ehtiyacı olmur
dəniz dalğalanır
aylıq maaşımızı hesablayıram
kredit borclarımızı
ödəyəndən sonra
bəs edəcəkmi bir ay dolanmağa
hava hikkəsindən qaralır…
yolpulu qalxır deyirlər
bir dilim çörək az yeyək
bir çimdik duz az işlədək
günümüz yollarda keçir
yamandıqca sırtılan yollar
yenə cibimizi sağır
yenə qanımızı içir
addımlarım
daş kimi düşür
asfaltın başına
evə dönürəm ağır-ağır
nə sən keçirsən ağlımdan
nə də vətən…
*****
Əllərin
hər dəfə
əllərin toxunduqca yanaqlarıma
sildikcə göz yaşımı
utandım onlara əzab verməkdən
təbəssümün düşməni kədər imiş-
gündüzdən qorxan yarasa kimi gizlənər o
gülümsəsən
günəş doğsa qəlbində…
gülə bilsən
silahın qəhqəhələr olsa
əliyalın düşmən kimi geri çəkilər
kədər
gülüşüm gözlərimə qayıtdı
qaranquş öz yuvasına qayıdan kimi
əllərin unutsun göz yaşımı
sərçələr qaranquş yuvasını unudan kimi…
*****
Dekabr ayı
Yeni fəsil gəlib
yeni ay
və yepyeni gün…
təkcə günəş köhnədir
bizim evdə saat yatır
təqvim dünəni göstərir…
divar kağızımız köhnə
günəş ölür pəncərəmdə
hava boz üzünü göstərir…
divar kağızlarının solğun bənizinə
baxaraq anlayıram:
bu dünyada
köhnə tarixli təqvim
və yatmış saat qədər
kədərli heç nə yoxdu…
*****
MƏN HEÇ BÖYÜMƏDİM Kİ…
Mən heç böyümədim ki…
atam yaxşı-yaxşı işlərdə
işlədi
yedi, içdi
hər içəndən sonra
anamın başında yumruqlarının
şişi böyüdü
atam gözlərimdə kiçildikcə
gördüyüm dəhşətlərdən
gözlərim böyüdü
mən heç böyümədim ki…
çoxaldı evimizdə stollar
qab-qacaqlar
qədəhlər çoxaldı
yemək qazanları böyüdü
dostlarının vəzifəsi böyüdükcə
içki məclisləri çoxaldıqca
evimizdə…
ayaq üstə durmaqdan
zülm çəkməkdən
anamın qarnındakı şiş böyüdü
mən heç böyümədim ki…
füzulidən
zakirdən
oxuyardı atam
sözü yalnız söyüş bilən
polis rəislərinə
bazar müdirlərinə
evimizdə nə qədər poqonlu, vəzifəli
yal itinin qarnı böyüdü
yeməkdən, içməkdən
mən heç böyümədim ki…
bişirdiyi yeməklərdən
çatmazdı anama
durub bir küncdə içini yeyərdi
gecələr səssiz ağlayardı
kimsə eşitməsin deyə
ancaq bir Allah
bir də mən bilirdik
anamın ağladığını
yaxınlaşıb gözlərini
silərdim əllərimlə
göz yaşları ovcuma düşdükcə
atam gözümdən düşərdi.
aylar belə keçdi
illər belə keçdi
və bir gün…
atam arağı tərgidən gün
uşaqlığım özünü asdı
köhnə məhləmizdəki
ərik ağacının budağından…
Yazıya 698 dəfə baxılıb