Məmməd Aslan — Söz qəsrində qovğa

aslan mem

Şair səlahiyyəti

Zamandan dikələn əyrini, düzü
Şair deməyəcək, bəs kim deyəcək?!
Xalqın dar günündə gərəkli sözü
Şair demədisə, him-cim deyəcək!

Gəlib hay verməyə min haya şair!
Dilmancdı qövmünə,dünyaya şair!
Tanrıdan vergili, övliya şair
Müəmma çözəcək, tilsim deyəcək!

Şair öygüsünü  Peyğəmbər verib:
Yarımpeyğəmbərə bərabər verib:
Şairə misilsiz bir dəyər verib!
Hər düyüm açmağa bir çəm deyəcək!

Şair  gözlərini zillər tək yönə!
Büdrəməz, başına min kötək enə!
Min belə dünyadan bir ovuç dənə
Şair olan kimsə ”bəsim” deyəcək!
Şeirindən halallıq gözləyən şair,
Söz əkib, söz biçib, söz ”döyən” şair
İlahi dərgahdan səs duyan şair:
”Yetişsin hər kəsə səsim”  deyəcək!

Ovandım bir şair, tərsim bir şair!
Hər ud bir şairdi, hər sim bir şair!
Nəsimi bir şair, nəsim bir şair!-
Nəsimi susarsa, nəsim deyəcək!

Haqqına qailsə hərgah bir şair,
Tanımaz ta özgə dərgah bir şair!..
Süfrələr pişiyi– məddah bir şair
Hər nə deyəcəksə,sərsəm deyəcək!

Hər amirdən uca Füzuli düha!
Sultanlıq tacından sarığı baha!!!
Dağ olub axnayar başımıza ha!
O zaman hər sözü mübhəm deyəcək!

Sözdən əvvəl düşün söz arxasını!
Sümbələ, təmizlə fikrin pasını!
Lafın sarehini, sözün xasını
Məni yandırsanız, tüstüm deyəcək!

Xəzinələr yatır sözün bağrında!
Mən nələr çəkmədim xam söz uğrunda?!
Deyə bilmədiyim sözümü sonda
Şerimdən boylanan əksim deyəcək!

Hər şair fırtına, hər ömür dastan!
Çırpıl qayalara, döz,Məmməd Aslan!
Qəlbinin siminə köklən: nə çalsan!
Bir sim kirisə də, bir sim deyəcək!

Dəlidağsız

Yeri-yeri, dağlar, səndən küsmüşəm:
Dağlar, əsirgədin qarı da məndən?!
Qurbani

Onun ilqarına bel bağlamışdım,
Deyirdim:gül açmaz o dağlar mənsiz!
Mən ondan kövrəyəm,o məndən yuxa;
Mən onsuz ağlaram,o da ağlar mənsiz.

Dözməz məndən betər Dəlidağ dərdə,
Bülbüllər oxumaz mənsiz o yerdə!
Ağlar hönkür-hönkür,kiriməz bir də!
Ocaq ağlar mənsiz,od ağlar mənsiz.

Məmmədəm,soğulmaz bir daş bulağam;
Loğman nəfəsindən çağlayam,axam…
Dağın sinəsində çal-çarpaz dağam:
Silinməz bağrımdan o dağlar mənsiz!

Türklüyün kərkük dərdi

Nə zaman ki Kərkük gəlir ağlıma:
Boğazlanan bir Türk gəlir aglıma;
Füzuli bağını viran edənin
Alnı üçün tükrük gəlir ağlıma!

Ali AKBAŞ.
(Türkiyə)

Şair Ali AKBAŞ elə hönkürdü,
Alışdı bağrının başı Kərkükün.
Çəkdiyi məşhəri təzədən gördü:
Çağladı gözünün yaşı Kərkükün.

Tükün bir parçası olduğu halda,
Kərkük yetim qaldı qovğada-qalda.
Sarsıldı varlığı minbir zavalda,
Daş üstdə qalmadı daşı Kərkükün.

Onun köhnə dərdi təzədir yenə,
Kərkük dönük çıxmaz öz dediyinə!
Xoyratlar dikəlib söz gədiyinə!
Bayatı yaddaşı,huşu Kərkükün!
Kənara çəkildi doğma qardaşlar,
Başında üyündü qayalar,daşlar.
Baxıb dağ-dağ oldu Ali AKBAŞLAR,
Anlamaz dərdini naşı,Kərkükün…

Həm torpağı xoyrat,həm göyü xoyrat!
Aldığı nəfəsi,həm suyu xoyrat!
Fikri-düşüncəsi,hər şeyi xoyrat!
Xoyratdı xəyalı,düşü Kərkükün!

Kərkük özü boyda bir kəramətdi!
Kərkük xoyratıyla ta bizə bənddi!
Birimiz dırnağıq,birimiz ətdi;
Qonmaz özgəsinə quşu Kərkükün!


ZARINCI GƏRAYLI

Təbrizin görkəmli şairi Xosrov Sərtibi səkkiz yaşında ikən doğma yurdu Kəleybərdə bir saz-söz məclisində aşığın dilindən Abbas Tufarqanlının ”Abbas ağlar zarı-zarı” gəraylı  misrasını ilk dəfə eşitdiyindən   üzü bəri o gəraylı  hər səsləndirildikcə  zarı-zarı  hönkürməkdən  özünü saxlaya bilmir. Bir dəfə də böyük  söz sərrafının  dəfn olunduğu Yuva dağının ətəyində həmin gəraylını  mən oxuduğum zaman Xosrov bəy fəryad qopartdı. Bu gəraylını o münasibətlə yazdım:

”Abbas  ağlar zarı-zarı,”
Sən ağlama  barı, Xosrov!
Ağladıqca  azalmasın
Gözlərinin  nuru,Xosrov!..

Dağ  dağılar, daş olmasa;
Zirvələnib baş olmasa.
Göz quruyar,  yaş olmasa:
Gözyaşını qoru, Xosrov.

Ümid yenə sözə qalır…
Söz qaldıqca bizə qalır!!
Yüz illərlə təzə qalır
Söz bağının barı, Xosrov.

Söz çəmənzar, Abbasarı:
Aydan arı, sudan duru!
Yardan bizi,  bizdən yarı
Ayırmasın tarı,Xosrov!

Məmməd,dikəl,dərd dağı dur!
Sel coşduqca dərd dağıdır…
Yuva dağı dərd dağıdır:
Yarı Abbas; yarı Xosrov.

SÖZ  QƏSRİNDƏ QOVĞA

Zəlimxan YAQUBA.

Borçalı elində yollar aradın:
Fəhminlə qovuşdun sirdaş dünyaya.
Dünyanın özü də müşkülə düşüb,
Sözünün sehriylə fal aç dünyaya!

Sözdən qala tikdin sözün içində!
Baxdın ki,qalmısan özün içində:
Qapı-pəncərəsiz gəzin içində…
Bu söz qalasından yol aç dünyaya!

Söz dərddi,möhnətdi,bəs nə bilmişdin?!
Qəlbini söz dolu təşnə bilmişdin!
Söz nə qüdrət imiş,səs nə bilmişdin?!
Sözünlə taparsan əlac dünyaya!

Gülşən qönçələndi əl izində də!
Misralar göyərdi yol-izində də!
Sözün bağrında da; çöl üzündə də
Yeni bir büsatla gül aç dünyaya!

Yenə sözə söykən,Rəbbini dinlə!
Sən elə bağlısan, el də səninlə!
Meydan aç,Zəlimxan,var qüvvətinlə
Bu zalım dünyaya,qəllaş dünyaya!

BİR QOM BƏNÖVŞƏ

Bənövşənin ulu tərənnümçüsü
Aşıq Qurbaniyə.

Şaxtadan sıyrılıb,yaza çıxmısan,
Görüşə gəlmisən yenə,bənövşə.
Gözəl görkəminə tamaşa üçün
Mələklər səcdənə enə,bənövşə!

Xəyala qanadsan,qəlbə təsəlli!
Üç-beş  günlük ömrün necə get-gəlli
Xoş yuxu gördüyün  gözündən bəlli:
Haqq yorsun yuxunu çinə,bənövşə!

Gəlmisən,bir daha heç hara getmə!
Getmə,qoyub məni biçarə,getmə!
Bir rəhmin gəlməzmi naçara,getmə;
Qur sinəm üstündə binə,bənövşə

Alqış qaladığın çiçək tonqala!
Bu ocaq sönməyə,beləcə qala!
Gözəllik,ömrünü qoruyan qala!
Bəh-bəh bu şöhrətə,ünə,bənövşə!

Dağ səni bəsləyib yar qanı ilə,
Qoruyub çovğundan yorğanı ilə.
İlanın nə işi Qurbani ilə?!
O da qəhr elədi sənə,bənövşə.

Əldən nə gələr ki; bu,çönən çarxdı:
Tərsinə döndükcə gözlərim qorxdu…
Mənim Nərgiz dərdim onsuz da çoxdu,
Barı sən çatdırma minə, bənövşə!

Hanı o dağların: Dəlidağ, Qoşdaş?!
Hər biri səninlə ürəkdən sirdaş!
Bir də qayıdaydıq o Cənnətə kaş!-
Bələdçi olaydın mənə,bənövşə!
Dərdimə yağan qar əriməz oldu,
Yurdsuz yaşamaqdan ölüm fərz oldu…
Yollara baxmaqdan göz görməz oldu:
Həkimə,loğmana dönə bənövşə!

Can alan tək sənsən,səndən digər yox!
Gözəllər səfində səndən dilbər yox!
Dağda bənövşəsiz əl boyda yer yox:
Yal-yamac bənövşə,sinə bənövşə.

Bənövşə gəlincə nələr gələcək!
Göydə Günəş,yerdə torpaq güləcək!
Dənzərər bir ucdan min-min gül-çiçək:
Çəkər tay-tuşunu önə bənövşə.

Açandan-solana bənövşə qönçə!
Canıma can qatdı ömür boyunca.
Uzanan bir əldən ikrah duyunca
Qaçıb qucağıma sinə bənövşə.
Ürək  təslim ola,söz təslim ola,
Önümdə bənövşə hər mövsüm ola!
Dünya bənövşəli təbəssüm ola:
Səssizcə danışa,dinə bənövşə!

Onda ki,qayıdar verib qol-qola,
Bulud da kövrələr:gözləri  dola…
Məmmədi özüylə apara,nola?!
Bu gündən qaytara,dünə bənövşə.


Gəncə

SON KEÇİD

Bir azdan bənövşə baş qaldıracaq,
Hara tələsirsən, divanə könül?!
Bənövşə ətrinə bələnmək üçün
Bir də gələmməzsən cahana,könül!

Qalarsan bir dibsiz quyu içində,
Geriyə dönüş yox ölüm köçündə
Həyat çırpınırkən burnun ucunda
Ürək gərək dözə,dayana,könül!

Könülsüz yaşamaq dərdin biri də;
Buz dağıydım,Gün doğmadı:əridə…
Bənövşə geridə,nərgiz geridə,
Üz tutub gedirsən hayana,könül?!

Yaşamadan ölmək minqat ölümdü!
Sağ ikən məşhəri çəkmək zülümdü!
Məni məndən alan bu nisgilimdi:
Daha nə söyləyim,daha nə,könül
Yaş ilə sayılmaz ömrün tamlığı
Neçə yol yaşadım bir edamlığı…
Gördüm yan-yörəmdən hər yamyamlığı;
Tablaşdım zamandan-zamana,könül!

Kimsədən vaz geçməz ömrün tufanı!
Boynunun borcudur: Haqqını tanı!
Bənövşə xətrinə Məmməd Aslanı
Keçirt bu mövsümdən o yana,könül!


TUFARQANA GƏLƏNDƏ

Toxta, gözüm, ağlama;
Tufarqana gələndə.
Aşıq Abbas ağlıma
Xanə-xanə gələndə.

Onda dağlar xas, güllər xas,
Hər şeydən iman əsas!
Gülgəz arxasınca Abbas
Bu cahana gələndə.

Düşüb yarın sorağına,
Gülgəzinin fərağına;
Abbas, Yuva dağına
Yana-yana gələndə.
Ala gözlər cənlənər,
Misra-misra çinlənər.
Mirvarilər ələnər
Zülfə şanə gələndə.

TƏBRİZ BAYATILARI
ÜSTÜNDƏ ZÜMZÜMƏLƏR

I.

Ağ dəvə düzdə qaldı,
Yükü Təbrizdə qaldı;
Oğlanı dərd apardı,
Dərmanı qızda qaldı.
(Təbriz bayatısı)

Dərdim zirək çapardı,
Gəzib məni tapardı.
Qoyunu qurd apardı,
Quzusu küzdə qaldı.

Qəfil bir afət  əsdi,
Bahar soldu əlüstü.
Qönçəni şaxta kəsdi
Arzusu gözdə qaldı…
05.08.2012.
Gəncə.

II.

Təbriz üstü Marağa,
Zülfün gəlməz darağa;
Gecə-gündüz arxanca
Gəzdim soraq-sorağa…

(Təbriz bayatısı)
Çərxi -zəmana döndü,
Kiprik zindana döndü.
Göz yaşım qana döndü:
Ağı sızdı varağa.

Bu,nə müşkül dərd oldu?!
Ölüm vəslə şərt oldu.
Nə dedi, hərçənd oldu…
Qurban şərtə,marağa.

Qəmxar bildim hər yadı:
Kəsməz könlüm fəryadı.
Bu sevda bir dəryadı–
Çıxmaq olmur qırağa …
07.08.2012
Gəncə.

III.

Təbriz üstü Miyana,
Zülf  üzünə dayana…
Oxu,bülbülüm,oxu:
Bəlkə yarım oyana!

Təbriz bayatısı

Sirrim düşdü əyana,
Ürək dərdə dayana!
Haqdan görüm- baxım var:
Bu mətləbi duyana.

Ürək istər ha yana:
Dilim gəlməz bəyana.
Oxu,bülbülüm,oxu:
Güllər əsir bu yana.

Gül içində yatan yar,
Gül yuxuya batan yar!..
Ətriylə qanadlanıb,
Yeri-göyü tutan yar.


IV.

Təbriz üstü güneydi,
Badələr dolu meydi.
Yardan bir namə gəlib:
Başdan-başa gileydi.
Təbriz bayatısı
Qəm qalanar qəm üstdən,
Bitməz oldu bu dastan.
Toydan gəlir,ya yasdan:
Bu çalınan nə neydi?!

Tuşlanan bizə dəydi,
Tale niyə göz əydi?!
Bir həsrət var,bir ölüm:
Həsrətdən ölüm yeydi.

Təbriz üstü güneydi,
Gün quzeydən önəydi…
Gur leysan başlayaydı:
Yanan bağrım sönəydi!
O dağların sözü var :
Bir dil açıb dinəydi…

ŞAHDAĞIN SAL QAYASI

Zeynəddin Çələbova

Sevib-seçib bir məkanda dayanıb,
Şahdağ ilə boy-boyadır Zeynəddin !
Bilmək olmur  nə yarışdır bağlayıb :
Şahdağ ilə bir boy atır Zeynəddin!

Gün diləsə, Şahdağ ona yay verər !
Qar istəsə, zirvəsini pay verər !
Nə çağırsa, Şahdağ ona hay verər :
Şahdağ ilə hay-hayadır Zeynəddin.

Hara belə, səfər hansı yönədir ?!
Hara getsə, işığadır, Günədir!
Zirvədəki qaraltımı, ya nədir?!
Şahdağ üstdə sal qayadır Zeynəddin!


Qusar

SU GƏLƏR ARXA, ÜZÜLMƏ…

Mənim məndən sonra min il ahım var,
Ərşə bülənd olan “ yahu-yahu”m var.
Dilimi kəsdilər durduğum yerdə,
Barı demədilər nə günahım var…
Duyduğunuz qədər tənha deyiləm,
Sizə görünməyən bir pənahım var!
“Qisas qiyamətə qalmaz!”- inandım!
Mənim səbri böyük adil şahım var!
Dağlardan dəyanət hopub ruhuma:
Dəyişməz yönüm var:qibləgahım var!

DÜNYA QOVĞA  İÇİNDƏ

Sərçənin qaranquşa xilqətən qənim yaranışının bir ibrətli lövhəsini də qaçqınlığını Daşkəsənin Bayan kəndində yaşamağa məcbur olmuş Haqverdi Talıboğlunun evinin seyvanındakı yuvada öz gözlərimlə görüb mat qalmışam. Aşağıdakı ağrılı-acılı misraları bu münasibətlə qələmə almışam.

Eyvanda qaranquş bir yuva qurdu,
Sonra yumurtadan çıxdı balalar.
Quşlar növbəsiylə yemə uçurdu,
Balalar az qala pərvaz olalar…

Yuvada bir dünya sevinc havası,
Gültək açılırdı ətçəmətanlar.
Şirin civiltilər Cənnət avazı,
Az sonra yuvadan uçar matanlar.

Erkək də,dişi də quyruqlu qayçı:
Bala qorumağa silahlıydılar!
…Gəldi boz sərçələr,sanki işğalçı:
Başladı bir anda huydu-huydular.

O da quş,bu da quş,eyni boy-biçim;
Bu necə rəftardı,bu necə keçim?!

Etdilər aləmi bərbad sərçələr,
Qaranquşa necə diş qıcartdılar.
Bu quldur sərçələr,xoryat sərçələr
Körpə balaları qırıb-çatdılar.

Gah enir,gah qalxır bu çərxi-dəvvar,
Bəzən də çökdürür o didikləri…
Allahın qəribə işdəkləri var:
Gah da itiləyir küt dimdikləri.

Biri getdi,beşi gəldi…artdı sərçələr,
Artdıqca qudurmuş itə döndülər.
Silahlı-yaraqlı atdı sərçələr
İblisdən,xortdandan pis göründülər.

Arxalı sərçələr nə qədər üstün!
Fağır qaranquşlar bacarmadılar.
Bala da,yuva da getdi büsbütün,
Təsəlli tapmağa  bac almadılar.

Belə sul əkərmi quş görün  quşa?!
Quş da öz cinsini yurddan qovarmı?!
Nə qədər oxşardır gələnlər başa!
Quşun da qədəri yazısı varmı?!
***
Harda yuva qurar,harda balalar,
Harda nəsil artar,ta bundan belə?!
Düşdü arxasınca dərdü-bəlalar,
Başına nə gəldi taundan belə?!.

Yuva dağıtmağı,viran qoymağı
İnsan sərçələrdən öyrənib yoxsa?!
Qaralar pusquda gözləyir ağı:
Didib-parçalayır gördüyü ağsa.

Quş bizdən qədimdi,quş bizdən usta!
Çox qovdu-qaçdını öyrəndik ondan.
Quştək dövr etmişik dağların üstdə;
Sürət öyrənmişik quş qanadından

Dimdik də silahdır,caynaq da silah!
Quşlar qan axıdıb insandan öncə.
Xoruz döyüşü də insandan qabaq;
Qabil qan axıtdı qanı görüncə.
lll
Dünya cahangiri olubmuş kimi,
Sərçə boylanırdı məğrur,müzəffər.
Fil çəkməz,quş necə çəksin bu qəmi?!
Məğlub qaranquşu boğurdu qəhər.
lll
Haldan-hala düşdü evin sahibi,
Baxıb haqsızlığa,mat qaldı tamam.
Qaralan qanıyla codlaşdı təbi,
Dedi: bu vəhşəti belə qoymaram!

Hardansa bir tüfəng tapıb gətirdi:
Üzünə aldı ki,vursun azqını.
Arvad yaylıq atıb,özün yetirdi:
–Sərçələr qan tökdü,sən tökmə qanı!
Qürbət ölkələrdə övladımız var:
Susdur qəzəbini!..Qandan qan doğar…

O qadir kişiyə tapşır onu da!
Gec elər,güc elər,düz elər amma!
Nizamında kəsir buraxmaz Allah!
Qaranquş haqqına çatar,İnşallah!

 

Yazıya 809 dəfə baxılıb

Şərhlər

Şərh

Pin It

Comments are closed.