Bayırda qar yağır,
evə gün düşüb,
Bayırda qar yağır,
baxışlarda yaz.
Bu işıq yollara gözündən düşüb,-
Ağlıq belə olmaz,
qar belə olmaz.
Yel döyür üşüyən torpağı, daşı,
İtib qar içində gəldiyin cığır.
Bax,
sənə qarışıb dünyanın başı,-
Qışdımı, yazdımı,
yadından çıxıb.
Məni üşütməyə tələsmə hələ,
Tələsmə göylərdən ulduz dərməyə.
Bircə ürəyim var,-
onu da elə
Çıxmışam sən gələn yola sərməyə…
Bu gecə, bir ömrün qışından bəyaz,
Bu səhər, həsrətdən boyası çoxdu.
Dünyanın sənin tək şəlaləsi az,
Dünyanın mənim tək qayası çoxdu.
Doğulsam, səninlə bir doğulacaq,
Ölsəm, mən səninlə bir öləcəyəm.
Bir ovuc torpağam,
bir ovuc torpaq,
Öləndə gözümə töküləcəyəm.
Bayırda qar yağır,
evə gün düşüb,
Bayırda qar yağır,
baxışlarda yaz.
Bu işıq yollara gözündən düşüb,
Ağlıq belə olmaz,
qar belə olmaz…
Yeyin…
Yeyin, bu millətin başını, yeyin,
Satın torpağını, daşını, yeyin,
Atın küçələrə ac uşaqları
Tökün gözlərinin yaşını, yeyin ….
Yeyin, məmləkətdə hər nə var, yeyin,
Kasıbın nəyi var,-
dörd divar,
yeyin.
Haqqın dərisinə saman təpdiniz,
Getdi abır-həya, getdi ar, yeyin …
Özünüz talayıb, özünüz yeyin,
Heç vaxt doymayacaq gözünüz,
yeyin,
Çökün ayı kimi halal üstünə
Yeri şumlayınca diziniz, yeyin …
Yeyin, kişilərin ruhunu, yeyin,
Sümürüb varını, yoxunu yeyin,
Baxıb hırıldayın Araz dərdinə,
Şuşa həsrətinə uğunub, yeyin …
Yeyin, bu millətin, başını yeyin,
İçini, ağlını, huşunu yeyin,
Oynadın çörəyə qız-gəlinləri
Tökün gözlərinin yaşını, yeyin …
Yeyin,
bu millətin başını,
yeyin …
Gilənar
Yer Göyə bənd, bəs Göy nəyə,
Ölləm göynəyə-göynəyə
İki dünya bir köynəyə
Dar gələsi, ay Gilənar,
Nar giləsi, ay Gilənar.
“Bəhri divanə” irsimin
Qopu z kimi öz tilsimi.
Eşq özü də iki simin
Bir naləsi ay Gilənar.
Nar giləsi, ay Gilənar.
“Baş müxəmməs” şah beytimdi,
“Baş sarıtel” ah beytimdi
“Kərəmi” mdi, “Dübeyti”mdi
Yar tələsi, ay Gilənar,
Nar giləsi, ay Gilənar.
“Dərbəndi” dərd dənim kimi,
“Laçını” dağ çənim kimi,
“Yurd yeri”nin mənim kimi
Var dəlisi, ay Gilənar,
Nar giləsi, ay Gilənar.
Dilimdə o gülün adı,
“Zarıncı”dı, “Qaytarma”dı,
Neyçün məni qaytarmadı,
Bir beləsi ay Gilənar,
Nar giləsi, ay Gilənar.
Ağalar, bağlayın ciblərinizi
Onsuz da doldura bilməyəcəksiz,
Ağalar, bağlayın ciblərinizi.
Axırda qaldıra bilməyəcəksiz
Ağalar, bağlayın ciblərinizi.
Bu yerin al deyən əli bağlanıb,
Kişilər evinə ölü bağlanıb,
Şuşada qeyrətin dili bağlanıb
Ağalar, bağlayın ciblərinizi.
Bilmirəm nə sirr var,-sirr,
cibinizdə,
Allah cibinizdə, pir cibinizdə…
Yüz yetim ağlayır bir cibinizdə
Ağalar, bağlayın ciblərinizi.
Sizə can Vətəndi,
Vətən can deyil,
O qan da yalandı, əsil qan deyil
Bu millət bu zülmə asılqan deyil,-
Ağalar, bağlayın ciblərinizi.
Açın ağ çadırdan qara bağları,
Qara Laçınları, Qarabağları,
Yaradan utanır ac uşaqları
Ağalar, bağlayın ciblərinizi.
Bu torpaq özünə çəkilən dağdı,-
Yazı qışdan qara, yayı quraqdı,
Bircə nəfsinizdi, bir də bu xalqdı,
Ağalar, bağlayın ciblərinizi.
Günah dağı
Söhrab Tahirə
Əsir ayrılıq küləyi,
gah düzünə,
gah dağına.
Gözümdə yüz dağ əriyir
baxanda, Vallah, dağına…
Susur Araz, Samur hələ,
daş çürüdür mamır hələ,
Dünya dərd-dərd damır hələ
Köksündəki ah dağına
Səhənd sehri əsim-əsim,
töyşüyür Şəhriyar səsim
Mən nə qədər ürək kəsim
Bu yurdun «Segah» dağına…
Meydan birdi,
nər ikidi
hər oyunda zər ikidi,
Adında Azər ikidi,
dağ çəkir günah dağına.
Qusarçaylı, Vətən sayır,
o tay, bu tay haqq arayır,
Çatmır azadlıq harayım
Savalandan Şah dağına…
İlahi, böyüyür dizimin üstü
Dizimin üstündə kəsdiyim çörək,
Dizimin üstündə udduğum hava.
Gətirib bir qara daş yonam gərək
Dizimin üstündə ölən unsafa.
Dizimin üstünə gələnlər artır,
Dizlər gözdən salır düz adamları.
Dizimdən aşağı ölənlər artır,
Artır bu dünyanın diz adamları.
Bir çöp havasına uçulu damlar,
Payız əməllərin sarı tənliyi.
Yığılıb hər səhər sərçə adamlar
Dizimin üstündə günah dənləyir.
Dizə düşənlərin boyu uzanır,
Boylu kişilərdən nə qalar mənə?
Dizimin üstündə Quba bazarı,
Məhəllə böldürür mollalar mənə …
Dizimin üstündə Vətən, – borc yüküm,
Dizimin üstündə üç əsgər balam.
Dizimin üstündə salam-əleyküm,
Dizimin üstündə əleyküm-salam.
Göyləri dizləmək köhnə “hədisdi”,
Dizimin üstündə namaz qılıram.
Haram beşiyidir dizimin üstü,
Anamın südünə layla çalıram.
Baxır yal qabından diz kənizləri,
Köpüklü sözlərə xalta gəzirəm
Edam kötüyünə dönüb dizlərim,
Kökümə çalmağa balta gəzirəm.
Uca duyğulardan əlimi üzdüm,
Özümün deyilmiş bu boy, bu duruş.
Əlimdə sənəddir dizimin üstü,
Mənim kimliyimi dizimdən soruş …
Şuşada bayrağım dizimin üstə,
Qubada papağım dizimin üstə,
Qələmim, varağım dizimin üstə,
Dizimin üstündən qaça bilmirəm,..
İlahi, böyüyür dizimin üstü …
Əyalət şairinə məktub
Əllərin yaman üşüyür,
Cibində hava necədir?!
Vətən adlı bu quyunun
Dibində hava necədir?!
Çox da dildə gəzir adın,
Yesirisən bir manatın…
Sənə gülən deputatın
“Cip”ində hava necədir?!
Palanı yox palançının,
Evi yanmır yalançının…
Nazir boyda talançının
Küpündə hava necədir?!
Qurdalama hər zadı çox,
Hər zadın da var zadı çox…
Arvadının arvadı çox
Kəbində hava necədir?!
Yad toxum yava havası,
Dərmanı “toba” havası…
Xırmanda yaba havası
Səpində hava necədir?!
Gör nələrlə dolub beyin,
Qandı sözə içirdiyin…
Boğazına keçirdiyin
İpində hava necədir?!
Yazıya 819 dəfə baxılıb