İstəməmişdim…
Gəldikcə ilbəil yaş üstünə yaş
Dərd qəmin əlindən qalıram çaş baş
Bəlkə inanmırsan, inan a qardaş
Mən belə dünyanı istəməmişdim…
Neynirəm bu ömrü ağacı barsız
Qış dolu ömürdür, fəsli baharsız
Öləndə qəbrimin üstə yazarsız
Mən belə dünyanı istəməmişdim…
Sevginin məkanı səhra deyilmiş
Bu həyat çin çıxan röya deyilmiş
Dünya bir qəpiklik dünya deyilmiş
Mən belə dünyanı istəməmişdim…
Hər yanı suallar dolu müəmma
Nə altı, nə üstü sənindir sanma
Bəlkə istəmişdi kimlərsə, amma
Mən belə dünyanı istəməmişdim…
İstərsən həyatın yaşına dəysin
Baş gərək bir əlhəd daşına dəysin.
Kim verib, verənin başına dəysin
Mən belə dünyanı istəməmişdim…
***
Gedirsən… Yalvara bilmirəm sənə.
Qürürum sevgimdən çox imiş demə…
Ürək tərk edilir…yenə tənhalıq
Sevgidən bir xeyir yox imiş demə…
Gedirsən… Əlvida nəyə gərəkdir?
Gedirsən çıxıb get səssiz – səmirsiz…
Sənə illərini qurban verənə
Son dəfə baxıb get səssiz – səmirsiz…
Gedirsən… Rahat get, sənə yaxşı yol
Həmişə gedənlər xoşbəxt olurlar
Qalanlar qalırlar daim ürəkdə
Gedənlər yollarda unudulurlar…
Gedirsən… Qürürum qəlbi lal edir
Gözə vermir imkan ağlamaq üçün
Bircə əllərimə icazə verir
Arxanca qapını bağlamaq üçün…
***
Yazıya 938 dəfə baxılıb