(hekayə)
Sayuz müəllim başqa qaçqınlardan fərqli olaraq Sallabaş kəndinə qaçqın kimi yox, yerli kimi gəlmişdi. O özü bu kənddə böyüyüb başa çatmış, gedib oxuyandan sonra təyinatnan qonşu rayonun Qaranlıqdərə kənd orta məktəbində müəllim işləmiş və taleyini də o kəndə bağlamışdı. Amma axıra qədər bağlaya bilməmişdi taleyini Qaranlıqdərəyə Sayuz müəllim. Qaranlıqdərə erməninin əlinə keçəndə o da qaçqın olmuşdu. Sayuz müəllim özünün bu Sallabaş kəndində ata yurdu olduğundan o biri qaçqınlar kimi daha məktəbdə, xəstəxanada, bağçada və s. bu kimi yerlərdə məskunlşmamış, öz ata yurdunun çırağını yandırmışdı. Yoldaşı da müəllimə idi və hər ikisi o qaçqına hörmət qoyulan vaxtlarda Sallabaş kənd orta məktəbində işə düzəldilər.
Dolanmaları pis deyildi. Bir-iki çatıquyruq inəkləri, beş- altı da qoyunları vardı. Böyük uşaqları əsgərlikdə idi. Digər iki oğulları da hələ orta məktəbdə oxuyurdular.
Böyük qardaşı Prafsayuz müəllim məktəbdə təsərrüfat müdürü işləyirdi. Prafsayuzun oğlu öylü, qızı göylü idi. Innən belə həyatında elə bir problem olmamalı idi ki, Sayuzun gəlişi ona ciddi bir problem yaratdı. Əgər Sayuz kəndə gəlməsə idi –o biri qaçqınlar kimi hökumətin hesabına hardasa binələşsəydi, onun daxması qalardı Prafsayuzun böyük oğluna. Və yaxud da çox ucuz qiymətə alardı Sayuzdan o yurdu. Qəribəsi bu idi ki, Prafsayuz bu məsələyə görə ermənidən çox Sayuza qızırdı. Prafsayuzun kiçik oğlu Sabir açıqca deyirdi ki, hökumət qaçqınları gözünün üstündə saxlayır, getsin əmim də ayrı yerdə qalsın. Ağlı yoxdu əmimin. Indi elə qaçqın var şəhərdə üç yerdə ev tutub , bir köpəkoğlu da ona bir söz deyə bilmir, bu da gəlib dar-dübbək bir ayıbalasına sığınıb. Mənim ailəm sığışmır evə. Kiçik mənəm, ev də mənimdi. Cabir o evə köçərdi əmim gəlməsə (Cabir Prafsayuzun böyük oğlu idi).
Amma elə ki, ekranda millət atası gözünü ağartdı, dedi-qaçqınlara heç kim toxuna bilməz, Sabir cızığına yığıldı.
Sayuz müəllimin aldığı yardımlar Sabirin gözünü çıxarırdı. Bax, Sayuz un alır, pesok alır, yağ alır, tuşonka alır-əgər bunları almasa idi gəlib Sabirin budkasından alver edərdi. Sabir onsuz da kiminlə körpü qohumluğu vardısa zorla dartardı budkasına ki-xeyri niyə mənə vermirsən. Bə qohum qohuma nə gündə lazımdı.
–
Birdən-birə Sayuz müəllim “nola” dirəndi. Böyük oğlu fərarilik etdiyi üçün türməyə düşdü. Mal-qoyun hamısı ucuzca satıldı-daha doğrusu Sabir ucuzca aldı. Sayuz Sabir də, Prafsayuz da daxil olmaqla beş-on adamdan sələmə pul da götürdü. Sallabaşda məskunlşan digər qaçqınlar qışda qazın, işığın dərdindən kənddən köçdülər. Belədə yalnız Sayuza görə kəndə yardım gələsi deyildi. Buna görə də Sayuz hər ay yardım üçün rayona getməli olurdu. Orda Qaranlıqdərənin kənd sovetindən də sələmə pul alıbmış sən demə. Sələm əvəzi də yardım qalırdı kənd sovetinə.
Beləliklə Sayuz üz tutası oldu Sabirin budkasına. Adı düşdü Sabirin nisyə dəftərinə. Sabir ondan nisyələrin də sələmini alırdı. Buna görə də az qalırdı üzünü cırsın arvad Sayuzun:
-Kənddə budkamı yoxdu? Başqasından elə alverini.
-Aaz, camaat nə deyər mənə. Ayıbımı çöləmi atım?
-Elə qardaşıngil ayıb qanandı yaman. Neçə çəpiş kəsərdin hər yay onlara Qaranlıqdərədə? Sabir üç ay bizdə qalardı. Indi budurmu hörmətləri?
-Kiri sən sənin Allahın, kiri. Çattayıram onsuz da. Heç gədəyə də kömək eləmədilər. Hələ bir dəfə də dalınnan getməyiblər.
–
Sayuzun Qaranlkıqdərədə müəllim yoldaşı olmuş Cahan müəllimin qardaşı Cahanov Bakı Dövlətdə dekan idi. O Cahanovun hesabına Prafsayuzun beş uşağının beşi də ali təhsil almışdı. Hamısının da dalınca Sayuz gedib gəlmişdi. Indi Prafsayuzun ona sələm verməsi, Sabirin ona sələm verməsi Sayuzu yandırıb yaxırdı. Sələm verdiklərindən çox da məsləhət vermələri yandırırdı Sayuzu:
-Xalx belə bir şey gəzir. Işıqpulun yox, yerpulun yox. Yardımın yardım , hörmətin hörmət. Al bu ərizəni sən öz adınnan yaz. Sənin sözün daha keçərlidir.
Və yaxud- get şəhərdə bir evə gir-kimdi səni çıxaran? Sabah oğlanlarına ev lazım olacaq.
Sayuz belə hallarda az qalırdı desin ki-sizə də qismət olsun belə hörmət, əl çəkin məndən.
Sələmçilər Sayuzu lap karıxdırmışdı. Maaş da , yardımpulu da sələmə gedirdi. Sabir əmisi ilə razılaşıb onun bütün sələnmlərini ödədi. Indi Sayuz yalnız Sabirə sələm verəsi oldu. Ildə iki min beş yüz dollar eləcə sələm verməli idi Sayuz Sabirə.
–
Sayuz müəllimin Sallabaşda axrıncı ili idi. Hökumət Qaranlıqdərə qaçqınları üçün qəsəbə salmışdı rayon mərkəzində. Sayuz da borc-xərc eləyib özünə bir ev ala bilmişdi o qəsəbədən. Öz dədə yurdunu sələmin əvəzinə Sabirə verib sentyabrın birindən köçəsiydi qəsəbəyə. Bu il arvadın da özünün də 25 il iş stajları tamam olurdu. Pensiyaya çıxıb sakit həyat yaşamaq istəyirdilər. Sayuzun arvadı adlı-sanlı müəllim olduğundan qəsəbədə repititorluq eləmək istəyirdi. Elə bu neçə ili də itirilmiş illər adlandırırdı:
-Ay Sayuz, dədə yurduna qan düşsün görüm. Ermənilərdən çox bunlar zərbə vurdu bizə. Dədə yurduma gedək, dədə yurduma gedək-qoymadın camaatnan bir yerdə başımızı girləyək. Burdakı evi də satıb uşağı əsgərlikdən saxladardıq. Heç bu işlər də başımıza gəlməzdi.
Cavab verə bilməyən Sayuz bir “Astra” yandırardı..
Bu kənddə onun taleyidə filtrsiz olmuşdu. Astra onun barmaqlarının ucunu, bığlarını, dişini saraltmışdı, bu kənd də onun ömrünü-gününü saraltmışdı.
–
Evi Sabirə bu şərtnən vermişdi ki, bu il həyətyanı sahə mənimdi, özüm əkib-becərəcəm . Amma ki, yeri əkdirməyə pul tapmadığından Sayuz yeri biçənəyə buraxmışdı. Sən demə bu il yaxşı ot ili imiş-adam ili olmasa da. Sayuz müəllim otu tayalayıb satlığa qoydu.
Artıq rayon mərkəzinə , qaçqınların yanına köçən Sayuz müəllim bir də xəbər aldı ki, ota müştəri çıxıb. Sən demə müştəri elə Sabir özü imiş.
Qiymətdə razılığa gələ bilmədilər. Sabir on üç şirvan deyib ayağını dirədi, Sayuz on beş şirvan. Axırda Sayuz müəllim ona bozardı:
-Sən almazsan, o qədər alan var ki. Məni də yalannan çağırıbsan ki, ota yaxşı müştəri var. Sən budkada mənə bir “qız qalasını” keçmirdin, mən sənə niyə keçməliyəm iki şirvanşahlar sarayını.
Xeyli mübahisədən sonra Sabir təklif etdi ki otu çəksinlər. Hər on kilo ota “dörd məmməd” verəcək. Çünki on kilo ot bir pres eləyir.
Sayuz razı olmadı:
-Camaat bizə nə deyər. Hərə bir vedrə bağlayar dalımıza. Yaxşı on dörd ver.
-Sən razı ol, bəlkə hələ mən heç on üç də vermədim.
Onların söhbətlərinin üstünə gələn Zakir müəllim Sayuz müəllimi bir qırağa çəkib:
-Əə, sən nətəri adamsan? Bu əclaf sənnən inəyini, qoyununu su qiymətinə aldı. Evini sənin verdiyin sələmpulu ilə özündən aldı. Indi sən niyə biabır olursan. Sən ha kənddə qalmırsan. Söz bunu tutacaq qoy tutsun. Ot yapıxıb, ona görə az görünür. Sənin otun 20 şirvan çıxartmasa tüpür bu sifətimə.. Ot deyil ee, can dərmanıdı, xam yerin otudu.
Sayuz müəllim əvvəl Zakir müəllimlə, sonra da Sabirlə razılaşdı. Sabir qapan dalınca getdi. Sabir gəlincə Zakir müəllimlə Sabirin dalınca ürəkdən danışdılar. Sən demə Zakir müəllimin nəvəsini “bir qız qalasına” görə peçenyesiz göndəribmış məktəbə Sabir. Sən demə nisyələri artıq hesablayırmış. Sən demə artıq hesabladığı nısyələrnən Bakıda yer alıbmış özünə. Sən demə maşın almaq istəyirmiş-xarici maşın.
Sabir bir –iki xaşa (iri kisə) gətirsə də qapansız gəlmişdi:
-Bu kənd hörmət olunası kənd deyil . Heç kim qapan vermədi.
Zakir müəllim Sayuz müəllimə göz vurub:
-İndi də əl tərəzisinnən çək.
-Olarmı onnan çəkmək?
-Niyə olmur. Otdu dana, yüngül şeydi. Qorxma, tərəzi qırılmaz.
–
Sayuz müəllim otu yabalayıb xaşaya doldurur, Sabir də tərəzidə çəkirdi-bu 7, bu 8, bu 6 və s.
Zakir müəllim onları tayanın yanında qoyub çayxanaya buruldu. Ay camaat dedi-kim tərəzidə ot çəkilməsini görmək istəyir Sayuzun çəpərinə getsin.
O istəyirdi Sabir el içində biabır olsun. Bə nə-dünənki uşaq Bakıdan yer alacaq, xarici maşın alacaq, dağ boyda Zakir də qıraqdan baxacaq?
Bir az keçmiş tayanın başına xeyli adam yığışmışdı. Zakir müəllim guya danasını qapıda tapmayıb buralarda dana axtarmağa gəlmişdi. Və o camaatın yığılmasından dilxor olan Sayuzu daha da qızışdırdı:
-A Sayuz, sən ot satansan. Bir qıraqda durub pulunu almalısan. Indi Sabir sənin fəhləpulunu verəcəkmi?
Artıq Sabirdən laap iyrənən Sayuz yabanı bir qırağa tullayıb:
-Əə bu pul verən zibildimi? A bala, get özünə fəhlə tut. Mən pulumun yeyəsiyəm.
-Əmi, hər gədə-güdənin sözünə baxma.
Zakiri od götürdü:
-Görürük kimdi gədə-tərəziynən ot çəkənə bax bir. Bu da kişilikdən danışır.
Və hiss edəndə ki bu sözün bir ucu da Sayuzu tutur, Zakir müəllim sözün yönünü dəyişdi:
-Burnunnan gəlsin onun sizə elədikləri. Qədirbilməz yığını qədirbilməz.
-A kişi çıx mənim çəpərimdən. Gəmidə oturub gəmiçiynən dava eləməyinə bax bunun.
-O boyda yol gəlib amerkanlar qaçqınlara yardım eləyir , sən burdan-bura qaçqının halal evini öz pulunna özündən aldın. Qaranlıqdərədən gələndə yanaqların qan kimi olardı a bala, indi otu tərəziyə qoyursan. Sayuzun sizə elədikləri nə tərəziyə gələr, nə də qapana.
-Sənin qarnın cırılır mən Bakıdan yer almışam deyə. Hələ sənin acığına Moskvadan da yer alaram.
Camaat araya keçməsə Zakir müəllilə Sabir əlbəyaxa olacaqdılar. Elə bu hay –küyü eşidib özünü Prafsayuz da hadisə yerinə çatdırdı. O da Zakirin dalınca qaraladı:
– Demaqoq köpəyoğlu, qurddu itdi deyirsən. Əvvəl budka çıxardırdı gözünü. Indi də Bakıdan yer almışıq deyə qarnı cırılır.
Sonra da ora-bura baxaraq arxasını qaşıdı Prafsayuz.
–
Xülasə Prafsayuz otu xaşaya yığır, Sabir çəkirdi. Bir uşaq da yazırdı camaatın nəzarəti altda. Sonda ot hesablandı. Məlum oldu ki, Zakir lap dəqiq qiymət qoyubmuş ota-iyirmi şirvan, vəssalam.
Sabir cığalladı:
-Yoox, bu tərəzi səhv çəkir.
Sayuz ayağını dirədi:
-Sən olasan, sənin tərəzin də artıq çəkə? Hələ bəlkə əksik çəkir. Nə var odu-vəssalam.
-Bə əmipayı?- Prafsayuz hırıldaya-hırıldaya dedi.
-O boyda öy-eşik əmipayı döymü? Sona inəklər əmipayı döymü, qumral qoyunlar əmipayı döymü? Bir evimi erməni aldı, birini də siz. Kiri, bu camaatın içində məni danışdırma. Öhö, öhö, öhö.
Mübahisə çox çəkdi və razılığa gələ bilmədilər. Axırda camaatın içindən dörd nəfər çıxıb otu almaq istədiklərini bildirdilər. Onların dediyinə görə ot əsl qoyun otu idi və keçiləsi şey deyildi.
O dörd nəfər otu dörd yerə böldülər.Sonra hərəsi bir çöp qırığı götürdü. Çöpləri verdilər ordakı uşaqlardan birinə. Uşaq atdı hər çöpü bir tapılın üstünə. Kimin çöpü hansı tapılın üstünə düşdü, həmin tapıl ona düşdü. Yerindəcə Sayuzun pulunu verdilər.
–
Sayuz müəllim yola çıxmışdı. Sabirin inəkləri sudan qayıdırdı. Sona inək də , Şeşə inək də Sayuzu görən kimi mələşdilər. Sayuz müəllim bir “astra” yandırdı.
Yazıya 710 dəfə baxılıb