24 yanvar 2015-ci il tarixində Azərbaycan Yazıçılar Birliyinin (AYB) Gəncə bölməsi “Nizami ədəbi məclisi”in növbəti görüşünü keçirdi. Gəncəbasar yazarlarının və Azərbaycan Yazıçılar Birliyinin Yaradıcılıq məsələləri üzrə katibi, şair, yazıçı, kinodramaturq İlqar Fəhminin iştirakı ilə təşkil olunan məclisi birliyin sədri – şairə Xəzangül Hüseynova açdı.
Bundan sonra söz qonağa verildi. Gəncə ədəbi mühiti ilə daim əlaqə saxlayan, onların yaradıcılığına diqqət göstərən İlqar Fəhmi yazarları daha aktiv olmağa, bütün dünyada informasiya aləmində öndə gedən onlayn informasiya xidmətlərindən geniş istifadə etməyə çağırdı və yeni yaradıcılıq əsərlərinin internet sehifələrində yayınlamasının əhəmiyyətindən danışdı. O, AYB rəhbərliyinin Gəncə adəbi mühitinə olan diqqətini bir daha nəzərə çarpdıraraq, bu müqəddəs söz ocağına üz tutan hər bir yeni nəfəsə yaxından qayğı göstərəcəklərinə söz verdi.
Məclisin ikinci hissəsi isə ədəbi nümunələr və onlar haqqında fikirlərə həsr olundu. Gənc şairlər – Anar Gülümsoy, Gülnarə Sadiq, Şəfa Vəliyeva, Urfan Qurbanov, Nicat Tağıyev, Elvin Ramizoğlu, Kazım Hüseynov öz əsərlərini səsləndirdikdən sonra tanınmış söz adamları – Aləmzər Əlizadə, Sahib İbrahimli, Sakit Təbib, İradə Aytel şeirlər barədə öz dəyərli fikirlərini söylədilər.
Xatırladaq ki, “Nizami ədəbi məclisi” hər həftənin cümə günləri, AYB-nin Gəncə bölməsində (İnzibati bina 4-cü mərtəbə) keçirilir. Növbəti məclis isə Filologiya elmləri doktoru, folklorşünas-alim, mərhum Sədnik Paşa Pirsultanlının xatirəsinə həsr ediləcək.
Yazıya 661 dəfə baxılıb