Bəxtiyar Hidayət – QATİLİN QİBLƏSİ

bextiyar(hekayə)

Rayon mərkəzinin lap mərkəzində, Şəhər Soveti kimi tanınan köhnə binanın zirzəmisində bir neçə qaçqın kəndin nümayəndəliyi yerləşir. Biri də Əskiparanın nümayəndəliyi.  Qarşıdan yenə  Xocalı faciəsinin ildönümü gəlirdi. Nümayəndəliyin işçilərinin başı  qarışmışdı hansısa tədbirin müzakirəsinə və hansısa yardım siyahının obyektivliyinə. Bu zaman da Dəli İsmayıl içəri daxil oldu. Salam- kalamdan sonra :

-Həə, yenə “Xocalıya Ədalət” deyəcəksiniz. Noolsun? Özünüz Ədalətə Xocalı soyqırımı yaşadıb Xocalıya ədalət tələb edrsiniz. A kişilər, o 366-cı polkun əsgərləri bircə gün qırğın elədilər, siz elə ilin 366 gününü qırırsınız bu camaatı.

Kənd İcra Nümayəndəsi bir az da Dəli İsmayılın qılığına girərək:

-Ay İsmayıl dayı, biz kimik ki? Kimdi bizim ağzımızla qanun ölçən? Biz elə gördüyün kimi, zirzəmi əhliyik. Yüksək mərtəbəli binanın mənfi birinci mərtəbəsidi yerimiz, yatağımız.

– Indiki zəmanədə şəhərin az qala bütün zirzəmiləri ya marketdi ya da çayxana ki, bu zirzəmilərin də yar- yaraşığına söz yox. Kasıb üçün elə bu zirzəmilərdən gözəl yer də yoxdu.  Amma sovetin vaxtında zirzəmilər məskəni idi siçan- siçovulun. Sovetin vaxtında da bircə zirzəmilər pis gündə idi- qalan hər şey əla idi kasıb- küsub üçün.Sovet dağılanda yalnız zirzəmilərimiz gözəlləşdi vəssalam- zirzəmidən yuxarı qalxdıqca hər şeyin bərbad olduğunu gördük. Hələ də ağlım kəsdirmir o boyda zirzəmi sovetlərin nəyinə lazımdı?

Kənd İcra nümayəndəsi onun cavabının məsələyə aid olub- olmadığını xeyli götür-qoy etdi.

Artıq 65 yaşı olardı- amma hələ də canı sulu idi, bilkləri, əlləri cavanlığının necə olması haqda xəbər verə bilirdi. Barmaqlarındakı döymələr isə həmən kriminal aləmə yaxınlığından xəbər verirdi. Adətən bədəni belə döyməli adamalrın kriminal verilişlərdə sifətlərindən çox döymələrini efirə verirlər.

Indi kənd icra nümayəndəsi də çalışırdı kömək etsin- Dəli İsmayıl harasa müalicəyə getmək istəyirdi.

-Yaralarım gecə- səhərə qədər sızlayır, yatammıram.  Bilmirəm ayağımdakı qəlpənin yerini ovxalayım, başımdakını neyniyim, kürəyimdəkinə də əlim çatmır.

-Yaxşı, qoy bir siyahı var, onu tərtib edək, baxarıq görək neynəmək olar.

-Nə siyahıdı?

-Kənddə şəhid ailələrinin, müharibə qurbanlarının adı, siyahısı. Hökumətimiz Xocalı tədbirindən sonra bir az onlara pesokdan- zaddan verəsidi.

-Ehh, Eldarı yazmaq lazım birinci yerə, Div Eldarı. Kəndin ilk müharibə qurbanı odu.

…Kənd icra nümayəndəsi  dırt- dırt adamdı- bu gedincə dalısınca xeyli danışacaqdı mütləq- zalım oğlu, gəldin veteran biletini düzəltdirdik, indi qoy aradan bir az keçsin dana. Çətini ucunu qoyana kimidi kopolunun millətinin.

Amma üzünə deyə bilməzdi- qorxardı Dəli İsmayıldan. Elə rayonda da belədi- Dəli İsmayıldan qorxmayan adam az- az tapılar. Aşağısı otuz ilini türmədə olub 65 illik ömrün. Hər dəfə də ya ölüm işi, ya bıçaq işi. Hər dəfə də bir kimsə deməyib- günahkar Dəli İsmayıldı. Ilk dəfə tələbə yoldaşının bıçaqlanma işini öz boynuna götürüb . Amma tələbə yoldaşı buna qarşı namərdlik edib, bir dəfə də adını tutub yanına gəlməyib. Bu da 5 il yatıb- çıxıb. Gedib tutub adamı- sağ qulağını kəsib. Guya sol qulağa dəyməməklə öz işini yüngülləşdirib, sol qulaq ürəyə yaxındı deyə ölüm risqi çoxdu, amma sağ qulaq kəsilibsə, demək arada qisas söhbəti var. Amma  məhkəmə qulağın sağını- solunu nəzərə almayıb – 7 il basıblar bir də gedib . Orda da kimisə vurub öldürüb. Üst- üstə 15 il yatıb gəlmişdi kəndə. Haqqında deyirdilər ki, istəsə lotu da ola bilərmiş. Ancaq lotularla da yol getməyib- türmədə kiminçünsə pul yığılırmış. O adam da çöldə imiş.  Dəli İsmayıl etiraz edib- yaxşı adamdı qoy o içəri pul göndərsin, daha içəridən ona pul göndərməyək. Mən belə qanunları hərləmirəm.

Evlənmişdi, Rusiyətə xam torpaqlara işləməyə gedib- gəlirdi, cibi pullu olardı daim. Kəndin əksər cavanları bu xam torpaq deyilənə gedərdi ki, buna da el arasında xopana getmək deyilıir. Yaz gələr- gəlməz kənddə cavanlar 5-10 briqada düzəldib düzələrdilər yola. Bir də qışda qayıdan qayıdar, qayıtmayan da qayıtmazdı.

Həmin il nə erməni tərəfin nə də biz tərəfin cavanları xopana getməmişdi. Xopan deyilən də erməni sözü- xam torpaqlarda işləməyə gedənlər haqqında deyilirdi- xopana gedib. Elə ilkini də bu tərəfin erməniləri getmişdi, yaxşı da pulla qayıtmışdılar. Sonra da bizimkilər yollanmışdı.  Bəzən yaxın kəndlər ermənili- musurmanlı  bir briqada ilə getmişdi.

Indi isə zəmanə dəyişmişdi- hər iki tərəfdə cavanlar qayım- qayım qaynayırdılar.

Həmin il valideynlərin də sevincinə- sevinc qatıldı oğullarını evləndirdilər, yoxsa Rusiyada olsalar evlənən kim idi. Həmin il bulaq başlarından daha çox tüstülər qalxdı, kənddə daha çox çəpiş kəsildi. Həmin il kənddə şadlıq- şadyanalıq idi beləcə. Kənd qızları da bu il yarımışdılar. Yoxsa Rusiyətdən evlənməyə gələcək adamın siyahısına kim düşəydi, kim düşməyəydi.  Bir sözlə müharibə qoxusu gəlib çatmışdı kəndə.

Cavanlar öz ata- analarını, torpaqlarını qorumaq istəyirdilər. Amma hələ müharibədən əsər- ələmət yox idi. Və Rusiyanın çöllüyünə öyrəşmiş cavanlar kəndə  öyrəşə bilmirdilər. Erməni kəndinə getmək də olmazdı- Erməni Əskiparasına. Elə bu ətrafdakı erməni- müsəlman kəndləri də dədə-babadan qoşa- qoşa idi- musurman  Əskiparası- erməni Əskiparası, musurman  Bağanısı-Erməni Bağanısı, musurman  Quşçusu,-erməni Quşçusu, musurman  Günəni- erməni Günəni. Indi bu qoşa adlı, qoşa taleli kəndlər bir- birinə düşmən olmuşdu. Hətta  bizim kəndlərin hamısında xeyli  erməni adlı adamlar da vardı. Və onlarda da nə qədər musurman adlı ermənilər. Bir neçə uşağı doğulub tələf olan ailələrin son umud yeri idi erməni adları- erməni adı qoy, uşaq yaşasın. Qəribəsi bu idi ki, bu adlar qoyulan uşaqların heç biri qısa ömür yaşamamışdı. Eyni zamanda da ermənilərin belə ailələrində- Əhməd, Məmməd, Nərgiz, Gövhərlər az deyildi. Hətta son onilliklərdə erməni kəndlərində Şahin, Araz, Ayaz kimi adlar da yayılmağa başlamışdı.

Bu tərəfin camaatının bir- birinə bənzərlikləri çoxdu. Nə biz tərəfdə, nə də erməni tərəfdə dindarlar demək olar yox idi. Beş- altı  müsəlman kəndində bircə məscid yox idi. Eləcə də 5-6 erməni kəndində  bircə kilsə yox idi. Yalnız və yalnız musurman Əskiparasında bir alban kilsəsi vardı ki, ona da sahib çıxan yox idi.  Kilsə binası daha çox uşaqların kart oynamaq yeri, qoyun- quzunun sərinlənmək yeri idi. Yalnız müharibə yelləri bu tərəflərə əsməyə başlayanda həmin kilsə yadlara düşmüşdü. Ermənilər bir- iki dəfə gəlib orda şam yandırmış, bizimkilər də ölü pişiyin bir qulağını kəsib atmışdılar kilsəyə ki, alın bu da sizə Andronik.

Və indi bu kəndlər düşmən olmuşdu biri- birinə. Gediş- gəliş tamam kəsilmişdi.  Bizim Əskiparadan sonuncu dəfə erməni Əskiparasına gedən şəxs Arbeşik Süleyman olmuşdu. Erməni Qara Diqran ona bir evin taxta materialını ödəyəcək qədər həcmə malik fısdıq ağacı üçün xeyli pul vermişdi. Arbeşik Süleyman da demişdi get Doludöyəndən qır apar. Çünki ermənilər öz meşələrindən ağac qırmazdılar, göz bəbəyi kimi qoruyardılar. Amma dava xəbərləri gəlib araya düşmüş, pul da Arbeşik Süleymanda qalmışdı. O da eləməyib tənbəllik, gecənin birində adlamışdı erməni Əskiparasına. Pulu verib, Qara Diqranın da az qala ürəyini yatırdıb geri qayıtmışdı. Erməni Əskiparasından isə sonuncu dəfə biz tərəfə usta Keğam gəlmişdi. Faqqı Əhməd Keğama cehizlik mebel sifariş vermişdi. Mebelin behi də artıqlaması ilə verilmişdi. Və araya dava düşmüş, sonra da usta Keğam gecənin birində Faqqı Əhmədin az qala ürəyini yatırtmışdı- al pulunu, borclu qalmaq kopolu şeydi.

Ötən il birlikdə erməni- musurman briqadasında xopana gedənlər də olmuşdu. Elə ermənilərlə xopana gedənlərdən biri də Sarı Div deyilən Vəloğlu Eldar idi.

Nəhayət o da gəldi kəndə. Amma onun gəlişinə qədər müharibə alovu kəndi azacıq qorsalamışdı, kənddə müəyyən hadisələr olmuşdu.

Sarı Div həqiqətən də div kimi idi- iki metrdən artıq boyu vardı. Qolları dəyirman pərinə, biləkləri aslan biləyinə, dizləri kəl dizinə  bənzəyirdi. Qapıdangirməz idi- kürəyinin eni bir metrdən çox olardı. Amma tay-tuş içində ölüm mələyi ilk dəfə bu qapıdangirməz adamın qapısından girmişdi. Sarı, qıvrım saçlarını daim güzünün üstündə saxlayardı. Ayağının  ölçüsündə ayaqqabı tapılmazdı- daim “zakaz”  tikilərdi.  Elə qəbri də xüsusi bir “zakaz”la tikilmişdi. Əlləri deyirdin vəl tayı idi.

Hələ orta məktəbdə də beləydi- qızların çoxu onunla şəkil çəkdirmək istəyirdi. Hətta  bir dəfə də şəkilçəkən- o müəllimlə nə çox şəkil çəkdirir bu qızlar demişdi. Elə bilmişdi müəllimdi. Əskipara məktəbində də beş- altı kəndin uşağı- Sarı Divin qabağına çıxan yox. Məktəbbdə açıq- açığına siqaret çəkən bircə bu- müəllimmlər də çəkinirdi.

Qabağına çıxan, qolunu qatlayan olmazdı- o vaxtlar ermənilərlə çimərliyimiz də bir yerdə idi- Çırı- Çır deyilən yerdə. Eldar ora gəldimi ermənilər gərək çəkiləydi- yoxsa şil- küt edərdi hamısını. Əsgərlikdə də gedib Daxili Qoşunların desant briqadasına düşmüşdü. Gələndə daha da kürəklər enlənmişdi- erməni, azərbaycanlı – fərqi yox, qızların gözü onda idi. Bir- iki ay kənddə qaldı- bu arada ermənilərlə davası da düşmüşdü. Əlləri yabalı, payalı erməniləri şil- küt eləmişdi. Düz kəndlərinə qədər qovmuşdu. Sonra da ermənilər bundan əl çəkmədi- gəlib öz briqadalarına qatdılar- zyoma, bizi orda mənəm- mənəm deyən ruslardan qoru, işdə zadda işin yoxdu.

Və gözlənilənmüharibə xəbərləri avtomat darağından atılırmış kimi dalbadal gəlməyə başladı. Ermənistandan azərbaycanlılar qovuldu, Qarabağda müəyyən hadisələr oldu, Naxçıvanda döyüşlər başladı. Sonra da bizim Qazaxdan erməni ailələri qovuldu. Bundan sonra sərhəd kəndlərində qorxu yaşandı, ilk  postlar quruldu. Postlarda da həmin cavanlar səhərə kimi yeyib- içdilər.

Həmin gecə kəndin 5-6 yerində post qurdurmuşdu. Dəli İsmayıl  bir- bir postları yoxlayırdı- amma bir xəbər gəldi Arxana postuna, direktor  Cəmilov qaçıb. Qərara gəldilər gedib evini yandırsınlar.  Altı  para kənd buna umudludu, bu da qorxub qaçıb. Amma qoca- atasını evdə görüb evi  yandırmadılar- darvazasına ağılalrına gələni yazdıalr- sən kişi deyilsən, nakişi, əksik filan.

Bax Sarı Div bu hadisədən sonra gəlmişdi. Həmin Cəmilov da Sarı Divin qohumu- anasının əmisi oğlu- yəni dayısı düşür. Indiyə qədər bir xeyrini görmədiyi dayısı birdən- birə ayılmışdı. Guya bu toya gedibmiş, Dəli İsmayıl da gəlib namusuna sataşıb.

Sarı Divin də bəlkə vecinə olmazdı- eləbil nəsə tale bunları qabaqlaşdırdı.

O il kənddə cavanlar çox idi- demək Rusiya görmüş bu cavanlar kənddə də Nataşalar lazım olacaqdı- 5-6 –sı belə vardı. Amma ən sərfəlisi Şəhnisə idi. Evində arağı, cücəsi, siqareti- sonra da kiminsə payına düşərdi. Əri də çöllərdə- mal otarır. Hətta o dövrdə AzTv- dən b ir nəfər gəlib bunun ərini çəkmişdi- el qəhrəmanı, erməninin burnunun ucunda mal otarir- qorxmur filan.

Elə Sarı Div gələndən sonra lap aktivləşdi Şahnisənin kalağarası. Sarı Div xeyli pulla gəlmişdi. Özü dediyinə görə bir də  Arazla(Araz da bunları yığıb xopana aparan briqadir erməni) eşidiblər daha düşməndilər. Arazla biletlərini alıb uçublar Tiflisə, orda da yeyib- içib dost kimi ayrılıb gediblər düşmənçilik etməyə. Araz da pulunu artıqlaması ilə verib. Indi o pulları səpələyirdi Şahnisəgildə Sarı Div.

Şahnisə də Dəli İsmayılın qonşusu. Dəli İsmayılın başına yığılan cavanlar artıq aralanmışılar ondan- bezdirici idi, ağızlarından çıxanı xırdalayırdı. Amma Sarı Div- işi yeyib- içmək, kef- keyfiyyət, bir də dava. Dəli İsmayılın cin beyninə vuranda gəlib Şahnisənin evini gülləyə tutmuşdu- cavanlar qaçmışdı. Amma Sarı Div gəldi- Şahnisə yenidən  fəaliyyətə başladı, cavanlar da Sarı Divin başında. Bunu yaxşı bilən Cəmilov Şahnisəyə də “daha hökumət dağılır, nə bacarırsan sat” demişdi- haqq da istəməmişdi. Gözləyirdi Dəli İsmayılın basqınını, və Sarı Divi də təlimatlandırmışdı- nə bacarırsan pisikdir onu, bircə öldürmə, dayın səni qurtaracaq.

Artıq müharibə yaddan çıxmışdı. Sarı Div də bir- iki dəfə Dəli İsmayılı pisikdirmişdi- qabağından çayı alıb tökmüşdü, məclisdə sözünü yarımçıq qoymuşdu, itələyib yıxmışdı. Dəli İsmayıl onun böyük qardaşlarına yazmışdı- amma yenə bir xeyri olmamışdı. Baxmayaraq ki, Sarı Divin qohum- qardaşı onun kənddə əl qolunu bağlamaq üçün yalnız bir yol tapdılar- nişanladıalr onu kəndin ən gözəl qızlarından olan Sevdaya. Guya Sarı Div özünə yığılacaqdı.

Hə, kənd cavanları Sarı Divin başına yığıldılar. Bəzən günüzlər ova da gedirdilər- gecələr də Şashnisənin ailəsinə ov əti yedirdirdilər. O il meşələrdə ceyran- cütyür də azaldı. Daha sonra da kənddə quzu, çəpiş oğurluğu artdı. Dəli İsmayılın qapısından tapılırdı  toğlu başları, çəpiş dəriləri. Bütün bunlara dözürdü Dəli İsmayıl- kənddən çıxıb gedə də bilmirdi- hara gedəydi, Cəmilovun evini yandırırdı kənddən qaçıb  deyə, indi özümü qaçsın?

Və bir gün Şahnisənin evində yenə dəm-dəsgah, gətir- götür vardı. Artıq dözəmməyən Dəli İsmayıl evə hücum elədi. Sarı Div- qorxmayın dedi. Birləşib Dəli İsmayılı əvvəl quruda sürütmə çəkdilər, sonra da çaya basıb suda sürütmə çəkdilər. Üz- gözü al qana qərq olmuşdu, palrtarı ələ gələsi deyildi.

Geri qayıdan Dəli İsmayıl evə getdi- uşaqların üzündən öpdü- silahı götürdü.

Kimsəni Şahnisəgildə tapammadı. Əvvəl ən yaxın evi seçdi- Osmangili. Gözlədi- Osman gəlirdi. Amma birdən yadına düşdü- Osman o çayda sürütmə çəkiləndə “aya, öldü, öldü, yazıqdı” deyirdi. Gəl bunu bağışla.

Daha sonra Malikgilə getdi- yetim Malik deyilirdi ona. Anası artırmada- anan ölsün ay bala, qoşulubsan Bənöyşənin o tanrıtanımazına, bir gün Dəli İsmayıl hamınızı öldürəcək . Əsgərliyini Ermənistanda çəkdin, hər gün öldürdün məni, sonra  Çernobulda gözlədim, indi Cinni qayadamı öləcəksən?

Bundan da keçdi- Eldargilə getdi. Acığı xeyli soyumuşdu. Amma heç olmasa Sarı Divə yerini tanıtmaq lazım idi.

Sarı Div ləngər vura- vura gəlirdi.

-Dayan, alçaq, dayın oğraşa güvənib nə hoppanıb düşürsən?

– Mən əsgərlikdə səin kimi zeklərin çoxunu sındırmışam.  Onda da dayıma güvənmirdim ki? Sən mənimi öldürəcəksən? Bir- iki dovşanı bıçaqlayıb elə bilir bundan qorxan- filan var.

-Bax bir addım da atsan o dünyadasan.

-Ha, ha, ha, qorxdum əəə. Atmasan kişi deyilsən.

Bunu deyən Sarı Div elə div addımları ilə də düz Dəli İsmayılın tüfənginin lüləsinə qədər irəlilədi- əlini tüfəngə atmaq istəyəndə….

Səs kəndi başına götürdü. Qara ciyəri dağılan Div həmin dəqiqə ölmüşdü. Dəli İsmayıl da silahı orda qoyub getmişdi Cəmilovgilə- alçaq, məqsədinə nail oldunmu? Di xəbər ver gəlib aparsınalr. Cəmilov da qorxusundan Dəli İsmayılın öz evində olduğunu ölü yeyələrində kimsəyə demədi. Milis Dəli İsmayılı, əcəl də Sarı Divi kənddən apardı.

Şahnisə hamını satmışdı- tutulanlar da bir- birini satmışdı- milis də rahat- rahat pul qazanırdı.

Beləcə də o il kənddə silaha yığılası pullar milislərə yığıldı. Kənd xeyli kasıblamışdı. Sarı Divin anası Vəli Bənöyşəsinin qarğışlarından yaxa qurtarmaq istəyən cavanlardan bir xeylisi qaçdılar xopana. Vəli Bənöyşəsi kənddə qarğamadığı ocaq yox idi- qarğışlarını hər adam seçə bilmirdi. Çünki səsi adi səs deyildi- hardasa canavar ulartısına bənzəyirdi. “Qanı qapıma tökülən balam vay, sənin qanın tökülən yerə gəlinin ayağı altında kəsilən qoçun qanı töküləsiydi, vay”.

Eldarın qəbir daşı hamınınkindan fərqlənirdi- həm boyuna görə, həm də səmtinə görə. Əskiparada qiblə deyə Göyəzəni istinad göstərib basdırardılar ölünü. Zatən qiblə əskiparalılara bir heyvan kəsəndə, bir də ölü basdıranda lazım olurdu. O da üzü Göyəzənə. Amma Eldarın baş daşı Qazançıya baxırdı- Vəli Bənöyşəsi belə etmişdi, nətəri tərs böyüdü, elə də yığvalı tərs gəldi, qoy baş daşı da tərs dursun.

Sonra müharibə gəlib kəndə çatdı- əvvəl rus ordusu gəldi. Sonra Milli ordu yarandı- cavanlar orduya daxil oldu- 1 günləri 3 gün sayıldı. Kim də polisə daxil oldu. Sonra ruslar çıxdı. Və kəndi topa tutdular- sanki Vəli Bənöyşəsinin qarğışı tuturdu kəndi-  evlər bir- bir dağılmağa başladı.

Sonra da qaçqınlıq başladı- əskiparalılar Ağköynək qəbristanlığında Gülül dağını qiblə deyə seçdilər.

2 il yatmışdı ki, Dəli İsmayılı da müharibəyə görə buraxdılar- ən ağır döyüşlərdə olmuşdu. Iki dəfə yaralanmışdı- atəşkəs dövründə də qaytardılar türməyə. Sonra da çıxdı azadlığa.

— –

Hə kənd icra nümayəndəsinin otağı- Dəli İsmayıl öz fəlsəfi fikirlərini yeridirdi.

Bu arada kəndin yeganə müxalifətçisi Şair Asif Qazançı da arayış almağa gəlmişdi- Dəli İsmayıl indi də onun yaxasından yapışdı:

– Əşşi, nə müxalifət, siz də Avropa deyib durursunuz. Amerika deyib durursunuz. Onlar guya sizə dəstək verir- amma getdikcə dəstək qısaldı, qısaldı, oldu Röyanın yubkası qədər. Sonra da Aygünün ayıb yeri kimi ayıbları göründü. Indi də bəyanat veriblər- Elzanın şeirlərinə oxşayır bəyanatları. Sən bilərsən, bə pul niyə öldü?

-Yəqin Avropa oyunlaırna görədi.

– Avropa oyunları, Avropa oyunları- təkcə manatı öldürmədi ee bu oyunlar, illərdi sənin uğrunda can verdiyin demokratiyanı da öldürdü. Amma sən hələ də ordan Qarabağa azadlıq, qara millətə də demokratiya gələcəyinə inanırsan. Ay hayıf- hayıf. Yaxşı gəlmişdiniz hakimiyyətə saxlaya bilmədiniz.

Icra Nümayəndəsinin katibi:

-İsmayıl, 92-93-də  çölə çıxa bilmirdik…

-Qəbizliyiniz varmış yəqin. Onda camaat döyüşdə idi, siz evdə nə gəzirdiniz. Bə nətəri şiirdirsiniz indi hər şeyi- odey axırda toyuq budunu da şişirtdiniz. Məmurlar elə silikon qoydurub müğənni budalrını da şişirdir. Amma mən 13 ildi budumda qəlpə gəzdirirəm- ağrısına dözürəm. Kimdi baxan- sənədi düzəldin, şairlə bir çay içib gəlirik.

Çayxana adı ilə nümayəndəlikdən çıxsalar da, yaxınlıqdakı ucuzxanaya buruldular. Qabaqda az qala İsmayılla yaşıd bir qadın iki uşağın əlindən tutub gedirdi döyə- döyə. Tanımayan olsa deyərdi nəvələridi. Amma öz oğlu, qızı idi. Vəli Bənöyşəsinin qarşığından qorxaraq kimsə elçi düşməmişdi Sevdaya. Heç Sevda özü də elçi gözləyəsi halda olmamışdı. 42-43 yaşı olmasına baxmayaraq ən azı 65 yaş vermək olardı ona.  Sonra da çıxıb arvad boşamışın birinə getdi. Amma o qədər deyingənlik etdi, kişi durmadı bunun yanında- qaçdı Rusiyyətə. Dəli İsmayıl onu görəndə dərindən bir ah çəkdi. Bu arada çökə ağaclarından gələn bir meh vurdu onları. Amma Dəli İsmayılı sanki meh vurmamışdı, sanki vurğun vurmuşdu. Qəfildən dedi:

– Eldarı vurduğum yer sızlayır, şair. Öldürür məni. Qara bağrım dağlır. Bax eləbil bağrımın başını xəncərlə oyurlar. Eldarın orasından vurmuşdum.

Şair bir söz deyə bilmədi.

Ucuzxanada da söhbət Eldardan gedirdi. Şair Vəli Bənöyşəsinin kənddən çıxarkən qəbristanlığa baş çəkməsinin şahidi olmuşdu.

-Biz aşağı yolla, qəbristanlığa yaxın yolla çıxırdıq kənddən. Gördüm Eldarın qəbri üstən səs gəlir-  balamı sana tapşırıram a Qazançı. Özünü qoruyamamdın, ölüsünü saxla sən sənin ucalığın. Daha bunu atası da sənsən, anası da sənsən, qıvlası da sənsən.

Hərəsinə bir çappa süzdülər- Dəli İsmayıl Sarı Divin ruhuna bir sağlıq dedi. Birnəfəsə başlarına çəkdilər.

-Bayaq gördün də Sevdanı, şair. Gör necə qocalmışdı. Lap bir günü üç gün olub sanki. Amma  bu xarabada çox gədə- güdələr yalandan bir günlərini üç gün yazdırıb havayı pensiya alırlar dövlətdən. O gədə- güdəyə müharibə xeyir elədi. Hayıf Eldardan, məndən- Eldarı gərək vurmazdım. 22 yaşı vardı, nə qanırdı? Mən də o qədər qanmırdım- biz türemşiklər onsuz da “VV-şniklər”lə (Vnutrenniy Voyska) dədə- baba düşmənik. Bəlkə də buna görə bir- birimizi anlayammadıq. Kopolu Cəmilov bunları bilirmiş. Bizi düşmən elədi. Bizi öldürdü. Indi odey Cəmilov Gəncəbasar xeyriyyə cəmiyyətinin sədridi- özü də müharibə veteranı. O vaxt hamıdan əvəvl qaçmışdı kənddən. Sonra cəbhə bölgəsinə bir-iki dəfə sabundan, corabdan aparmışdı- vəssalam, buna görə də veteran oldu. Bakıda iki evi var- Vəli Bənöyşəsinin qarşığı heç nə eləmədi onun evlərinə. O Osmanlar, Maliklər də kef edir- müharibədə bir günləri üç gün sayıldı. Indi hamısı pensiyadadı- dünyanın pulunu alırlar. Kəndi də qoruya bilmədilər- üzbəüz döyüşdən qaçdılar. Amma o zaman mən, Eldar kənddə olsaq qaçmazdıq- saxlayardıq kəndi. A kişi mən 30 il türmə yatmışam- günüm elə gün sayılıb. Amma bunların bir günü 3 gün sayıldı. Belə də şey olar? Indi də dodaq büzürlər adama.O qədər öləsi adam var imiş ki- 22 yaşlı cavanı niyə öldürəsən, axı o nə qanırdı? Mən də elə çöldə də özümü içəridəki kimi aparırdım, söhbət xırdalamaq ölüsü idim. Sonralar bildim ki hər şey boş şey imiş. Mənim kriminal həyatım da sənin müxalifət həyatın kimidi- xəyanət –filan etməmişəm. Amma sonra baxmışam- hər şey boş şeydi. Necə ki siz Qərbə inanırsınız, mən də kriminal şəxslərə inanmışam. Sonda da hər şey oxşar- sizinkilər demokratik ideyaları kürüyə satdı, bizimkilər də kriminal ideyaları göy- göyərti bazarına.

Adama bir araq içdilər. Dəli İsmayıl özünü pis hiss elədi- Asif Qazançı onu taksi ilə yola salıb nümayəndəliyə qayıtdı.

–         –

Səhər Dəli İsmayılın ölüm xəbəri yayıldı- qara bağırı parçalanmışdı. Dedilər serrozdu. Amma Sarı Divin ağrısı idi bu.

Əskipara qaçqınları da son mənzil yeri Ağköynək qəbristanlığı. Qəribə baş daşları var burada- bir baş daşında 2, 3 , bəzən 4 şəkil olur. Yəni qəbiri kənddə qalmış ölülərinin şəkillərini bu baş daşlarına həkk etdirirlər. Vəli Bənöyşəsinin baş daşında da özü və Sarı Divin şəkli vardı.

Buranın da qibləsi Gülül dağına tərəf. Yalnız Dəli İsmayılın qəbrinin yönü fərqli idi. Onun qibləsi Qazançı dağına tərəf idi. Oğlu dedi- özü belə vəsiyyət etmişdi. Dəli İsmayıl bu yeri nə vaxtdı ki seçmiş, gəlib Qazançı dağı qəbristanlığın harasından daha yaxşı görsənirsə oranı əvvəlcədən dəmir hasara almışdı. Bu yerdə Asif Qazançının  da gözü vardı. Amma son mənzilini kimsəyə güzəştə getməmişdi Dəli İsmayıl.

Həmin gün şair Asif Qazançı Dəli İsmayılın  ruhunun sağlığına bir çappa araq içdi.

 

Yazıya 843 dəfə baxılıb

Şərhlər

Şərh

Pin It

Comments are closed.