İrvin Yalom: “Düşündürücü suallara cavab tapmaq istəyən müəllif ən yaxşı yol və ruh yoldaşıdır”
Kaliforniyada yaşayan amerikalı yazıçı Dr. İrvin Yalom mətbuata olduqca nadir hallarda müsahibə, açıqlama verən, kamera və mikrofonlardan qaçan insandır. Rusiyadan sürgün edilmiş yəhudi əsilli ailənin 1931-ci ildə Amerikada doğulan qaraqabaq və yovuşmaz övladı sonralar dünyanın ən çox oxunan yazarı olur. Yalom “Sevgi cəlladı və başqa psixoterapiya nağılları” (“Love’s executioner and other tales of psychotherapy”), “Yalom oxucusu” (“Yalom reader”), “Həyatın mənası” (“The meaning of life”), “Spinoza problemi” (“The Spinoza problem”), “Günəşdə parlamaq” (“Staring at the Sun”) kimi məşhur əsərlərin müəllifi kimi tanınır. Yazarın əhvalının çox yüksək olduğu isti yaz günlərindən birində Hayd-park ilə üzbəüz oteldəki otağında BBC-yə verdiyi müsahibəni ixtisarla təqdim edirik.
– İlk sualım yazı ilə bağlı olacaq… Mahiyyətindən asılı olmayaraq, yazıya çox böyük əhəmiyyət verirsiniz. Niyə yazı bu qədər əhəmiyyətlidir?
– Yeniyetməlik dövründə məndə çox güclü qiraət vərdişi formalaşmışdı. Roman, hekayə oxumaq dəlisi idim. Durmadan, ara vermədən oxuyurdum. Həyatımın bütün dönəmlərində, önəmli bütün hadisələrdə əlimdə yeni başladığım və ya bitirmək üzrə olduğum kitab olub. Mənə elə gəlir ki, oxuduqca aldığım həzz məni insanın həyatda görə biləcəyi ən mükəmməl işin yazmaq olduğuna inandırmışdı. Mənim də məqsədim oxuduqlarımdan aldığım zövqü başqalarına verəcək şeylər yazmaq oldu. Həyatımın yeganə məqsədi yazmaq idi. Əvvəlcə öz ixtisas sahəm – psixiatriya ilə bağlı elmi araşdırma, məsləhət məqalələri, tədris kitabları yazmaqla başladım işə. O məqalələr təkcə dəyərli mütəxəssis yazısı olduğu üçün yox, həm də dil, üslub baxımından uğurlu yazı nümunələri olduğu üçün böyük uğur qazandı, oxundu, maraq mərkəzində oldu. Çox adam deyir ki, ruhi vəziyyətləri, səbəbləri hekayə kimi qələmə alıram. Əksəriyyət aradakı şablon nəzəriyyələrə növbəti səhifədəki “hekayə” üçün dözdüyünü etiraf edirdi. Odur ki, özümü həm psixiatr, həm də hekayə danışan adam kimi kəşf etdim.
– Və quru, sərt, nəzəriyyələrə və prinsiplərə xidmət edən mütəxəssis, peşəkar olmaqdansa, əlçatan, mülayim oxucusuna, xəstəsinə və təbii ki, tələbələrinə qapılarını həmişə açıq qoyan psixiatr-yazar oldunuz. Bu imic nədən qaynaqlanır?
– Dümdüz bir ortodoks dünyagörüşünün insanın bütün qorxu və arzularını əhatə edə, buxovlaya biləcəyinə inanmıram. Mən Con Hopkins Universitetində Freyd nəzəriyyəsini təbliğ edən bir psixoanalitikin nəzarəti altında təhsil almışam. O təhsil sistemində bir çox nəzəriyyə və fikirlərin uzaq tutulduğunu başa düşürdüm. Odur ki, yavaş-yavaş fəlsəfənin də əsrlərdir yığa-yığa gəldiyi nəzəriyyələrlə tanış olmağa başladım. Nəhayət, başa düşdüm ki, necə ki 2000 ildir filosoflar bizim bu gün də müzakirə etdiyimiz şeyləri müzakirə edir və bir nəticə əldə edə bilmir, bu belə də gedəcək. Odur ki, özünü kimdənsə artıq və ya fərqli görməyin heç bir məntiqli səbəbi yoxdur. Fəlsəfənin həyatıma vaxtında və doğru mühakimələrlə müdaxiləsi həyata, yaşam tərzimə və insanlara olan baxışımı, münasibətlər sistemimi də dəyişdirdi.
– Uşaqlığınıza qayıtmaq istəyirəm. Rusiyadan deportasiya edilmiş ailənin uşağı kimi dünyaya göz açdınız. Amerikada, o dönəmlər dünyanın və həyatın mərkəzi olan Vaşinqtonda doğulmaq,“azlıq” adlanan mühitdə böyümək sizə necə bir kimlik qazandırdı?
– Əlbəttə ki, valideynlərimin yəhudi olmasının uşaqlıq illərimdə də, sonrakı dövrlərdə də təsiri çox oldu. Elə Vaşinqtonun özündə yaşadığım həyat da düşündüyünüz kimi sıradan deyildi. İndi Vaşinqton deyəndə adamlar heyrətlə baxa bilər, amma əslində Vaşinqton paytaxt da olsa, ABŞ-ın cənubunda ağlarla qaradərililər arasında rəsmən bölünmüş şəhər idi. Valideynlərimin qaradərililərə aid olan məhəllələrdən birində ərzaq mağazası var idi. O məhəllədə yaşayan yeganə ağdərili ailə idi. Tamamilə qaradərili insanlarla əhatələnmiş və məhdudlaşdırılmış o məhəllədə böyüdüm. Kimliyimin fərqini dərk etməsəm də, bu özünü elə qabarıq formada büruzə verirdi ki, qorxmamaq mümkün deyildi. Bəlkə də elə bu qorxu idi məni erkən yaşlardan kitablardan ibarət, daha təhlükəsiz dünyaya sığınmağa məcbur edən.
– Bəs bu sığınma duyğusu zamanla mahiyyətini dəyişdimi? Yoxsa hələ də ədəbiyyatı bir sığınacaq kimi görürsünüz?
– Bəli, həm də indi daha çox. Bir aydır Avropanı gəzirik, bu bir ayın yarıdan çoxu hansı kitabları alacağıma qərar verməklə keçdi. Bu mənim üçün əhəmiyyətlidir, çünki mənə unudulmaz zövq verən kitablar alıramsa, o səyahət mənim üçün çox gözəl keçmiş olur. İndiyə qədər olan gəzintilərdə qarşıma çıxan kitablar Amerikadakılardan çox fərqlidir. İngilislər amerikalılardan daha incə, daha keyfiyyətli qiraət zövqünə malikdirlər – ilk müşahidələrim bunu göstərir.
– Yaradıcılığınız, üslubunuz, ədəbi zövqünüz daha çox hansı yazarlardan təsirlənib?
– Dahi fəlsəfi yazarlar… Tolstoy, Dostoyevski, Sartr, Kamyu, Kafka, Servantes mənim hər zaman kəşfiyyat və maraq dairəmdə olan yazarlardır. Çağın yazarlarından Milan Kunderanın yaradıcılığını başdan sonadək bəyənirəm. Paul Auster də əsərlərini sevə-sevə oxuduqlarım arasındadır. İçində fəlsəfi mövzuları bəsləyən, yeni baxış, yeni fikir, bəşəri mesajlar sərgiləyən əsərlər oxumağa üstünlük verirəm. Mənə qatardakı qadını kimin öldürdüyü maraqlı deyil, daha dərin, daha düşündürücü suallara cavab tapmaq istəyən müəllif ən yaxşı yol və ruh yoldaşıdır. Detektiv, kriminal mövzulu romanlardan ümumiyyətlə xəbərim yoxdur. Hərdən elmi hekayə janrında əsərləri oxuyuram, çünki onlar da içində bəşəriyyətin gələcəyi ilə bağlı məsələləri birləşdirir, üstəlik, son onillikdə bu janrda çox uğurlu əsərlər yazıldı.
– Qayıdaq sizin yaradıcılığınıza. Necə yazırsınız? Kim, nə kitab yazmaq üçün bir qaynaq olur?
– Xəstələrimlə görüşlərdən qeydlər götürürəm. Amma digər həmkarlarla müqayisədə daha seçici, ehtiyatlı davranıram. Sırf bu qeydləri dəqiq xatırlamaq, yanlışa yol verməmək üçün xəstələrin qəbul saatları arasında uzun zamanlar olur. Bütün qeydləri saxlayıram, xüsusi qovluqlarda. Amma bunlar xəstəyə aid xüsusi qovluqda olur, bəzən danışıqlardan nəsə qəribə, düşündürücü bir fikir çıxarsa, onu “kitab qeydləri” qovluğuna da daxil edirəm. “Terapiya hədiyyəsi” (“Gift of therapy”) kitabım əsasən uzun illər ərzində yığılmış bu qeydlərdən ibarətdir.
– Baxmayaraq ki, amerikalısınız, amma Amerikada məsələn, Almaniyada olduğunuz qədər məşhur deyilsiniz. Bunu nə ilə izah edə bilərsiniz?
– Yox, bu fikrə qatılmıram, ABŞ-da kifayət qədər tanınıram. Əvvəlki kimi tez-tez mühazirələr demirəm, amma konfrans təşkil edəndə bəzən bir neçə gün silsilə olur, çünki dinləyici kütləsi çox maraq göstərir. Əvvəllər də elə maraqlı təbiətim yox idi, qocaldıqca da insanların əsərlərim, mühazirələrim, fikirlərim haqqında nə düşündükləri daha da mənasız və maraqsız məsələ oldu. Getdikcə daha çox introvert oluram. Yazdıqlarımın özümü doydurmasına çalışıram. Tez-tez özümə yaradıcı qabiliyyətimdən layiqincə istifadə edib-etmədiyimlə bağlı suallar verirəm.
– İşiniz gözlənilməz problemlər yarada biləcək bir işdir. Özünüzü təhlükədən necə qoruya bildiniz?
– Əslində, mən indi dünyanın ən rahat adamıyam. Həftəyə cəmi 12 xəstə qəbul edirəm, qalan zamanı yazmağa həsr edirəm. Dünyanın ən gözəl yerlərindən biri – Palo Altoda yaşayıram. Oxumaq, yazmaq və dərin zövq aldığım işlərlə məşğul oluram.
– Olduqca rahat insansınız. Amma yaşınız irəlilədikcə yaşlanma, ölüm qorxusu ilə bağlı sualları daha çox eşidirsiniz. Ölüm qorxusu sizin üçün nə qədər güclü duyğudur?
– Ölüm hamı üçün güclü qorxudur. Insan bütün həyatı boyu bu duyğunu özü ilə daşıyır. Bəzən “ölümün ucundan döndüm” dediyimiz anlarda varlığı ilə insanı ağuşuna alır, insan ömrü boyu o anı unutmur. Ya da çox doğma insan gözümüzün önündə öləndə sahiblənirik bu duyğuya.
– Bəs dini aspekt necə? Ateist olduğunuzu bilirik, amma bəzən insan yaşlandıqca sanki dinə yaxınlaşır, meyillənir, sığınır.
– Din ölüm qorxusu ilə iç-içə keçmiş məfhumdur. Dünyanın hər yerində insan qayğılarından, ümidsizlikdən, ölüm qorxusundan arınmaq üçün bu sxemdən istifadə edir. Bütün dinlərin təməlində ölüm qarşılığındakı tələblər buna sübutdur. O ki qaldı yaşlanmaqla dindarlığın əlaqəsinə, ölümü dinə inanmadan da dərk edib, qəbul edən adam elə də davam edir. O adam ki dindar olur, deməli, o elə əvvəldən o dinə inanır, sadəcə, zamanla daha çox sığınır, bağlanır.
– Amma bu inanmadığınız din günümüzdə böyük siyasi gücdür. Hətta məhz dinin hesabına dünya yeni qütbləşməyə gedir.
– Bəli, bu qütbləşmə təəssüf ki, çox sərt hiss olunur. Bu gedişlə bu dinlər bəşər övladının sonu olacaq. Elə nəhəng gövdəsi, elə dərin kökləri var ki… bunu yıxmaq hardasa imkansızdır. Amerikada dindar xristianları dinləməyə səbrim çatmır, insan nə qədər səfeh olar. Din üçün şəhidlik əvəzində cənnət vəd edilir, bu şüursuzlar gəlib günahsız insanları öldürürlər. Elə müsəlmanların özlərinin axirətlə bağlı gülünc inancları, mənasız savaşları… bunların məhz dindən qaynaqlandığı haqqında yazmağa kimsə cəsarət etmir.
Tərcümə etdi:
Elcan SALMANQIZI |