Qalib Şəfahət –”Baca-baca” bayramı

qalibşəfahət

 

12-13 yaşımız olardı. Ilaxır çərşənbəsinə saylı günlər qalmışdı. Məktəbimizə rayon təhsil şöbəsindən yoxlama gəlmişdi. Şagirdlər yoxlama gələndə həmişə narahat olurdu.

Yoxlama bizim sinfə daxil oldu. Hamı lal-dinməz başını yerə dikib durmuşdu. Görəsən nə sual verəcək? Bilməsək, müəllimlər yoxlama gedəndən sonra danlayacaqdı.

Sinfimizdə bir oğlan var idi, oxumaq-yazmaq  ona tam yad idi. Adı Mikayıl idi. Uşaqlar Mıkı deyib çağırırdılar.

Yoxlama üzvlərindən biri sual verdi:

-Uşaqlar, deyə bilərsiz, indi nə bayramıdır?

Hamı lal-dinməz dayanmışdı. Mıkı özünü yeyib-yorturdu: – Müəllim, icazə verin mən deyim, müəllim, icazə verin mən deyim! –deyib,  müəllim eşıtsın deyə,qolunu bilən adam kimi partaya vururdu.

Müəllimiz bilirdi ki, Mıkıdan yaxşı cavab çıxmayacaq. Nəsə yenə axmaqlayacaq. Ona görə də  ona işarə edirdi ki, səsini kəssin.

Yoxlama üzvü üzünü ona tutub: -Oğlum adın nədir?

-Mikayıldır müəllim- dedi.

-Hə, Mikayıl de görüm!

Müəllim, baca-baca bayramı! (uşaqlar papaqı  əvvəllər bacadan atdıqlarına görə belə deyilirdi)

Yoxlama üzvləri özlərini gülməkdən saxlaya bilmədilər. Müəllimimiz çox  pərt olmuşdu.

Yoxlama üzvləri müəllimin pərt olduğunu görüb, vəziyyətdən çıxmaq üçün bizimlə sağollaşıb sinifdən çıxdılar.

 

 

PAPAQ ATMA

Çərşənbələrdə anam heç vaxt papaq atmağa icazə vermirdi.

Yaxın qohumumuz ilaxır çərşənbədə bizə qonaq gəlmişdi. Oğlu Samir mənimlə yaşıd idi. Tonqal qalayıb üstundən atlandıq. Gördük evdəkilərin başı işə, söhbətə elə qarışıb ki, biz yaddan çıxmışıq. Fürsəti əldən vermədik. Sözləşdik, gedək papaq atmağa.

Samirin dəridən hazırlanmış, içi yun papağı var idi. Atası təzəcə tikdirmişdi, siftəsini başına qoyub bizə gəlmişdi. Elə biz tərəflərin əsl malı idi.  Mənim papağım “çeçenka” idi.

Əlqərəz, gedib papağımızı Şəmil adlı qonşunu həyətinə atdıq. Həyət setqalanmışdı. Girəcək taxtadan darvaza kimi düzəldilib, yandan girəcək qapı qoyulmuşdu.  Həyətdə işıq yanırdı. Xeyli gözlədik xəbər-ətər çıxmadı. Qapını döyməyə başladıq. Səsə it hürüb, zəncirli üstümüzə  cumanda götürüldük, nə götürüldük. Papaqmı yada düşürdü? Axşam evdə heç nə demədik. Səsimizi içimizə salıb, sakitcə dayanmışdıq.

Səhər tezdən  Şəmilgilə yollandıq. Onda bildi ki, axşam iti qarqaraya ( 10-15 metr uzunluğunda qalın məftildən  hazırlanır. Iti bağlayırlar ki, həyəti qorusun, uzağa getməsin) bağlayıb  qonaq gediblərmiş.

Papağı soruşduq. Şəmil kişi  dəri papağı itin pinindən çıxardı. It papağı ağzında ceynəm-çeynəm etmişdi. Ələ gələsi deyildi. Kor-peşiman evə qayıtdıq.  Evdə xəbər tutub məni danladılar.

Papaq atmağım  birinci və axırıncı dəfə oldu.

Yazıya 1032 dəfə baxılıb

Şərhlər

Şərh

Pin It

Comments are closed.