Paşa QƏLBİNUR — Allah verdi ( esse-xatirə)

34766_63m5ue9wuh

1978-ci ilin mayı. Sabir poeziya günləri. Qoşa qala qapısı, Sabirin heykəlinin yanı. Böyük və gözəl Rəsul müəllim indiki dillə desək mitinqin aparıcısıdır. Oxunan şeirlərə uyğun alqış sədaları qala divarlarında əks səda verir… Qarabağ hələ bizdədir… Mitinq bitir. Tanışlar-bilişlər bir-biriylə söhbətləşirlər. Rəsul müəllimlə şəkil çəkdirmək istəyənlər növbəyə durublar.

Onda mənim 26 yaşım var idi. İki həkim dostumla söhbət edirdik. Birdən iki addımlığımızda dayanıb dostumun sözünün bitməyini gözləyən, bizdən təxminən 3-4 yaş böyük, bəstəboy, bığlı bir oğlanın baxışlarını gördüm. Eyni anda salamlaşdıq. Mənə üzünü tutub sən Paşa Musayevsən, – dedi (“Qəlbinur” imzasıyla sonralar çap olundum). “Ulduz” jurnalında şeirlərini oxudum, xoşuma gəldi, xüsusilə

Ay gecəyə hicran çıxır,

İslanmışam…

Əynim-başım, hər yan işıq.

Ürəyimdən işıq axır –

qan qarışıq…

(Şeiri sonacan əzbər dedi. Bu günə kimi də təəssüflənirəm ki, niyə heç olmasa sonralar Allahverdidən məni hardan tanıdığını soruşmadım. Axı jurnalda mənim şəklim getməmişdi).

3-4 dəqiqəlik söhbətdən sonra ayrıldıq. Tanışlığımız belə başladı. O gün bu bəstəboy şairin heç kimə bənzədə bilmədiyim qəribə sevinc və kədər qarışıq gözləri ömürlük yaddaşıma həkk olundu. Bir neçə gün sonra Moskvaya aspiranturaya yollandım. Bir də1982-ci ildə rəhmətlik Vaqif İbrahimin şeir dərnəyində görüşdük. 1988-ci ilə kimi doktorluq işimlə bağlı ilin çox aylarını Moskvada olurdum. Bakıya gələndə ara-sıra görüşərdik (şeir məclislərində, gənc yazarlarla çayxanada, nadir hallarda yeməkxanada, bəzən də mənim sənətimlə bağlı xəstəxanada. O sırada Allahverdiyə ana əvəzi bacısının – Rəziyyə xanımın gözlərinin müalicəsi də yadımdadır. Sonralar çox yaxın bir qohumunu əməliyyat etmişdim).

Bir dəfə adını unutduğum bir dostunu gətirmişdi Semaşkodakı iş yerimə. Müayinə bitəndən sonra dostu ilə mənə nahar etmək təklifi etdilər. Çox vacib işim olduğu üçün üzrxahlıq elədim. Dedim ki, Allahverdi, bu gün bir dostum Şəmkirdən üç litrlik balonda özü çəkdiyi tut arağı gətirib, aparın vurun. Bilirəm, xoşunuza gələcək. Ancaq bir həkim kimi məsləhət görürəm ki, 4-5 günlük intervallarla. Gülüşdük…

Yay keçdi, payızda görüşəndə şəmkirli dostumun “yaradıcılığını” təriflədi…

Hə, yadıma düşdü. Yəqin bütün şairlərin gördüyü qəribəlikləri nəyəsə, kiməsə bənzətmək şakərləri var. 1978-ci ildə Sabir poeziya günlərində gördüyüm sevinc və kədər qarışıq gözlərin çox, lap çox bənzərini 1985-ci ildə Moskvada Gənclərin və Tələbələrin XVIII Ümumdünya festivalında məşhur Amerika müğənnisi, azadlıq carçısı Din Ridin gözlərində gördüm (müğənninin sonrakı taleyi belə gətirdi ki, bir neçə aydan sonra Almaniyada müəmmalı şəkildə dünyasını dəyişdi). O, öz təkrarsız ifasından əvvəl bir təsirli fikir dedi: “Mən dünyanın bir çox ölkələrinin həbsxanalarında təkkameralı otaqlarda yatmışam.  Ancaq heç zaman tək olmamışam. Çünki dostlarım həmişə mənim yanımda olublar – ürəkləriylə, nurlarıyla…”

O zamankı gənclərin Azadlıq kumiri öz nəğməsini ifa edəndə mən ona çox yaxın məsafədəydim, biz onun çevrəsində ayaq üstə durmuşduq. Dinin gözlərinin qəribə parıltısı, kədəri və sevinci Allahverdinin gözlərinin eynisi idi…  Nitşe yadıma düşdü: “ Həzz kədərdən daha dərindədir”.

Bu günlərdən çox uzaq 1978-ci ildə mən bu bəstəboy, qarabığlı şairi ilk dəfə Sabirin heykəlinin yanında görəndə öz şair şakərimlə (vizual oxşarlıq) Vaqif Mustafazadəyə, bir də Nitşeyə bənzətdim. Ürəyimdən keçənləri düz 37 il sonra dilimə gətirirəm…

Vaqif Mustafazadəni 1975-ci ildə indiki Emin Əfəndiyev xəstəxanasında, akademik Mustafa bəy Topçubaşovun cərrahiyyə kafedrasında mən internaturada olanda lap yaxından görüb, söhbətləşmişdim. Bu televiziya ekranlarında nəhəng görünən məşhur jazmen, yaxından bəstəboylu, cılız cüssəli xəyal – həyat paradoksu, qəribə, özünəməxsus, iddiasız baxışları olan bir insan idi.

Nitşenin şəkillərini görmüşdüm,əsərlərini oxumuşdum. O zaman özümə də çox gülünc gəldi bu bənzətmələr : Vaqif Mustafazadə,  Nitşe,  Allahverdi Məmmədli. Aradan 37 il keçəndən sonra yaddaşımın sədaqəti olduqca doğma və isti gəlir mənə.

Nitşe deyir ki, haralısan sualını heç kim mənə verə bilməz. Heç vaxt, heç bir yerə, ötüb-keçən zamana da bağlanmamışam. Azadam qartallar kimi (Nəsimi: “Laməkan” – deyirdi).

Allahverdi “Avtoportret”ində…

… Onun çiyinləri asılqan idi,

Quş qanadı kimi kövrək asılqan.

Kimi paltarını, kimi dərdini,

Kimi də özünü asmışdı ondan.

– deyirdi.

Nitşe deyirdi ki, yoxluq əslində böyük varlıqdır. Əsas olan bunu anlamaqdır.

Allahverdinin iyirmi altı illik cismani yoxluğu, onun böyük varlığıdır. İllər keçdikcə o böyüyəcək…

Onun şeir məntiqi, təfəkkür tərzi bənzərsiz, nanolara bölünüb saysız sayda böyüyəndi:

Allahın ilanı nədi –

Mənə pislik eləmədi.

Gözlərimi verdim, yedi –

Bu hörmət, xətir bəsimdi…

Əziz qardaşım Allahverdi, haqq dünyasında Vaqif bəy Mustafazadəyə de ki, sən gedəli

“Bir şirmayı səsdən sarı

Saralıb gözünün kökü”

– səni sevənlərin.

Nitşe deyirdi ki, məni başa düşmürlər. Bu qulaqlara uyğun olan ağız mən deyiləm.

Səni də elə ona görə “Yaralayıb fil kimi öldürdülər”.

Niyə ögey deyirsiniz

O göy, sizə yad deyiləm.

Başaq bilib döyürsünüz? –

Mən ki, cinə – zad deyiləm…

Nə şərti pambıqla odun?

Verin hirsinizi udum…

İlan tutursunuz tutun –

Mən Seyid Əhməd deyiləm…

Bir dəfə “Paşa Qəlbinurun gözünə məktub” şeirini gətirmişdi. Aşağıdakı misralar o şeirdəndir.

Siz mənimçün bir cüt gözsünüz, doktor,

qaranlıq qənimi

bir cüt yanar göz.

Gecələr gözümə taxıb gəzdiyim

Haqdan şölələnən

Bir cüt fanar göz.

…Ala gözlərinin kökü saralmış

kor ümid

gözümdə Olimp dağıydı.

İşığı küllənən gözlərim orda

Təpəgöz Zevslərin göz dustağıydı.

Mən nur dünyasından gözünü yığmış

quyu dibindəki Məlikməmməddim –

Sizin gözünüzün əli – kəndirim,

Sizin əlinizin gözü – mədədim…

… Bu da sorağını gözlədiyim gün –

Yandı başım üstə çıraq səsiniz:

“Zülmət itdi-getdi,

gözünüz aydın –

Siz bu gün günəşlə görüşəcəksiz…”

Dedim, yarasalar hardadı, doktor?

Dedim, niyə hamı qəlbi nur olmur? –

Tezmi bu zülmətdən qurtaracaqdır

bizim beynimizi

sizin nur elmi?..

Gözləri dörd olmuş ev-eşiyimin

Sizin gözünüzçün yol çəkən gözü…

Günəşin

tər töküb

işıq selindən

bu yurdun gözünə yol çəkən gözü…

Yadımdadır özü boyda ürək olan, ləyaqət olan şair Vaqif İbrahimin dəfni. 29 oktyabr 1983-cü il. Həmin gün mən SSR-nin elm  sahəsində ən böyük mükafatına layiq görülmüşdüm. Sevinc və kədər bir-birinə qarışmışdı. Utandığımdan heç kimə heç nə demədim. (Həmin gün səhər gözlədiyim xəbəri “K.Pravdadan oxudum, 15 dəqiqə sonra səhv etmirəmsə Maşallah Məftun zəng edib, o bəd xəbəri dedi. Vaqif, onun dərnəyinə gələn bütün gənc yazarlar üçün bir ədalət, ləyaqət nümunəsi idi).

Vaqifi Sumqayıtda torpağa tapşıranda birdən sən gözümə sataşdın – çiyinlərində dünyanın yükü…  Sonralar Vaqifə həsr etdiyin vida şeirini oxudum.

Səni anan çəkdi, ananı torpaq,

Doyurdun gözünü bu ac yolların.

Sən ömür-gün adlı bir pöhrə yarpaq,

Qopdun budağından ağac qolların.

1999-cu ilin dekabr ayının 18-də, öz vida günündə bu şeiri təkrar pıçıldadın qulaqlarımıza…

…Mən ölsəm, iki yol öləcəm, anam,

Bir o qarı ilə, bir o qız ilə.

Bir onu bilmirəm

Birinci ölüm

Üzümə baxacaq hansı üz ilə.

Bir dəfə Semoşko xəstəxanasına – kafedramıza gəlmişdin. Hansısa dostunun gözlərindən şikayəti var idi. Bir az kefsiz gördüm səni. Dedin ki, bir az ağrıyıram. Həkim müalicə yazıb, Lənkərana – sənin gözlərini sağaltdığın bacım Rəziyyəgilə gedirəm. Orada qalıb, müalicə alıb, qayıdacağam. Dostunun gözünü müayinə edə-edə, hiss etməsin deyə, gözucu bir də Allahverdiyə baxdım. O, nəzərə çarpacaq dərəcədə dəyişmişdi. Rəziyyə bacının adını bir də çəkdi. Dənizdə boğulan adam bir sal parçasından necə  tutarsa, Allahverdi o addan elə tuturdu elə bil…Soruşdum: “nə vaxt yola düşürsən bacıgilə?” Dedi ki, elə indi, xəstəxanadan çıxıb birbaşa gedəcəm. Araya azacıq sükut çökdü. Nə isə soruşmaq istədim, ancaq fikrimdən vaz keçdim. Köməkçim çay gətirdi. Çay içə-içə o, “tut arağı söhbətini” bir də yadıma saldı. Ürəyimdən qara qanlar axırdı… Zorla özümü ələ alıb dedim ki, sən qayıdana kimi həmin dostum söz verib, şüşəsinin ağzı xamırlanmış ayrı bir əlasını gətirəcək. Özümüz o günü qeyd edərik, Zülfüqarı da çağırarıq… (Zülfüqar Şahsevənli) O dostu da, nə isə dedi… Həkim olduğum üçün fikrim Allahverdinin reseptlərində qalmışdı… Sonra necə oldusa söhbətin sonu başqa səmtə – poeziyaya tərəf dəyişdi. Bayaqdan gözlədiyim an gəlib çatdı. O, söhbət əsnasında dostlarımdan yalnız Allahverdiyə məxsus bir əda ilə əlini göylərə – Allaha tərəf uzatdı… Və mənim xəyalımda göylərdən ona doğru sallanan bir mübarək kəndirdən tutub, yerdən uzaqlaşmağa başladı… Ta göydən itənəcən ucaldı, getdi… Bir neçə gün əvvəl Azdramada gördüyüm “Şah Qacar” tamaşasının  finalında  Fuad Poladov  kimi…

Hər dəfə şair dostum Allahverdi Məmmədlini xatırlayanda onun, dostların uğurlarından, bacısı Rəziyyə xanımdan, poeziyadan işıqlanan çöhrəsi, sevinc-kədər qarışıq gözləri, göylərə uçuşu və ölməz şeirləri yadıma düşür…

PS. Düz otuz yeddi ildir zaman – zaman işıqlı çöhrəsini, gözəl şeirlərini unutmadığım dostum haqqında,  şəxsiyyətinə, ləyaqətinə, yaradıcılığına, böyük hörmətim olan Novruz Nəcəfoğlunun 25 yanvar 2014-cü il tarixdə “525-ci qəzet”dəki böyük həcmli, böyük ürəklə yazılmış xatirə – essesini oxuyub təsirləndim. Zəng edib müəllifə təşəkkür etdim. Çox sevindim. Və elə həmin gündən Allahverdi haqqında yazı yazmaq keçdi könlümdən. İki səbəbdən bu yazı düz bir il gecikdi. Boynuma götürdüyüm çoxsaylı qayğılardan amanımın olmamağı – vaxt seytnotu,  ikincisi etiraf edim ki, Novruz müəllimin dost haqqında gözəl, olduqca uğurlu yazısı. O, Allahverdini məndən əvvəl və daha yaxından tanıyırdı.

“Söz”ün baş redaktoru – xatirini çox istədiyim qiymətli ziyalımız Sevda xanım Əlibəylinin zəng edib məndən Allahverdi haqqında yazı istəməsi ürəyimdən oldu. Mənim üçün çox qiymətli və müqəddəs olan şair dostum Allahverdi Məmmədli haqqında bu yazını oturub yazmağa bir aydan çox vaxt lazım gəldi ki, özümü səfərbər edəm. Yazmaq mümkün olmayanda yazdım.

Yazıya 713 dəfə baxılıb

Şərhlər

Şərh

Pin It

Comments are closed.