Bu ipək örtük altda
zolaqlı döşəyin
qırçın ləpələri var,
Neçə qadın kürəyinin
neçə qız ürəyinin
ləpirləri var…
Bu çarpayı hop-hop kimi
oxuya bilir,
Bu çarpayı
taksi sayğacıtək
saya bilir,
Qadınların ağırlığından
onların firavanlığını
duya bilir.
Bu çarpayı
qoşa ovuca bənzər,
dilənçi ovcuna,
Qadınlar pul kimi
atılırlar bura;
Çırpınırlar balıq kimi
polad torlarını qıra-qıra…
Balışın içindən
qarət olmuş toyuqların
libası hönkürür.
Çarpayıdan döşəməyə
ipək libas tökülür.
Divardan Cakonda gülümsünür
Çılpaq Afroditaların
yalançı hay-küyünə,
Bu çarpayı ağrı çəkir
deyinə-deyinə…
Cakonda qadına baxır,
Elə bil qəhqəhəylə güləcək;
Bu qadın hər şeydən xəbərsizdir,
İndi…
hər şeyi biləcək…
***
Gedirik ölümgilə.
Gedər-gəlməz yoldu bu,
Kim qayıda, kim gələ?!
Ölüm, qarşıla məni.
Piyada səbrimiz yox,
Maşın qəzası nə çox…
Həyat üzük içində, –
Hansı tərəfə qaçaq;
Ölüm, qarşıla məni.
Ömür – sinif dəftəri,
Saylıdır varaqları.
Əlimiz yetməz ona,
Təzədən yazaq barı;
Ölüm, qarşıla məni.
Hələ tezdir, igidim,
Nəyim var, nə üyüdüm.
İki körpəm gözləyir,
Möhlət ver qoy böyüdüm,
Gəlim, qarşıla məni…
***
Nələr, nələr yada düşdü,
Xatirələr oda düşdü.
O günlərdən qəlbimizə
Qorxulu bir səda düşdü,
Görməyəydim kaş ki səni.
Bahar gəldi qış evinə,
Bu köçəri quş evinə.
O vaxt naşı bənna kimi
Yaddaşımın daş evinə
Hörməyəydim kaş ki səni.
Külə dönmüş od-ocaqsan,
Bəlkə belə qalacaqsan.
Onda uşaq deyildim ki,
Bilirdim ki solacaqsan,
Dərməyəydim kaş ki səni.
Hicran gəldi sinə-sinə,
Günlər ötdü sənə-sənə.
Bir güldanda saxlayaydım,
Öz əlimlə özgəsinə
Verməyəydim kaş ki səni…
***
Evimin bir küncü,
Uşaqlardan qaça-qaça
tapmışam bu yeri.
Bura şeirlərimin
döyüş səngəri.
Əyilib masama,
ağlımı, hissimi
verirəm yazıma.
Mənimlə öpüşə-öpüşə
ölür siqaretlər,
Yayın bürküsü,
Payızın bölgüsü,
Qışın ayazı,
Yazın dadı
Hamısı yazımdadı.
Anlarım, saatlarım
Kədərim, şübhəm, inadlarım,
Qeybətlərdə sındırılan
qanadlarım
hamısı yazımdadı…
Xəstə yazılarım olur,
Elə vərəqdəcə ölür.
Ölən şeirimin tabutuna dönür
yazı masam.
Təzəsini yazıram,
Ö-lə-rəm,
Ölərəm, yazmasam!!!
Yazıya 1047 dəfə baxılıb