Cəbrayıl OTUZİKİ — SƏRGÜZƏŞTİ ƏHLİ-CƏHƏNNƏM

1897997_573713016039805_1815085774_n



(C.MƏMMƏDQULUZADƏNİN SATİRALARI ƏSASINDA)

Atlar dayandı”. “Qurbanəli bəy”, “Molla Fəzləli”, “Əbdürrəhim əfəndi”, “Molla Cəfərqulu”, “Leontiyev”, “Fərzəli bəy Vəzirov”, “Hacı İbrahim”, “Şeyx Məhəmməd”, “Hemi Paşa”, “Məhəmmədəli Mirzə”, xülasə, bütün “Yoldan azanlar”, “Quli-biyabanlar” atlardan endilər. “Gecənin sahibsiz vaxtı” idi. “Təmizlik”dən əsər-əlamət olmayan bu “Meşədə gördüklərim”, “Dərd” və “Bəla”dan başqa bir şey vəd etmirdi. “Qarğa-quzğunlar”ın, “Çaqqal” və “Meymunlar”ın hələ gündüzdən didişdirdikləri “İnsan və heyvan” “Cəmdək”ləri, “Çuval”lar, “Dağarcıq”lar, “Xurcun və çamadan”lar “Yol” kənarına tökülüb qalmışdı. “Bayquş”ların tük ürpədən səsləri də gecənin lal sükutunda qəribə bir zəhm yaradırdı…

Bu əhvalat “Bədbəxtçilik”dən “Behişt əlifbası”nı bilməyib Cəhənnəmə düşən “Qarnıyoğunlar”ın, “Binəsiblər”in “Nicat” olmaq istəyi kimi “Çətin məsələ”ni əks etdirir. Üç gün bundan əvvəl Odabaşı Cənnətə işləyən “Dəmir yol” qatarlarına “Bilet satılmasını” “Qadağan etmək” haqqında “Qərardad” vermişdi. Odur ki, “Cümə günləri” yola düşən qatara bilet almaq istəyənləri “Mədfən” kassalarında “Pasport get-gəli”nə salır, biletsiz sallaşmaq istəyən “Saqqalı uşaqlar”ın isə sinələrindən itələyərək: – “Yer yoxdur”! deyirdilər. Bəzən də maşinist “Acığnan” , yer olduqda da, – “Yollarımız” bərbaddır! “Bəhanə”si ilə “Baş”ı “Bəla”lı “Müştərilərə” dirsək göstərirdi. “Şikayət”lənərək bir-biri ilə “Mırt-mırt” etdikdə isə, od “Dil”li taziyanələri olan Cəhənnəm “Hamballar”ı – Ğəllaz və Şəddad – “Nə mərəkə”dir! Hədər yerə özünüzü yormayın. İslah olmayınca heç yerə getməyəcəksiniz! “Nə vaxt” günahlarınızı yusanız, onda gedərsiniz! – deyərək, “Hov-hov” edir, “Dinsizlik” mərəzinə mübtəla olanların keçəl başlarını dağlayırdılar. Odur ki, “Ölülər” “Zülm” əlindən cana doyaraq, Odabaşından gizlin “Fürsət” tapan kimi atlara süvar olmuş və Cəhənnəmdən qaçmaq xəyalına düşmüşdülər.
“Üç yüz milyon” Cəhənnəm əhlinin hamısı keçəl idi. Çünki Cəhənnəmin “Böyük həkimlər”inin məsləhəti ilə, profilaktik tədbir kimi Cəhənnəmdə “Kooperativ” “Dəllək”xana tikilmişdi.

Cəhənnəmə daxil olanlar “Növbə gözləmək”lə “Dəllək”in qəbuluna düşürdülər. Əzazil dəllək müştərilərin başını “İsti suya – soyuq suya” saldıqdan sonra, hər dizinin altına bir “Fındıq” qoyaraq, zavallıları dizi üstə oturdur, əlindəki “Rəndə”yə oxşar diləklə başı və üzü rəndələyir ki, vücud bit və birədən, “Mikroblar”dan “Qurtarıb” pak və təmiz olsun. Dəlləyin yanında olan “Bir boçka su” al qan idi. Dəlləkxana “Qan hamamı”na dönmüşdü. Bu təraş o qədər çətin bir iş idi ki, bəziləri “Pirverdinin xoruzu” kimi banlayır, “Keçi”, “Quzu” kimi mələşirdilər…Növbədə duranlar isə xorla:
“Necə qan ağlamasın daş bu gün,
Qırxılır gör neçə min baş bu gün.”
Mərsiyyəsini deyərək başlarına, dizlərinə döyürdülər. Təraş olunanlar ağrının şiddətindən “Çəyirtikə” kimi tullana-tullana qalmışdılar…Bu elə bir məzhəkəli tamaşadır ki, onun müqabilində, nə teatr, nə kino, nə hind filmi – hamısı bu tamaşa ilə müqayisədə boş və maraqsız bir şeydir…”Allah” cəmi arzusunda olanlara qismət eləsin! Amin!
“Təsəlli” onda idi ki, burada hər ölkədən, hər “Millət”dən, hər peşə sahibindən nümayəndə var idi. “Üç yüz milyon” Cəhənnəm əhlinin içində “Dindar firqəçi yoldaşlar”da var idi, “İran tacirləri”də. “Papaslar” da var idi, “Kərbəlayılar”da. “Politika aləmində” “Söz pəhləvanı” olanlar da var idi, “Uşaq teatrı” “Artistlər”i də. 
“Altı milyon” Hacı da var idi, “Səkkiz yüz molla” da. “Müəllimlər” də var idi, “Ticarət” baqqalları, “Bambılılar” da. “Babilər”də, “Müsəlman”lar da var idi, “Xaç bayramı” keçirənlər də. “Oruc yeyənlər”də var idi, oruc tutanlar da. Burada İran “İslam” “Cumhuriyyət”indən, “Üzr istəyirəm” “Arvadbazlıq” edən “İranlılara”da rast gəlmək olardı, “Azərbaycan”da “Firqələr davası” salanlara da. “Rus məxrəci” ilə danışan “Peterburq”lu müsəlman da var idi, “Pyatiqorsk” şəhərindən olan da. “İngilis mədəniyyəti” görmüş “Maarif” xadimi də var idi, Yaponiya “Vətəndaşlar”ı da…Nə isə…
“Çox qəribə” olan bu əhvalatı “Oxucularımıza” “Bəyan” etməkdə məqsədim “Məktəblər”də təhsil alan “Cavanlara” ibrət dərsi verməkdir. Çünki, onların “Gələcək” həyatından “Çox nigaranam”…
Əl qərəz. Yolçular acından taqətdən düşmüşdülər. “Lal” “Dəstə” başçısının işarəsi ilə atlardan enən kimi “Aclar” cəld yolun kənarına tökülüb qalan “Dağarcıq”, “Xurcun və camadan”lara cumdular…Ağzı açılan hər bağlamadan minlərlə əqrəb, “İlan-qurbağa” və daha nə bilim nə “Binəsiblər”ə hücüm çəkdilər. “Nə etmək?” İnsanda “Bəxt lazımdır”, “Bəxt”! Binəvalar qorxudan elə bağrışdılar ki, mindikləri atlar da hürküb, hərəsi bir yana qaçdı. “Bais”in evin “Allah” yıxsın! Qorxudan “Dili tutulub” lal olan da oldu. Amma buna “Lal” dəstə başçısı sevindi ki, ona da bir yoldaş tapıldı…
“Gözəl yerlər” və yolun çətini isə hələ qabaqda idi. Qalan yolu pay-piyada, “Qaranlıqda”, “Tikan”lı daşların üstü ilə “Pillə-pillə” qalxmaq lazım gəlirdi. “Şirin rusi danışan” “Leontiyev”, “Bismilla-xiraqima-nirraqim” deyərək qabağa düşdü…”Təzə il” “Köhnə il”ə nisbətən xeyli quraq keçirdi. Səmada “Qara buludlar” görsənmirdi ki, susuzluqdan “Dil”ləri ağızlarında quruyan bədbəxtlər, heç olmasa bircə damcı su içə bilsinlər. Burada “Su budkaları”nda su əvəzinə ərinmiş qurğuşun, sirop əvəzinə isə ərinmiş mis satılırdı. Ona görə də əlac yağış suyuna qalmışdı. O da ki, “Olaydı-olmayaydı”. Hamı “Dua” edərək gileylənirdi ki, “Bəs nə vaxt” “Divar” boyu uzanan, bu “Murdar”, bu “Zəhrimar” pillələri “Qurtarıb”, “Paklar”, “Nadirül-vücudlar” diyarına çatacaqlar…
Birdən kimsə “İşıq” gələn tərəfi nişan verərək qışqırdı: – “Bu nədir?” !
“Həqiqət”ən “Təbiət”in güllü-çiçəkli guşəsində, “Tərəkəmə” binələrinə bənzər çadırlar qurulmuş, yemək bişirilən ocaqların “Tüstü”sü ərşə bülənd olmuşdu. Gözəl-göyçək “Xanımlar” “Ballı badımcan” mahnısını oxuya-oxuya rəqs edir, “Dörd yüz qız” isə əl çalırdı. Kimi dedi “Toy” üstə çıxmışıq, kimi dedi “Ehsan”. “Şadlıq xəbəri” bir anda bütün dəstəyə yayıldı. Hətta iki lalın da dili eyni vaxtda açılaraq: – “Pək eyi!” İşimiz “Düzəldi”! dedilər. “Arvad” məsələsi düzəlmişdi. “Dəxi nə istəyəcəklər”?...Necə deyərlər, arzuları yar idi, yetirdi Pərvərdigar!
Bir-birini “Təbrik” edə-edə hamı üst-başını qaydaya salır, “Batdağ”a batmış “Başmaq”larını təmizləyə-təmizliyə, “Şükür və səna”, “İnşallah” deyə-deyə, “Yar ilə görüşmək” üçün “Aşina sədası” gələn “Yığıncağa” tələsirdilər. “Kamança”nın səsi hamını əfsunlamışdı. “Yan tütəyi” bütün ağrı-acıları unutdurmuşdu. “Qəssab” kabab “Tədarük”ü görərək “Cəmdək”-cəmdək ət kəsmişdi. “İskəndəri kəbirlər” dövlətli xanımların sifarişi ilə məclisə “Küp”-küp sərin su daşıyır. “Sürmə”li “Xanımlara” “Zarafat”edirdilər. Bir tərəfdə də “Çay dəsgahı” qurulmuş, “Şor”, “Ağ çörək və kərə yağı”, “Bahalıq” olmasına baxmayaraq “Çanaq”-çanaq noğul-nabat süfrəyə düzülmüşdü. Məclisdən xeyrxahlıq və “Məhəbbət” saçılırdı. Birdən-birə elə bil, “İsa əleyhissalamın möcüzəsi” baş vermişdi. Məclisə gələnlər “Mübarək olsun” deyərək, “Mübarəkbadlıq”etdikdən sonra, onlara göstərilən yerlərdə əyləşir, qarşılarına çay dolu fincanlar, yemək dolu qablar qoyulurdu. Plov yemək istəyənlərə isə, “Hələ dəm alır” deyirdilər…
“Nə deyim” sənə ay gidi dünya! Yaxşı deyiblər ki, sən saydığını say, gör fələk nə sayır?! Birdən elə bil “Zəlzələ” baş verdi, tilsim “Zəncir”i qıdıq-qırıq oldu. Rəqs edən xanımlar və qızlar əcinnələrə, çay və sərin su isə maye qalay və qurğuşuna döndü. Huri-qılman yığıncağı “Dəli yığıncağı”na çevrildi. “Şeytan” məclisin yuxarı başında qərar tutmuşdu. “Göz yaşları” təzədən selə döndü. Hamı əlinə keçən daş-kəsəyi lənətə gəlmiş İblisə tərəf ataraq, onu yamanlayırdı…
Bir çığır-bağır var idi ki, elə bil kolxoz sədri seçmək üstündə kənddə ikitirəlik düşmüşdü. Cəhənnəmin başbiləni olan İblis uca bir taxtın üstünə çıxaraq sağa-sola şıllaq atır, bədbəxtliyə giriftar olan yolçular isə, onun dörd ətrafını alıb, hərə bir cür föhş deyir, hamı Cəhənnəmə düşməsində onu müqəssir tuturdu. Birisi deyir: – Sən olmasaydın bu “Din”i qoyub, o biri dinə qulluq etməzdim! Birisi deyir: –Yüz il, yüz ilə qalsaydı, mən rüşvət alıb, vətəni pula satmazdım! Bəyəm məndə “Vətən məhəbbəti” yox idi?! Hamısını eləyən sənsən! Sən məni yoldan çıxardın! Birisi deyir: –Xudavəndi-aləmin lənəti sənin canına gəlsin! Məgər sən deyildinmi həmişə bizim qulaqlarımızı dolduran ki, cammat nə qədər elmdən geri qalsa, bir elə sizə mənfəti var deyən?! Biz də hər bir növlə “Savad məktəbləri”ni qapayıb, özəl təhsil müəssisələri adı ilə rüşvət almaqla, diplom satmaqla camaatı elmdən saxlayırdıq. Birisi deyir: –Məgər təqsir səndə deyilmi ki, rəyasət odunu bizim canımıza doldurub, bizi “Rəhbər” olmaq azarına mübtəla etdin?! Biz də “Millət”i 42, yanki 52 parça edib, hər firqəsinə “Təzə partilər” bəhanəsilə bir ad qoyub, bir-birinə düşmən elədik! Birisi deyir: –Xudavənd təbarək və təalanın lənəti sənin o kor gözünə gəlsin! Sən məni hey dilə tutmurdunmu ki, alverdə qazanmaq istəyirsənsə tokar dəzgahında çəki daşının içini yonub 100-150 qram yüngülləşdir, yüngül daşla sat deyən?! “Ax, Nikolay!” heyif sənin qulplu çəki daşından! Heyif səndən a, girvənkə! Tfu sənin üzünə! Birisi deyir: –Məgər mən bilmirdimmi ki, Həcc “Ziyarət”i adamı ağıllandırmır?! Səydəş Kərbala ziyarətindən qayıdandan sonra Kərbəlayi-Səydəş olur?!…Dörd dəfə Məşhədə, üç dəfə Kərbəlaya, iki dəfə də Həcc ziyarətinə getdim. Allah bilir neçə min dollar xərclədim bu yollarda…”Qazancımız” nə oldu? Axırı da bu…Sən məlunun sözünə baxmayıb daş-başla, min bir əyri yolla yəğdığım bu pulları yetim-yesirə, fəqir-füqaraya, şikəstlərin, xəstələrin müalicəsinə, xalqın maariflənməsinə xərcləsəydim burda nə ölümüm var idi?! “Cavab” ver, biqeyrət! Allahın lənətinə gələsən! Birisi deyir: – “Dost” mən ölüm “Lotuluq” eləmə! Alə, qardöşüm “Piyaniskalığın dərmanı” narkomanlıqdır, deyib, məni bu günə salan sən döyülsən?! Nöşün şıllaq atırsan alə? Mütrüb oğlu, mütrüb! Birisi deyir: –Heç mən öz abrımdan keçib, camaat əmanətinə xəyanət edərdimmi? Sən məni yoldan azdırdın! Mən də sən üzüqaranın sözlərinə aldanıb, müdafiə fondu üçün, “Məscid”, “Məktəblər” açmaq, “Təzə dəyirman” tikdirmək, yol çəkdirmək üçün camaatın boğazından kəsib qıram-qıram “Cəmiyyəti-xeyriyyə”lərə yığdığı milyonları alapaxta palıd udan kimi uddum. ”Müsəlmanlığ”ın harda qaldığını heç özüm də bilmədim. “Zırrama” məlun! Birisi deyir: –Mən polis işçisi ola-ola, məni oğru-əyrilərlə aşina edən sən deyildinmi?! O vaxt sənə aldanıb millətin əmlakını talan etməsəydim, damazlıqlarını kəsməsəydim indi poqon boyda qızğın dəmiri çiyinlərimdə daşımağa məhkum edilməzdim! Birisi deyir…Nə isə…
Cəhənnəm əhli çığırdıqca İblis şıllaq atırdı. Hərəni bir növ başa salırdı ki, onda təqsir yoxdur: – Ay camaat, məndən əl çəkin! Mənə “Böhtan” deməyin. Bir yol mənim yaxamı, mənim düşmənlərim sizin əlinizə verib, elə hər əməli məndən görürsünüz! Doğrudur, məndən yaxşı iş baş verməz! Amma yenə o bəd əməllər ki, dünyada baş verir, çoxdan nə mənim, nə də mənim övladlarımın bu işlərdən xəbəri yoxdur! Nahaq danışmayın! Başınızın üstündə “Allah” var! Gedin öz içinizi axtarın, görün nə qədər şeytanlar taparsınız ki, onların heç birisinin əlinə su tökməyə belə layiq deyiləm! Amma bu gün sizə “Bir parça sözlər” deyəcəyəm ki, hamısı “Qızıl kimi sözlərdir”! Bu yaxınlarda Cəhənnəm əzabkeşlərinin bir qisminə “Məhərrəmlik” təziyəsi münasibətilə ümum-əfv veriləcək. Hamı bir ağızdan dilləndi: – “Allah bəd nəzərdən saxla!”, “Allaha şükür olsun”! İndi “Cəfəngiyyat” danışmaqdansa, “Bəzi işlər”inizi qaydaya salmalısınız. “Xoşbəxtlik” bir addımlıqdadır! “Qatmaqarışıq”lıq salmaq lazım deyil. “Biz” “Məramnamə”yə uyğun hərəkət etməliyik. “Mətbəə”mizdə çap olunan “Qəzetlərdən” təzə xəbər də almışıq ki, “Qəzalarda yol məsələsi” bərbad olduğundan Məhərrəmül-həram ayınım onuncu günündən etibarən “Əsrimizin möcüzələri” olan “Molla Nəsrəddin aeroplanı” Cəhənnəm – Cənnət reysi ilə uçacaqdır. Əfv olunanlar “Ruzi-Aşura” günü Cəhənnəm səhrasında olan “Zənciri-müqəddəs” hava limanından yola düşəcəklər. “Üç saat”dan sonra Cəhənnəmin yeddinci qatında – Haviyədə, Zəqqum ağacının kölgəsində əfv üçün qeydiyyat keçiriləcək. İndi siz Səqər adlanan dördüncü təbəqədəsiniz. Piyada düşsəniz “Qorxuram” ki, qeydiyyata çatmayasınız. Odur ki, ən qısa yol Veyl quyusuna düşüb, “Kəc qabırğa” körpüsündən keçərək Zəqqum ağacının altına çıxmaqdır. Kim tez getsə bəlkə əfv olunub Cənnətə uça biləcək. Orada “Sülhi-əbədi” bir şəraitdə ömür edəcəksiniz.
Bu sözləri eşidən kimi toplaşanlar qışqırıq, basa-bas salaraq birbaşa Veyl quyusuna doğru qaçıb, özlərini kələsiüstə quyuya tulladılar ki, ümum-əfv qeydiyyatına gecikməsinlər.

İblis isə üzünü yana tutub “Başını(zı) piyləyim” belə nadanlar – deyərək, elə bir dəhşətli qəh-qəh çəkdi ki, mən “Yuxu”dan dik atıldım. Səksənmiş halda lənətullah əla qövmüz-zalimin! “İnna lillahi və inna ileyhi raciun” duasını oxuyub Allaha dua etdim. Səhərə kimi isə yata bilmədim. Yusif peyğəmbər özü xeyrə yozsun. Amin ya Rəbbül Aləmin! Amin!

P.S. “Yuxu”muzda 250-yə yaxın satira adı yad edildi. Allah Mirzə Cəlilə rəhmət eləsin. Amin!

 

Yazıya 986 dəfə baxılıb

Şərhlər

Şərh

Pin It

Comments are closed.