Ənvər SEYİDOV–“Mən ürəyəm, döyünməsəm – ölərəm”

Həqiqi dahi o adamdır ki, ürəyi hamı üçün döyünür.photo

R.ROLLAN

İnsanın gözəlliyi onun sözünün gözəlliyidir

 

Çox təəssüf ki, mənə Rəsul Rza ilə üzbəüz dayanmaq, onun fəlsəfə və məntiqə söykənən fikirlərini dinləmək və duymaq qismət olmayıb. Düşünürəm ki, bizdən əvvəlki nəslin xoşbəxtliyi onda olub ki, ədəbiyyat tarixinə korifey kimi imza atan və xatırlanan simalarla eyni dövrü bölüşdürüblər. Bizim gənclik payımıza həyatın ilk pillələrini adlayan məktəblilər kimi onların əsərlərini oxumaq, qəhrəmanlarının duyğularına şərik olmaq, şeirlərini əzbərləmək düşüb. Hər tarixin öz yazısı var. 1950-60-cı illər tarixi Azərbaycan ictimaiyyətinin ədəbi yaddaşına nələri həkk edib, nələri köçürüb? Bu yaddaşa açar salmaq üçün mütləq Rəsul Rza poeziyasına bələdçiliyin olmalıdır. Rəsul Rza poeziyasının formalaşdığı – onun yaradıcılığının çiçəkləndiyi dövrdə mənim cəmi 10-11 yaşım olardı. Dünyanın atom silahlarına etiraza qalxdığı, ədalət və sülh uğrunda mübarizə apardığı bir zamanda biz hələ ətrafımızda baş verənləri dərk etmirdik. Qarşımızda geniş perespektivli üfüqlər açılmışdı və biz sovet məktəbliləri də taleyin üfüq xəttinə yürüşə çıxmışdıq. Bütün bu olanları-bizi əhatə edən dünyanın mübarizəsi, sevgisi, şirinliyi, ən nəhayət həyəcanı zərrə-zərrə sonradan oxuyub bələd olduğumuz Rəsul Rza poeziyasına hopurmuş həmin vaxtlar. Və həmin tarixin zərrələri toplanmış Rəsul Rza irsi haqqında danışmamaq mümkün deyil.

 

Azərbaycan poeziyasının nəfəsində, arzusunda yaşayan Rəsul Rza

 

Şair. Ssenarist. XX əsr Azərbaycan ədəbiyyatının görkəmli nümayəndəsi. Mahnı mətnlərinin müəllifi….

Rəsul Rza – Azərbaycan şairi, ictimai xadim, Sosialist Əməyi Qəhrəmanı, Azərbaycan xalq şairi, Azərbaycan əməkdar incəsənət xadimi, SSRİ Dövlət mükafatı laureatı…

Bir insan ömrünün sığa biləcəyi ömür çərçivəsi, bir insan taleyinin yaza biləcəyi ən zəngin bioqrafiyalardan biri…

Bu bioqrafiyaya, bu ömür çərçivəsinə daha nələri sığışdırmaq olar? Bu sualın cavabını Rəsul Rza ömrünün nəhayətindən – 1981-ci ildə torpağa qovuşandan sonra yazılan məqalələr, monoqrafiyalar, araşdırma və tədqiqat yazıları verib.

Böyük klassik – torpağın şair oğlu Rəsul Rza özü sualın cavabını verib getmişdi: “Mən ürəyəm, döyünməsəm – ölərəm!”

Beləcə öz yaradıcılığı ilə bir bilməcə qoyub getmişdi Rəsul Rza müasirlərinə. Ona görə müasirləri yazıram ki, ədəbiyyat heç zaman köhnəlmir və həmişə cəmiyyətlə çağdaş olur. Bu pozulmaz məntiqdən yanaşanda biz də öz müasirimizin -Rəsul Rzanın bilməcəsinə yazımız boyu cavab axtaracağıq…

 

Böyük eşqin fədaisi

 

Rəsul Rza şairlikdən öncə övlad – doğulduğu torpağın vətəndaşı idi. Bu övladın Ana dediyi torpaq- başı dərdli, qəlbi dağlı Azərbaycan bütöv deyilsə, param-parça olmuş bu torpağın övladı tam ola bilməzdi. Bütöv olmayanın xoşbəxtliyi də üfüq xətti kimi əlçatmazdır, ha yüyürsə yetmək olmaz: “Mən torpağam, məni atəş yandırmaz” deyə dünyaya car çəkən şair həqiqi torpaq-yurd aşiqi, Vətən – bütöv Azərbaycan idi, bir sərhədlə çevrələnmiş Gəncə idi, Təbriz idi, Marağa, Şəki, Şirvan, Borçalı, Göyçə mahalı, Zəngəzur, Dərbənd, Qarabağ – bir sözlə parçalanmış, bütövləşməyincə xoşbəxt ola bilməyən Azərbaycan torpağı idi. Amma o torpağın sərhədlərinin çərçivəsi sındırılmış, Marağası, Ərdəbili, Savalanı əlçatmaz edilmişdi. Həsrət və qovuşmaq yanğısı, azad və hürr olmaq istəyi sonsuz bir eşqin fədaisinə çevirmişdi bu insanı:

 

Son zamanlar

səni yuxuda görürəm,

Təbrizim,

Hər gecə.

Suyun, çörəyin varmı?

Nəğmən necə?

Yenə “Qaragilə”,

Yoxsa daha qəmlidir?

Göy məscid necədir?

Ərk qalası necə?

Yanıq dağ qupqurudur,

Ya nəmlidir?

Yuxuma girirsən Təbrizim,

Yoxsa incimisən uzun

həsrət yorub səni,

yoxsa dözüb-dözüb

İndi yaman qəribsəmisən?

Təbrizim,

Mənsizim…

 

Bu xitabda, müraciətdə övladına həsrət atanın iztirabları öz əksini tapıb. İndiyə qədər Təbrizin- bir zamanlar bütöv Azərbaycan dövlətinin baş kəndinin şəninə ünvanlanmış şeirlərdən, gözəlləmələrdən fərqli olaraq Rəsul Rza poeziya nümunəsi yaratmırdı, qəlbində ovxarlanan dərdini dilə gətirirdi. Övladından ayrı düşmüş ata kimi dindirirdi Təbrizi “Suyun, çörəyin varmı?”, “İndi yaman qəribsəmisən, Təbrizim, Mənsizim…”

 

Neçə şeir yazılıb anaların adına!

Anadan kim doyub, kim?

Şöhrətimin şəhəri,

Bakım!

Göy gözlü Xəzərimin

sahil yaraşığı!

Abşeiron gecələrinin

sayrışan işığı!

Və yaxud

Sinəsi qabarıq:

Nağıllardan gəlmiş

Bir qəhrəmandır

Şuşam mənim.

Mərdlik ilə, gözəlliklə

Qoşam mənim…

 

Oxucu dərhal bir ata qüruru, iftixarı duyur bu sətirlərdə. Sevinc, fərəh və həsrət. Rəsul Rza poeziyasından hədsiz bir həsrət boylanır, bəzən oxucu yanıb-yaxılır bu həsrətin şiddətindən, bəzən əriyib itir bu həsrətin burulğanında. Bu həsrət oxucunu xoşbəxt olmağa qoymur. Bayronun “İnsan gülüşlə göz yaşları arasında dolaşan varlıqdır” deyimi necə də yerinə düşür. Üstəlik, bu insanın əlində qələm, dilində söz, qəlbi də ki, Xəzər kimi çağlayan, coşub-daşan duyğular yuvası ola…

Torpağı bölünmüş, sərhəd-sərhəd parçalanmış bir Vətənin övladı heç vaxt tam xoşbəxt ola bilməz və oxucunu həmişə qələm sahibinin ən yüksək mərtəbədə belə xoşbəxtlik duyğusuna sahib ola bilməməsindən heyrətlənir və dərk edir ki, bu oxuduqları sehrinə düşüb itdikləri elə onun – oxucunun öz ürəyindən keçənlərdir. Heç zaman xoşbəxt ola bilməyən qalib türk xalqının çərçivələnmiş məkana sığınmağa məcbur övladı həmişə öz ürəyinə, iç dünyasına çəkilib:

 

İki böyük dünya var

İçi günəşlərlə, planetlərlə dolu

Bir dünya var kainatın bir hissəsi

İrili-xırdalı məmləkətlərlə dolu

Bir dünya var –

Mənim dünyam…

Ümidli, sevincli, kədərli

Bir dünya var könlümüzdə…

 

Bu dünyada – şairin könül dünyasında hər şey, insanın arzuladığı, əlçatmaz görünən bütün vasitələr – sözlər, sözlərin yaratdığı fikirlər, ifadələr və onların yaratdığı poeziya, bu poeziyanın ehtiva etdiyi arzular və niyyətlər bu günümüzə, işıqlı günlərimizə körpü olub, yol gəlib:

 

Mən işığam – qaranlığın qənimi

Mən insanam,

daşıyıram qəlbimdə

dünyaların sevincini, qəmini.

Mən insanam,

vətənim var, elim var.

Ən böyük həqiqəti,

azadlığı, məhəbbəti, nifrəti

söyləməyə qadir olan

dilim var.

Mən həyatam,

həmişə yoldayam,

nəfəsdəyəm, arzudayam,

baxışdayam, ürəkdəyəm, qoldayam.

Mən ürəyəm..

 

 

İctimai xadim

 

Hətta qorxu da var Rəsul Rza poeziyasında. Amma bu qorxu artıq şair kimi yox, ictimai xadim kimi onu narahat edir. Şairin təəssüf, ağrı dolu sözlərinin alt qatında nə gizləndiyini axtarmaq üçün çox düşünmək lazım gəlmir:

 

…Diri qalmaq,

əbədi susmaq qorxusu

bağlamışdı dilimi.

Çünki mənim nə qədər

könül sözüm vardı

xalqa deyəsi…

 

Bu gün, artıq Rəsul Rza irsinə baş vurarkən, o irsi vərəq-vərəq çevirərkən bu qorxunun əbəs olduğunu görürük. Çünki zaman və Rəsul Rza irsi sübut edib ki, o sözünü deyib gedənlərdəndir. Eyni zamanda əbədiyaşar söz sahibidir. Onun milli şüur və milli iftixar hissi ilə qələmə aldığı məqalələrinə kiçik bir nəzər söylədiklərimizin danılmaz həqiqət olduğunu bir daha isbatlayır: “Belələri bir meyvəni üzmək üçün böyük bir budağı qanırıb qırar “uf” da deməzlər.Bir gülü döşünə taxmaq üçün bütün gül topasını kökündən çıxararlar, bir şiş kabab üçün bir maralı, ceyranı öldürər təəssüf etməzlər”. Milli şüur və ictimai düşüncə üçün mübarizə aparan əsgər-cəmiyyətdə gördükləri, şahidi olduqlarını nəzmə köçürməklə, nəsrə gətirməklə dahi Füzulidən (Salam verdim, rüşvət deyildir deyə almadılar) daha qədim yoldan başlanan maarifçilik missiyasını da unutmurdu, özünün ictimai vəzifəsi hesab edirdi. Milli şüurun formalaşması üçün qələm çalan, milli iftixar hissi, qürur naminə gecəsini gündüzünə qatan şairin yuxusuz gecələrinin məhsulu olan şeirləri də başdan-başa ictimai düşüncəyə hesablanıb:

 

– Badam gözlü keyşə,

Belə məzlum dayanmısan

Kədərlisən neyşə?

Baxdı mənə uzaq-uzaq baxışlarla

O gözlərdə nələr vardı, nələr

Qiyməti kəsilmiş təbəssümün acısı

Gözləri piyli ehtirasla geyişə-geyişə

Eyham atanlara nifrət

Bir də… adi insan məhəbbətinə

ümidsiz həsrət…

 

Bütün yaradıcılığı bu ruhda idi, bu ideyaya köklənmişdi Rəsul Rzanın. Hətta ən kiçik şeiri belə oxucusuna “insan ol deyirdi-təbiətin əşrəfi insan adınalayiq ol!” deyə mesaj verirdi.

 

 

Keçmişdən gələcəyə

 

Keçmişi qorumaq lazımdır ki, gələcək tarixin dürüst yazılsın. Daha bir aforizm var: keçmişinə güllə atsan, gələcək səni topa tutar. Bu aforizmi boş-boşuna xatırlamadım. Rəsul Rzanı xatırlayanda ədəbiyyatın həmişəyaşar atalar və oğullar problemi də xatırlanır. Atalar oğullar probleminin 90-cı illərdən indimizə qədər kəskin şəkil alması yazarlarımızı iki cəbhəyə bölüb və mübarizəni “müharibə şəraitinə” gətirib çıxarıb. Aydındır ki, bunun ilkin səbəbi 70 ilyaşadığımız rejimin dəyişməsi idi. Sovet rejimində yaşayıb yaratmaq qismətinə düşməyən (hələ bilmək olmazdı bu gün sovet inqilabından bir şeir yazan şairləri xalq düşməni elan edən gənclər özləri o dövrdə yaşasaydılar necə davranardılar) gənc yazarlar klassiklərimizi çox qınağa çəkdilər. Keçmişi pisləmək hər şeyi yoluna qoymaq və ya dəyişmək deyil. Keçmiş təcrübədir, ondan dərs almaq lazımdır. Keçmişi həm də öyrənmək lazımdır. Sağlığında canlı klassikə çevrilmiş Rəsul Rzanın şeirinin 50-ci illərin bir qədər naşı hökumətini hərəkətə gətirmək qüdrəti vardı, bir şeiri ilə əsgəri olduğu hökumət siyasətini ifşa etmək, hökuməti bu siyasətə bir qədər tənqidi yanaşmağa sövq etmək gücü vardı. Rəsul Rza poeziyasının dünyanın tarixini daşımaq kimi tutumunu da bura əlavə etsək, bu gün ədəbiyyatın “atalar-oğullar müharibəsindən” kimin qalib çıxdığını dilə gətirməyə ehtiyac qalmaz.

Mən ürəyəm, mən insanam, mən torpağam, yəni Azərbaycanam deyən bu qələm sahibinin yaradıcılığı böyük və şərəfli bir mübarizənin səlnaməsidir.

Fərd kimi eşqi yolunda – (Rəsul və Nigar dastanı Azərbaycan ədəbiyyatının hələ yazılmamış mövzusudur), Vətəndaş kimi ölkəsinin, torpağının aşiqi olan Rəsul Rza şair kimi millətinə aşina idi. İnsan kimi isə dünyanın-planetin dərdini qələmə alırdı. Bunu isbatlamaq çətin deyil. Şairin səfər dəftərinin səhifələrini vərəqləyin – İraqa, Praqaya, Afrikaya, Türkiyəyə və digər ölkələrə səfərlərindən sonra yaranmış şeirləri, o şeirlərin təşkil etdiyi silsilələri bir də oxuyun…

Ölkəsinin böyük bir quruluşa doğru – hər kəsin bərabər, bir tutulduğu böyük kibernetik aləmə doğru yürüşünü alqışlayan şair bu yürüşdə onu, milləti, xalqı və nəhayət doğma vətənini qane etməyən çalarlar görəndə yenə də əlini qələmə atır:

 

Sığınmışıq qəlbimə

Ümid, Şübhə, kədər

və mən.

Xeyli keçib gecədən

yağış yağır,

külək əsir

ümid deyir

Yağış kəsəcək

Külək kəsəcək

Qaranlıq əriyib sabah olacaq

Günəş doğacaq

Qızıl telləri saçaq-saçaq

Şübhə deyir

– haçaq

– haçaq?..

 

Qəlbinin “Haçaq???” sorğusuna şair “Ezop dili” ilə cavab vermək məcburiyyətində qalır.

 

– Yorğundum: fikirdən qayğıdan,

qayğılarım özümünkü də,

özgəninki də.

Özgə qayğısı deyəndə

İnsan övladlarının

bu günü sabahilə

Nigaranlıq

Uzun üzüntülü

Təsəlli gülə-gülə

Huş apardı məni

Fikir dolaşağında

Ezopu gördüm

İnsan qarışığında

Başını qaldırdı ağır-ağır

Baxdım-baxdım

Hıçqırıb hönkürdüm…

 

Yaşamaq, yaratmaq həmişə var olmaq deməkdir. Maksim Qorkinin “Dankonun ürəyi” əsərinin qəhrəmanı kimi qaranlıqlara işıq salmaqdan ötrü yanmaq üçün mübarizələrin məhvedici dalğalarında çırpınmaq… eyni zamanda, yazmaq yaratmaq, cəmiyyətin aparıcı şəxsiyyətinə, fikir sütunlarından birinə çevrilmək, onun ağrı-acısını qələmə alaraq yazı tarixinə çevirmək… Bu ikinci tale də birinci qədər faciəli və çətindir:

 

…Mən buludam, səhraları susuz görüb

ağlaram…

Mən İNSANAM…

Bütün bu manevrlər təhlükə dolu illəri arxada qoymuş bir insanın sözünü deyə bilmək, savaşmaq bacarığından xəbər verir. Şair həm də savaşçıdır.

Bir insan, fərd, vətəndaş və nəhayət şair olaraq böyük bir eşqin fədaisi idi Rəsul Rza. Və bu eşqin inancı oxucusuna da sirayət edir, o coşqun sevdanın seli oxucusunu da həmən qoynuna alırdı:

 

Pəncərəmi açmışam

Günəş gəzir otaqda

Küsmüş bir qonaq kimi

Xəbərsiz getdi şaxta

…Qışı yola salana

İnanın bu da bəsdir

Havadan birəm-birəm

Enir qar

İnsanlar, ay insanlar

Könlümüzdədir bahar!

 

İnsanlar onun üçün millətlərə bölünmürdü. İnsanlar onun üçün təbiətdən ayrı bir varlıq deyildilər. Onlar Rəsul Rza üçün Yer kürəsinə, Göy qübbəsinə bağlı, qalaktikaların bir zərrəsi, yarandıqları Təbiətin ruhunu cisimlərində gəzdirən bir varlıq idilər. Ona görə də Rəsul Rza poeziyası həmişə çağdaşdı və o poeziyanın pıçıltıları həmişə qulaqlarımızdadır:

– İnsanlar!!! Ay İnsanlar!!!

Yazıya 867 dəfə baxılıb

Şərhlər

Şərh

Pin It

Comments are closed.