bir yanğınlıq şeir qaldı uşaqlardan,
bir yanğınlıq hekayə qaldı qızlardan…
nə sevda şeiridi,
nə sevgi hekayəsi…
bir…yanan su hekayəsidi,
bir…yanan bulud şeiridi.
yazdıqca…barmaqlarımın cızdağı çıxır.
və…bir yanğınlıq ömürdü həyat…
bir yanğınlıq həyatdı ömür.
daha bilmirəm neyniyəcəm…
bilirsən…necə yanıqlıdı,
-oyuncaqların üzünə baxa bilmiyəcəm.
***
yenə…akasyalar çiçəkləyəcək…
yanıq uşaq qoxusu yayılacaq bahardan.
bahar gələcək…
uşaq səsləri asılacaq budaqlardan.
yaaaa…
daha… bahar da bir yanğındı.
sonra…harda bir yanğın görsəm,
harda bir tüstü burulsa…
elə biləcəyəm ki,
akasiyaların çiçək açan vaxtıdı.
***
bir dəniz olsa…bir dəniz,
bir gəmi çəksəm… bir kağız gəmi,
gəmidə bir uşaq… bir uşaq…
əlimdən yapışsa…yapışsa,
məni uzaqlara aparsa…aparsa ….
aparsa…uşaqların ölmədiyi yerə.
***
ağlıma gəldi ki, mən mən deyiləm,
mən orda qalmışam, oralar məndə.
ömür də bölünüb ağa, qaraya,
ağlar uzaqlarda, qaralar məndə.
heç mənlik deyilmiş bu yol, bu yöntəm,
hər karvan dalınca ulayan itəm,
bir az da qürbətəm, bir az da vətən,
haralar varıymış… haralar məndə.
dərdə diz basmaqdan, dizlərim yara,
izimə düşürəm, izlərim yara,
ayağım, ürəyim, gözlərim yara,
yeriyir, yüyürür yaralar məndə.
Yazıya 876 dəfə baxılıb