Başım ağarsa da şüuru yerində.
Hələ gözlərimin nuru yerində.
Hərdəm yaş da yanır quru yerində.
Bilmirəm bu dərdi mən kimə deyim.
Canım ağrımır ki, həkimə deyim.
Nahaq ayaq tutub yeriyir hərdəm.
Namərd daş gizlədir, deyir ki, mərdəm.
Haqsız insanlara çarəsiz dərdəm.
Bilmirəm bu dərdi mən kimə deyim.
Canım ağrımır ki, həkimə deyim.
Dost olub süfrəmdən gəlib nan yedi.
Milçək tək bədəndən sorub qan yedi.
Sonra böhtan dedi, mənə şər dedi.
Bilmirəm bu dərdi mən kimə deyim.
Canım ağrımır ki, həkimə deyim.
Bükülən bir ələ qucaq dedi o.
Közərən bir şama ocaq dedi o.
Mənə daş atana qoçaq dedi o.
Bilmirəm bu dərdi mən kimə deyim.
Canım ağrımır ki, həkimə deyim.
***
De mən də bilim
Bilirəm yalandı, yalan dünyadı.
Ayımı, ilimi, alan dünyadı
Gedən biz olarıq, qalan dünyadı.
Əriyir buz kimi hər ayım, ilim.
Mən nəyi bilmirəm, de mən də bilim.
Bəzən təpəyə də dağ deyən olur.
Bəzən qaraya da ağ deyən olur.
Bəzən viranəyə bağ deyən olur.
Ey fani dünyada çiçəyim, gülüm.
Mən nəyi bilmirəm, de mən də bilim.
Gecələr dünyanın qarası deyil.
İnsanı yaşadan parası deyil.
Ağlamaq dərdlərin çarəsi deyil.
Gəl ki, gözlərinin yaşını silim.
Mən nəyi bilmirəm, de mən də bilim.
Gündüz günəş doğur, gecə ay olur.
Hər kimin bəxtində qismət, pay olur.
Olur ki çəkilən zəhmət zay olur.
Onunçün ağarır başımda telim.
Mən nəyi bilmirəm, de mən də bilim.
Hələ daş üstünə daş qoyacağam.
Namazda möhürə baş qoyacağam.
Hələ çox gözləri yaş qoyacağam.
Bir gün itəcəyəm mən ilim-ilim.
Mən nəyi bilmirəm, de mən də bilim.
***
Nahaq ayağımın altını qazma.
Onsuz da yerimi dəyişəcəyəm.
Sən atdığın daşı adıma yazma.
Böhtan deyənlərlə döyüşəcəyəm.
Ayağım altından dağılsa torpaq.
Yıxılsam qolundan yapışacağam.
Boğulsam, tutmağa olmasa yarpaq.
Səni də özümlə aparacağam.
Günəşə daş atsan, daşın kölgəsi,
Hardasa kipriyə, qaşına düşər.
Göyə daş atanda baxıb gözlə ki,
Göydən qayıdan daş başına düşər.
Gəl tök ətəyindən, atma o daşı.
Adın o daş üstə yazılacaqsa.
Qazma o torpağı, qazma ay naşı,
Orda son mənzilin qazılacaqsa.
***
Pərdəmiz cırılıb, həya saxlamaq.
İndi də qalmışdır tül ümidinə.
Bizi görən balıq tora da gəlmir.
Balıq tutmağımız lil ümidinə.
Çay kolun kəsənlər batmış günaha.
Buğdanın astarı üzündən baha.
Qara torpağımız bar vermir daha.
Məhsulumuz qalıb gil ümidinə.
Sınıbdır şüşəsi eynəyimizin.
Görmürük eybini bir birimizin.
Köhnəlib saralan köynəyimizin.
Rəngini dəyişmək nil ümidinə.
Bir ovçu əlinə maralı düşdü.
Yar yara qovuşdu yaralı düşdü.
Oğullar vətəndən aralı düşdü.
Əl çirki deyilən pul ümidinə.
Bir göz ağlayarsa, birisi gülməz.
Göz yaşı yanağın rəngini silməz.
Bir əl yetməyənə dil yetə bilməz.
Qalmışıq bir şirin dil ümidinə.
Kimi adət edib yaş gizlətməyə.
Kimisi torbada daş gizlətməyə.
Bu haqsız dünyada baş gizlətməyə.
Çarəmiz qalıbdır kül ümidinə.
Yazıya 826 dəfə baxılıb