Ülviyyə Mehdiyeva — Səni xatırladıqca… (“Müəllim” Layihəsi)

11709490_491093201066634_2525024942454872629_n kultur.az   Azərbaycan dili və ədəbiyyatdan repetitor müəllimlər qrupu“nun   hazırladığı  “MÜƏLLİM” Yazı müsabiqəsinin nəticələrini təqdim edir. Layihəni həyata keçirməkdə qrupun məqsədi  bu sənətə olan hörməti ifadə etmək,keçmiş müəllimlərə ehtiramı bildirmək,gələcəkdə müəllimliyi seçənlərə  mənəvi dəstək olmaq, bu peşəyə marağı artırmaqdır.

Əsəd müəllimin nurlu xatirəsinə…

Ağappaq,qar kimi saçları vardı.Nurlu üzü,gülər gözləri,səmimi baxışları görəni özünə aşiq edirdi… Hələ təmkini…Min oyundan çıxan şagirdlərini səbrlə ,sakit baxışlarla süzər,nəzərlərini üzündə gəzdirərək yavaş səslə dediyi :        “Narahat olma,bala,işində ol sən”,- sözləri insanın yeddi qatını dəlib keçirdi. Bundan sonra görüm o uşağın dərsin sonunadək səsi çıxırmıydı…
Sən məni ta körpəlikdən bəri xəyalını qurduğum arzumdan uzaqlaşdırdın. O arzu ki, gəlinciklərimi iynə vura-vura dəlik-deşik etdirmişdi mənə… O arzu ki, ən sevdiyim bibimin dilində bitmişdi,”həkim qızım” adını vermişdi mənə. Sən isə bu xəyalımı alt-üst etdin. Ucalığın, mükəməlliyin, sənə bəslədiyim sonsuz sevgimlə yeni arzumu yaratdın içimdə — mənim ədəbiyyat müəllimim. Mən riyazi elmləri, kimyanı,biologiyanı su kimi bildiyim halda, Azərabycan dilini, ədəbiyyatı səninlə bərabər sevməyə başladım. Təsirinlə xəyalımda Günəşin doğuşunun şairanəliyi Ayın romantikasına, yağışın nəğməsi quşların səsinə qarışdıqca  səsdə və sözdə min ahəng tapan ruhum, işıq sürəti ilə həkimlikdən filoloq olmağa  keçməyə qərar verdi.  Sənə yaxın oldum mən də, əziz müəllimim.
Səndən çox şey oyrəndim, çox şey əxz elədim. Amma bir şey var ki,mənə onu təkrar etdikcə səni xatırladır. Sən sinifdə dərs zamanı içəri kim gəlirsə-gəsin,hamısından böyük olsan da belə, yaşlılığın hiss olunsa  belə, dərhal ayağa qalxardın. Bax ,məhz bu xasiyyətin mənə də keçib ,qanıma hopub . Mən də bunu edirəm,oturduğum zaman kimsə içəri girdikdə dərhal ayağa qalxıram. Bir daha əmin oluram ki,əsl müəllim bilik öyrətməklə deyil,həm də insan yaratmaqla ucalığa qalxır…
Əsəd müəllim, sən cənnətdəsən ,bilirəm. Bu yazımla sənə sonsuz sevgimi bir daha özümə xatırlatmaq istədim. Bir də söz verirəm,kəndə gedən kimi səni ziyarətə gələcəyəm,danışmağa ehtiyacım var,mən danışaram,sən yenə də başdaşının ucundan ayağa qalxıb təmkinlə məni dinlərsən…

 

Yazıya 916 dəfə baxılıb

Şərhlər

Şərh

Pin It

Comments are closed.