‘’Yaşam başka bir yerdə’’ni oxumaq sanki fotokolleksiyaya baxmaq kimi idi.
İndiyəcən oxuduğum bir çox bədii kitablar,psixologiya problemləri,fəlsəfi təlimlər,müxtəlif müəlliflər təqvim vərəqləri kimi bir-bir fikrimdə qopub,ətrafıma səpələnirdi – şair,şeir,Haydegger,kommunizm,biraz da Freyd.
Əsərin qəhrəmanı olan şairin kommunistlərə qoşulması,kommunizmi dəstəkləməsi təbii ki,boşuna deyil. Pulsuz,sinifsiz,dövlətsiz bir cəmiyyət tərəfdarı olan kommunizm ucsuz-bucaqsız xəyal dünyasında üzən bir şairin simvolik işarəsidir, Artur Rembonun ‘’bütün şairlər qardaşdır’’ fikrinin kod yazısıdır.
Jaromilin anası ilə münasibətlərinin fonunda yaradılan mənzərə isə Freydin ‘’Edip kompleksi’’nə tamam əks qütbdən – ana tərəfdən baxmaq şəklidir ki,fikrimcə buna nə psixologiyada,nə də psixoanalizdə hələ ki,cəhd edən olmayıb.
Eksiztensializmin öncüllərindən sayılan Haydegger öz fəlsəfəsində belə bir fikir irəli sürür – heç bir insan bu dünyada yalnız varola bilməz. insanın varoluşu digər insanlarla birgə mövcuddur. Özünün ‘’man sferası’’ (yaxud, onlar sahəsi) adlandırdığı bu‘’digər insanlar’’ asanca görülən,təxmin edilən adamlar deyil, varlığımızın ətrafında,beynimizdə,içimizdəki kim olduqları məlum olmayanlardır.
‘’Yaşam başka bir yerdə’’- də Jaromilin xəyalında canlandırdığı,yaşatdığı,haqqında danışdığı Xaiver də Jaromilin ‘’man sferası’’ndakı insanlardan yalnızca biridir.
Haydegger düşüncəsinə görə insanın içində mövcud olduğu dünya onun öz seçimi deyilsə,demək ki,insan bu dünyaya məcbur edilmişdir (dünyaya atılmışlıq fikri) və buna görə də bizim içində var olduğumuz dünya bizim deyil,o bizə yaddır,düşməndir. ‘’Dünyaya atılmışlıq fikri’’ qorxu,can sıxıntısı gətirir amma bu adi,hansısa təhlükə düşüncəsinə qarşı yaranan qorxudan tam fərqli,naməlumluq qarışıq bir vəziyyətdir.
Eynilə Jaromilin qorxuları kimi.
Və insan özünü axtarmağa ,tanımağa başlayır,bununçün öz üzərində qılı qırx edib düşünmək əvəzinə,öz bacarıqlarının sərhəddlərini zorlamaq,haracan gedə biləcəyini izləmək lazım olduğunu deyirdi Haydegger.insan durmadan mənin sərhədlərini ötməklə məşğuldu,başqa sözlə – varoluş daimi bir aşmadır.
Jaromil məhz bunu edirdi. Yazaraq,rəsm çəkərək. Adam başı çəkə bilmədiyi üçün portretlərini it başı ilə çəkməsi kənarda anlaşılmazlıq,maraq doğursa da özü səbəbin nə olduğunu bilirdi. Başqalarının qorxulu,vahiməli,yaxud gizəmli qəbul etdiyi bir hadisənin necə sadə səbəbi var,deyilmi?
Və şairlər də çox vaxt şeirlərində bu sirrli,dumanlı abu-havanı yaradırlar,bizimçün pərdə çəkirlər bəzi şeylərin qarşısında.
Şairlər içinə atıldıqları dünya ilə içlərindəki dünyanın heç birindı yaşaya bilmirlər,iki dünyanın arasında yuxudadırlar. bütün şairlər yuxuyla reallıq arasındakı sərhəddi itirib, nəyin düş,nəyin reallıq olduğunu çaşdıran ‘’kəpənək filosof’’lardır.
Əsərdə belə bir fikir var – şeir deyilən hər şeyin gerçək olduğu bir sahədi.Şairin nəyisə isbatlamaq kimi bir məcburluğu yoxdur. Hər şey duyğuların gücü ilə var olur.Şair şeirlərilə avtoportret çəkir,özünü anlaşılmaz hiss etdiyi üçün şeirləriylə özünü çəkməyə,aydınlanmağa çalışır.
Bəlkə də şair özü şeirləriylə yaratdığı alatoranlıqda azır elə,qurduğu tələyə özü düşür,oxucuya ötürməyə çalışdığı sualın cavabın özü tapmağa çalışır,sonra görür ki,bu az öncə özünün yaratdığı, səbəbini (adi bir səbəb) bildiyi bir şeydi və ‘’necə oldu ki,bu tələyə özüm düşdüm’’ deyə düşünməyə başlayan şair, yenidən o toz-dumanın içində qərq olur.Və beləcə ‘’dumanlı vəziyyət’’ daimi hökmranlığa başlayır.
P.S.
Mən şeirin duyğusal zəka ilə yazıldığına inanıram. Böyük bir kütlənin şeirin ‘’göy’’dən gəldiyini iddia etməsi absurd deyilmi?
əgər hər şey yuxarıdan ötürülürsə,onda niyə hamıya ötürülmür ?əgər şair ‘’seçilmiş’’dirsə, onda seçki hansı kriteriyalarladı ?
yoxsa elə kor-koranə, kimin bəxtinə düşdüdürmü?
Belədirsə şeirin göydən gəldiyinə inanan, müdafiə edən adamlar niyə müsəlmanlığı rahatca qəbul etmir,’’Quran’’ın Məhəmməd peyğəmbərə göydən endiyi fikriylə razılaşmırlar?
Şeir – məntiqsizliyi məntiqə düzmək cəhdidir. Insan doğularkən məntiq yoxdur,məntiq yaşadıqca öyrənilir – ilk dəfə əlini yandıran uşaq oddan uzaq gəzəcək.Çünki tanıyır,bilir,düşünür.
Şair o uşaqdır -tanımadığı,bilmədiyi üçün darıxan,maraqlanan,əlini yandıran od haqda danışan.
Şeir beləcə yaranmırmı elə?
Əsər boyu verdiyim suallar və tapdığım cavablar leysan kimi selləndi. Bircə qənaət sudan quru çıxdı – ‘’yaşam başqa bir yerdə’’ – bir şairin öz beynində azması,öz düşündə itməsinin hekayəsidir.
Yazıya 926 dəfə baxılıb