kultur.az “Azərbaycan dili və ədəbiyyatdan repetitor müəllimlər qrupu“nun hazırladığı “MÜƏLLİM” Yazı müsabiqəsinin nəticələrini təqdim edir. Layihəni həyata keçirməkdə qrupun məqsədi bu sənətə olan hörməti ifadə etmək,keçmiş müəllimlərə ehtiramı bildirmək,gələcəkdə müəllimliyi seçənlərə mənəvi dəstək olmaq, bu peşəyə marağı artırmaqdır.
15 sentyabr.Bu gün işləməyə başladım.Universitetdən sonra evdə oturduğum dörd il məni bezdirib. Başqa iş olmadığına görə bu il müəllim işləyib başımı qatacağam.Amma həmişəlik müəllim işləmək niyyətində deyiləm.
17 sentyabr.Nazirlik işçilərinin işi-gücü yoxdur elə bil.Məktəblərə gedib dərslərdə otururmuşlar.Gərək elə bəxtimdən mənim dərsimə düşəydi də.Tamamlığın da zərflik olmağı tutdu bü gün… ”Məktəbə gedirəm” cümləsindəki “məktəbə” sözü mən dediyim kimi tamamlıq yox, zərflik imiş.Bilmədim də, nə olsun.Mən,onsuz da,müəllim işləməyəcəm ki.
20 sentyabr.Guya məni işə düzəlməyimə görə təbrik üçün zəng ediblər.”Qohumlar”… Təbrik etdiniz,anladım də,bəs filan sözlərdəki vurğunun yerini niyə soruşursunuz? Məni yoxlayırlar öz aləmlərində.Çoxbilmişlər… Hələ 5-ci sinfə bunu ev tapşırığı kimi verən müəllimə bir bax. İşgüzardır guya.Hə,mən vurğunu bilmirəm.Nə olsun? Onsuz da,müəllim olmayacam ki…
5 oktyabr.Bu gün müəllim günüdür.Amma mənim yox.Gələcəyimi müəllim kimi təsəvvür etmirəm.
14 noyabr. Çox utanıram.Heç nə bilmirəm.Daim şagirdlərin qarşısında pərt olacağımdan qorxuram.Gecə-gündüz oxuyuram.Başqa müəllimlərin dərslərinə girib otururam ki,nəsə öyrənim.Bircə bu il bitsəydi…Onsuz da,sonra müəllimliyə əlvida!
30 dekabr.Birinci yarımilin yekununa görə nəticələrimiz yaxşıdır. Sevinirəm.Şagirdlər məni yeni il şənliklərinə dəvət etdilər. Gələn yeni ili də birlikdə qarşılamağımızı arzu etdilər.Amma…Mən gələn il məktəbdə olmayacam artıq.
5 yanvar.Tətildir.Məktəbdən ötrü darıxıram.Deyəsən…
20 yanvar.Şəhidlərlə bağlı tədbirimiz yaxşı keçdi.Direktor minnətdarlığını bildirib dedi ki, şagirdlərin yaradıcılıq imkanlarını üzə çıxarmışam, əziyyət çəkmişəm.Mən onun kimi düşünmürəm.Bu da savad tələb etmir ki. O,gələcəkdə müəllim kimi çox uğurlara imza atacağıma əmin olduğunu bildirdi. Amma…Müəllim kimi çətin ki…
15 fevral.Dərslərə başım çox qarışır.Halbuki indi yeni iş axtarmalıyam.
18 mart.Novruz bayramına da şagirdlər məni dəvət etdilər.Məni sevirlər.Mən də onları. (Vərəqin küncündə təbəssüm və ürək şəkli) Heyif ki,müəllim kimi davam etməyəcəm.
9 aprel. İşimi sevməyə başlamışam.Hər dəfə əlimə jurnal alıb sinfə girəndə özümü qanadlanmış quş kimi hiss edirəm. Mənə sevgiylə baxan kiçicik insanların gözlərindən tökülən nur qəlbimi isidir.Özümü gərəkli hiss edirəm .Amma mənim arzularımı və planlarımı bu işin məhdudlaşdırcağaından qorxuram.Ona görə başqa iş axtarmalıyam. Daha yaradıcı bir iş.
12 may.Nəhayət ki,xarici bir firmadan arzuladığım iş təklifini aldım. Tez başlamağımı istəyirlər.Bircə dərslər bitsəydi…İşimi yarımçıq qoya bilmərəm axı…
20 may.Direktorumuz yaxşı adamdır.İş təklifindən xəbər tutub.Burdakı işlərimlə bağlı kömək edəcəyini bildirdi.Onsuz da,dərs ilinin də son günləridir.Yeni iş yerinə gedə bilərəm artıq.Təşəkkür edib çölə çıxdım.Amma…
15 sentyabr.Yeni dərs ili başlandı.Hər kəsə-bütün müəllim və şagirdlərə uğurlar!Mənə də. Ötən br ildə çox şey anladım.Mən özümü ancaq bir işdə tapa bilərəm.Müəllim olaraq…Bu iş dünyadakı ən yaradıcı işmiş,sən demə. Çünki sənin şəxsiyyət yetişdirmək imkanın var.Çünki sən gələcək yaradırsan…
Yazıya 982 dəfə baxılıb