Rəfail Tağızadə – Qəmli baxışlar

 

refael tagizade

Keçir

 

 

 

Susan məhəbbətin alt yaddaşında

 

hər an oyanacaq ocaqları var.

 

Sevincə həsrətli hissin, duyğunun

 

təzədən qol açan qanadları var.

 

.

 

Sən ha gizlətsən də, yavaş desən də                         

 

gündüzün səsləri gecədən gəlir.

 

Evin dərdlərini divar saxlamır,

 

sədası qonşudan, küçədən gəlir.

 

.

 

Dünya fırfıradı bir oxun üstə

 

gündüzlər gecədən ələnib keçir.

 

Bu gündən sabaha ümid daşıyan

 

ömrümüz yuxuya bələnib keçir.

 

.

 

Sevincdən gözləri alışıb yanan

 

yüz eşqin dərdləri bir ah içində,

 

nə qədər qaçsaq da yaşadıq yenə

 

gecəli, gündüzlü günah içində.

 

.

 

                                                               10.06.2015

 

.

 

Qəmli baxışlar

 

.

 

Necə silim o şəklin mən göz yaşın?

 

Çarpaz qollar boğur məni şəkildə.

 

Çıxart məni köynəyinin içindən

 

enib qalxır ürəyintək şəkil də.

 

.

 

Indi hara baş götürüb yol gedir

 

gəl-gəl deyib, söz söyləyən baxışlar.

 

Qəm götürüb, dərd yükləyib dağ çəkir

 

ürəyimə sən çəkdiyin naxışlar.

 

.

 

Üz-gözündə son illərin baxışı,

 

sevincimi qəmlər boğur haçandı,

 

ha bağrıma basıb, basıb, hey öpdüm,

 

dərd sönmədi… təzə dərdlər oyandı.

 

.

 

… Danış şəkil, danış gözlər, danış, din.

 

Kim deyir ki illər bizi itirməz?

 

Baxma mənim sən arxamca beləcə

 

gözlər məni bir də geri gətirməz.

 

.

 

25.06.2015

 

 

 

 

 

 

 

Yazıya 733 dəfə baxılıb

Şərhlər

Şərh

Pin It

Comments are closed.