Vüsal Hicran – Gizli zəng

vusalAlo !Kimsən axı? Çıxart səsini!!!!!!
Səndən ayrıldığım o gündən bəri
Hər gün eyni vaxtda-eyni saatda
Bir gizli nömrədən mənə zəng gəlir.

Susub telefonda qalır eləcə.
Ona yalvarıram mən neçə ildir:
-Mənə heç olmasa bir ipucu ver-
Eləcə adının baş hərfini de.

Susur nəfəsini içinə çəkib
Ürəyin arzusu , istəyi susmur.
O susur daş kimi, ancaq neyləyim
Bu zəhər telefon dəstəyi susmur.

Bəzən mahnı qoyur , kədərli mahnı
İnciyir, vurulur,sevir, unudur.
O , mənə zəng edir yağış yağanda
Dəstəyi yağışın səsinə tutur.

Gah atır dəstəyi, ağlayıb gedir
Gah da ürəyinin üstünə qoyur.
Onun ürəyinin döyüntüsünü
Yanımda dayanan adam da duyur.

Mən güman içində, şübhə içində
O, zəngin o biri tayında qalır.
Bəlkə , lap uzaqda,bəlkə,yaxında,
Ha yandan bilim ki,ha yanda qalır?

Sual cavabsızdır, cavab sualsız.
Əgər o, sənsənsə,….yox, sən deyilsən.
Sən ki ayağını yolumdan kəsib
Məndən ümidini kəsən deyilsən.

Axı öz-özümə danışıram mən,
Sükutun bezdirib telefonu da.
Bəlkə, ürəyində qalıb son sözün
Qalsın ürəyində, demə onu da.

.

Yoxdur

Qara günü yaşamışam ağ kimi
Son nəfəsi çəkəcəyəm ah kimi.
Ürəyim əriyib xalis yağ kimi
Yerində bir damcı çıxarı yoxdur.

O dağda tək qalan qalacıq mənəm,
Qar tutan,gün döyən alaçıq mənəm.
Deyirdim bəxt mənəm,olacaq mənəm
Bəxtin də axarı-baxarı yoxdur.

Hansı yolun axırına çıxdım ki?
Çıxdı mənim axırıma vaxtım ki!
Bəxtimə bir ömür düşdü,baxdım ki
Onun da qışı var,baharı yoxdur.

Doğma eldə yad qapılar döymüşük.
Yeri qalan,yersiz qalan köymüşük.
Bir belə ki,ortasına söymüşük,

Vallah,bu dünyanın axırı yoxdur.

Çoxunu şirəyə,bala çəkdilər.
Ha qaçdım qabağa,dala çəkdilər.
Ürəyimə uca dağlar çəkdilər
Məndə ürəyimdən yuxarı yoxdur.

 

.

Qadası

Öz sözünü çoxdan deyib bu dünya,
Gözləriylə gözlər yeyib bu dünya.
Bizi görüb qara geyib bu dünya,
Ölsək qara geyən olmaz,qadası.

Çoxdur mənə atam-atam deyənlər,
Göz yaşını gözdən atım deyənlər.
Yiyən olsa,sənə adam deyərlər
Adam olsan,yiyən olmaz ,qadası.

Bu dünyanın sevinci az,qəmi çox.
Gözümüzün biri acdır,biri tox.
Evimizdə bir bahalı qapı yox,
Qapım olsa, döyən olmaz ,qadası.

Ürək çəkir ürəksizin yükünü.
Dərdlərimi yenə açım,bükümmü?
Ağac olsam,qazıyarlar kökümü,
Budağımı əyən olmaz ,qadası.

Zəhərə bax,ağzımızda dad hanı?
Öz dərdimə özüm kimi yad hanı?
Ağ günlərdə mindiyimiz at hanı?
Belə yəhər,yüyən olmaz ,qadası.

Vüsal üçün sevinc sənsən,kədər sən.
Ha sevilsən,mən sevdiyim qədərsən.
Birdən ölüb-eləyərəm,gedərsən,
Sənə qayıt deyən olmaz ,qadası.

Yazıya 1068 dəfə baxılıb

Şərhlər

Şərh

Pin It

Comments are closed.