mən qırmızı şərabı dodağından içərdim
evimizdən yığışıb, ürəyinə köçərdim.
saçının teli üçün bir ömürdən keçərdim
amma sən heç bilmədin sevgi nədi, eşq nədi
varlığım varlığına susuz qalıb, təşnədi.
həzin səsin dünyanın ən möhtəşəm bəstəsi,
gözlərinlə sağalar milyon ilin xəstəsi
gəl, yenə əllərində nərgiz gülü dəstəsi
aç könlümü, orada özünü gör, əzizim,
orda ancaq sən varsan, mənim qalmayıb izim.
sən qoxlayıb, öpürdün saçlarımın tağını,
əridib, yox edirdin ürəyimin yağını
sən başının üstündə uçan ağ qağayını
əllərinlə yemlərdin,
sənə heyran olmuşdum
üşüyüb, uşaq kimi sinənə sığınmışdım.
xəyalımda böyüyür, qıvırcıq saçlı qızım.
ona adlar qoyuram,
gah yoncam, gah nərgizim.
qoxunu ürəyimə çəkəcəyəm, əzizim
niyə qorxdun sevgimdən, nə günahdı nə ayıb
gəl, sənə çox həsrətəm, dodağlarım catlayıb…
tərcümə
bu ürəyimin qapısı,
bu da tozlu ayaqla sən!
keç, utanma,
hər köşədə
öz əksini görəcəksən.
bax,
hər divar parça-parça
sən adlı daşdan hörülüb.
san ki zəlzələdən cıxıb,
gör, neçə yerdən qırılıb.
hər küncdə sənə yazılmış
neçə söz, neçə cümlə var.
etmə,
mənim ürəyimin
tərcüməsi çətin olar.
sən anlayan dildə deyil,
nə cümlə yaz, nə söz qeyd et.
geri qayıt üzüsulu
ört qapısın,
sakit çıx get.
necədi,
xoşuna gəldimi?
ürəyimin it ulayan,
nəm qoxusu gələn yeri?
hərdən yolux, ziyarət et,
gör, yaratdıqın əsəri!
Neçə qadın keçdi səndən?..
mən xoşbəxt olmaq istədim,
sən məni “şair” elədin.
gül kimi hislərim vardı,
başlarına kül ələdin.
noldu ayrılıqdan sonra,
xoşbəxtsənmi indi, adam?
mənim kimi arzuların,
göydən yerə endi, adam!
peşman olub qayıtmısan,
hansı üzü taxıb gəldin?
neçə qadın keçdi səndən,
neçə evi yıxıb gəldin?…
mən də dəyişmişəm, daha
rəng örtür saçımın dənin.
çıx get, vallah, gücü çatmaz,
ürəyim daşımaz səni.
daha hər gün ağlamıram,
nəyə ümid edib gəldin?
niyə qayıtmısan ki? mən
ağlayanda harda idin?
gözlərində soyuq şəhvət,
saçında yad qoxusu var.
daha səni nə qısqanmaq,
nə itirmək qorxusu var…
Yazıya 1266 dəfə baxılıb