Qərib – SƏN FƏRQLİSƏN

 

qeribSənin əsəbin də fərqlidir, fərqli,

Yanında dərdimin yuxusu gəlir.

Mənə qışqırdıqca nəfəsin ilə

Ağzından xoşbəxtlik qoxusu gəlir.

 

Əsəbdən titrəyən dodaqlarından,

İnan ki, qəlbimə sevinc süzülür.

Səni sevə-sevə qurtarammıram,

Sevdikcə sıraya sevgi düzülür.

 

Nə gözəl parlayır odlu gözlərin,

Bir xoşbəxt həyatdan bəhs eləyirlər.

Hirsindən göylərdə uçan əllərin,

Musiqi olmadan rəqs eləyirlər.

 

Sənin əsəbin də fərqlidir, fərqli,

Əsəbləş, yetər ki, susmasın dilin.

Bir alıq əsəbin xəbərçisidir,

Xoşbəxtlik yaşadan bir neçə ilin.

 

 

YALAN DANIŞ

 

Yalanların çox gözəldi,

Danışdıqca inanardım.

Elə gözəl danışardın,

Gerçəyimi mən danardım.

 

Yalan sənə çox yaraşır,

Yalan sənin bəzəyindir.

Yalan sənin sütunundur,

Yalan sənin özəyindir.

 

Yalan danış, düz danışma,

Gerçəyinin dadı yoxdur.

Yalanına vurulmuşdum,

Bunun başqa adı yoxdur.

 

Yalanınla dünya qurub,

Yalanınla yaşayardıq.

Qaysaxlanmış gerçəkləri,

Üzdən-üzdən qaşıyardıq.

 

Yalan danış mənə yalan!

Yalanına qurban olum.

Bilirəm ki, düz danışsan,

Ayrılacaq səndən yolum.

ÇARƏSİZLİK

 

Çırpınıram ilan kimi,

Ürəklə baş arasında.

Can tərəfim sıxışıbdır,

Dirəklə daş arasında.

 

Öz zəhərim yaxdı məni,

Yerdən yerə çaxdı məni.

Çarəsizlik sıxdı məni,

Gərəklə “kaş” arasında.

 

Ulduz yox ki, öləm gedəm,

Ömrü yarı böləm, gedəm.

Heyim yoxdur gələm-gedəm,

Fələklə yaş arasında.

 

Asan deyil yanıb tütmək,

Qərib gəlib, qərib getmək.

Mümkünsüzdür seçim etmək,

Çörəklə aş arasında.

 

Yazıya 618 dəfə baxılıb

Şərhlər

Şərh

Pin It

Comments are closed.