Uçuq bir komadı sökülən ömrüm,
Yarı qaranlıqdı,yarı işiqdı.
Sevgisi həsrətə düyünlü qəlbin
Arzusu ümidə bir sarmaşıqdı.
Bu zərli,naxışlı bahar ömrümü
Bir həsrət boyadı payız rənginə.
Bahara gözucu baxmayan eşqim
Vuruldu dərdlərin ən gəşənginə.
Dərd-qəm cücərdən şumdu ürəyim,
Çiçəklər yarışan çəmənlik deyil.
Ömür mənimsə də,qismət Allahın —
Bəxtə nə yazılsa,o,mənlik deyil…
Bəxtim çiçəklərə qısqanır məni,
Qoymur kəlmə kəsəm bahara dair.
Vallah,bir gün axır məni bu həsrət
Ya dəli edəcək,ya da ki,şair…
Bir kəpənək uçuşuydu bu görüş.
Bir kəpənək uçuşuydu bu görüş,
Qanadının tozu qaldı əlimdə.
Bir kəpənək ömrü qədər ömrü yox,
Qəlbi belə yandırammaz ölüm də.
Çiçəkləri şehləndirdi bu görüş,
Yağış varmış bu şeh-sevinc sonunda.
Bu çəmənə gələsiymiş ayrılıq,
Bir kəpənək uçuşunun donunda.
Bir uçuşan kəpənəkdi bu görüş,
Qəlbim titrək uçuşundan laxladı.
Çiçəkləri nazlandıran sevincin
Yarısını qanadına bağladı…
O kəpənək dönüşü tək nağıldı,
Bu çəmənin gül ömrünü yaşamaq…
Durnaların həsrətindən ağırmış
Bir kəpənək həsrətini daşımaq…
Bu çəmənə muştuluqtək ayrılıq
Tələsirdi səadətin donunda.
Bu çəmənin ədasının,nazının
Bir ayrılıq boy atırdı sonunda…
Bu bulağın suyun içmək günahdı.
Bir yoldayam,hava bürkü,qəlb susuz,
Bulaq varmış yolum üstdə — dumduru.
Amma, demə, suyun içmək günahdı,
Allah, məni bu günahdan sən qoru!
Bu bulağın duruluğu,saflığı
Yorğun düşən gümanlara təpərdi.
Qürubda da yolun düşsə bu yerdən
Sanarsan ki,al şəfəqli səhərdi.
Bu bulağın nəğməsi də,səsi də
İlahinin bəstəsidi,bəstəsi!
Bu bulaqdan su içməyim, neyləyim?
Mən — Allahın qəlbi təşnə bəndəsi.
Necə çətin bir məqamda sınandım,
Bəxt sərməstdi oynadığı oyundan.
Bu bulağın suyun içmək günahsa,
Diz qatlayıb içmərəm də suyundan…
Özün saldın bu yerlərdən yolumu,
Xatam varsa,fərmanınla həbs eylə
Bu bulaqdan su içməyim günahsa,
Allah,məni bu günahdan hifz eylə! .
Lalə-sevgim
Adın dodağımda bitdi lalətək,
Görüncə laləni yolumun üstdə.
Sıxdım ləçəyini əlim bulandı,
Qan sızdı havalı halımın üstə.
Bu sənə sevgimdi laləyə keçib,
Bu ürək qanımdı,əlimə çıxıb.
Mən sənin adını qəlbimə əkdim
, Bəs niyə göyərib dilimə çıxıb?…
Dağlara qar düşüb
Dağlara qar düşüb,donur nəfəs də,
Sən məni bağina çağırma,bağban.
Qırov işildayir budaqlar üstdə,
Sən məni bağına çağırma,bağban.
Dağlara qar düşüb,gör bir nə vaxtdi?!
Allah özü kəssin verdiyi baxtı.
Ruhun bu ac günü,yaşın bu vaxtı
Sən məni bağına çağırma,bağban.
Bu bağin meyvəsi çoxdan dəyibdi,
Dəymiş meyvəsini dərən dəribdi…
Səni ismarıca kim göndəribdi?
Sən məni bağina çağirma,bağban.
Baxma könlüm acdı,iştaham küsüb,
Bu bağın yoluna kimsə gül düzüb…
Ləpirin üstünə yüz ləpir düşüb
Sən məni bağına çağırma,bağban…
Dağlara qar düşüb qarşıda qışdı,
Bu soyuq gerçəkdən alın qırışdı…
Bu vaxtsiz dəvətdi,boş çağirışdı,
Sən məni bağına çağırma,bağban.
Vaxtinda gəlsəydim,onda nə dərdim?! –
İpək gülü üstə düşüb ölərdim…
Üşüyən könlümü günə sərərdim,
İndi gecikmişəm,gecdi,gec daha…
Gəl,məni bağina çağirma,bağban,
Daşin inadından,sığın Allaha,
Sən məni bağına çağırma,bağban.
***
Əzizim, bal ətirli
Bal dadlı, bal ətirli.
Səni mənim ömrümə
Kim çəkdi, kim gətirdi?
Sənin könlün bir çiçək,
Mənimsə könlüm pətək.
Sevgin sevdalı arı,
Gəl, bala batıb gedək.
Əzizim, baldı sevgim,
Bal payım, ballı sevgim.
Ruhumu uçurubdu
Ruhu havalı sevgim.
Yazıya 571 dəfə baxılıb