Qoynunda əsirəm, sönmüş ocağın,
günəş parlasa da tacından, Vətən.
anam olmasaydın, bir axşam çağı,
tutub sürüyərdim saçından, Vətən.
Olub-keçənləri yada salmıram,
daha yaman günə boyat qalmıram,
gör neçə vaxtdı ki, məktub almıram,
sevgilim Şuşadan, Laçından, Vətən.
Gözündən tökülür dərdim Arazın,
boğulur bətnimdə arzum-murazım,
gör necə, gör neçə əhli-namazın,
sallanır erməni xaçından, Vətən.
Nə insaf, nə mürvət harın içində,
gizlənmiş məbədlər qarın içində,
bu qədər sərvətin, varın içində,
öldü balaların acından, Vətən…
Yazıya 1527 dəfə baxılıb