“AZƏRBAYCAN DİLİ VƏ ƏDƏBİYYATI MÜƏLLİMLƏRİ BİRLİYİ” zaman-zaman maraqlı layihələri ilə seçilir. Yaxın günlərdə müəllimlər arasında keçirilmiş həvəskar şeir müsabiqəsi buna daha bir nümunədir..
kultur.az müsabiqədə səsvermə yolu ilə qalib gəlib, birinciliyi qazanan Bakı şəhəri Binəqədi rayonu Biləcəri qəsəbəsi 298 N-li məktəbin müəllimi Xatirə Rəhimbəylinin şeirlərini oxuculara təqdim edir:
Üzü o tərəfə, könlü bu yana
Ay iki arada qalan ey, salam.
Yığval tərsə düşüb, yol düz gəlməyib,
Ürəyi həsrətdə solan ey, salam.
Gəzir aralıqda qatı duman,çən.
Eh,nə bu mən mənəm, nə də o sən sən.
Ürəyim eşitdi ürəyin verən
Allah salamını…Salam ey,Salam!
Hər dua Allaha agah olmur ki,
Quruca bir salam günah olmur ki…
Hər qəlbin salamı,”Segah” olmur ki,
Ürəyim inlədi:”Balam ey…” Salam.
Eh,gəlirsiz gəldi bu gidi gərdiş,
Ürək dərd çəkməyi eylədi vərdiş,
Salamın qurusun,salamsız dərviş,
Eylədin ruhumu talan ey… Salam.
***
Yaxdın xatirəmin xanimanını
Söylə ,hara yazaq bu zülümləri?!
Zaman küləyinin əlində necə ,
Bax gör ,rəqs eləyir səhra qumları …
Yoxdu fərmanında mərhəmət-filan,
Doğrandı könlümün körpə gülləri…
Ah,sənin hökmünlə mənim ürəyim
Mərmi yağışında ərəb çölləri .
Kimin umurunda bu sızıltılar,
Güllələr açılır güllər yerinə!!!
Qəfil hücumlardan qorunmaq üçün ,
Hər kəs daş gəzdirir ürək yerinə.
Kimin umurunda,ah,nələr çəkir ,
Bu zalım dünyanın saf Məcnunları…
Zaman küləyinin əlində necə
Baxın ,rəqs eləyir səhra qumları….
***
Nə tez-tez deyirsən:”Ölürəm daha ”
Ağzından yel alsın,o nə söz, ölmə!
Sənin ölünü də qıymazlar mənə,
Ölü diridən də əzizdi,ölmə!
Mənim başım çıxmaz küydən-kələkdən,
Ətrini alıram əsən küləkdən…
Adın xatirimdə güldən-çiçəkdən
Səmada mələkdən təmizdi ,ölmə!
Dilim dönməz deyəm,zalımsan,pissən ,
Nə olsun ki, indi əğyarla dostsan .
İlahi ülfəti min yol da pozsan ,
İlahi sevgilər ölməzdi ,ölmə!
***
Səni sevmək günahmış,
Suç üstdə yaxalandım…
Bir dəlil-sübut kimi
Alındı eşqim, yandım…
İllər uzunu çəkdi
Araşdırma ,təhqiqat .
Ən ağır cəza kəsdi
Mənə bu zalım həyat.
Qəmin boynumda zəncir,
Mənə məhbəsdir komam.
Eh,o gündən ömürlük
Yaşamağa məhkumam.
Yunis Əmrə üçün
Doğulub bir mələk kimi,
kövrək qəlbi ləçək kimi…
Məhəbbəti çiçək kimi
solanlara salam olsun!
Küyə gedib, felə düşüb,
eşqi əldən-ələ düşüb,
yorğun ruhu yola düşüb
qalanlara salam olsun!
Kim gedir yolu sonacan –
ona qurban bu baş, bu can!
Həsrətdən ürəyi şan-şan
olanlara salam olsun!…
***
Gördün? Ömrü boyu məni qandırıb,
ömrün nağılında dörd dolandırıb,
elə it hürdürüb, işıq yandırıb,
Divə ürcah etdi bu yollar məni…
Qatdılar başımı dərs oxumaqnan,
savab işlər görüb, günah yumaqnan.
Demədilər, bir gün haqsız “Yox!”ıynan,
zalımlar qaya tək oyallar məni…
Atıb ovcundakı bu xəzəlləri,
mənim də gül açar görən əllərim?
Görən hayandasa görünər yerim?
Görən mən deyən tək duyarlar məni?
Dartıb-daşısam da aranı dağa,
bir arzum salamat çıxmır sabaha!
Tanrım, niyə rahat buraxmır daha,
bu yiyəsi ölmüş xəyallar məni…
Layihə rəhbəri və ideya müəllifi: ƏLİ QULİYEV
Yazıya 1411 dəfə baxılıb