(Anadan olmasının 900 illiyi münasibətilə)
Azərbaycan pedaqoji fikir tarixində intibah dövrünün ilk qüdrətli nümayəndələrindən biri də Xaqani Şirvanidir. Xaqani Şirvani ilk poema müəllifi olmaqla yanaşı, həm də qəsidə janrında əvəzolunmaz hesab olunur. Xaqani adı ilə tanıdığımız İbrahim Əfzələddin 1120-ci ildə qədim Şamaxı şəhərinin Məlhəm kəndində anadan olmuşdur. Təfəkkürünün, elminin formalaşmasında əmisi Kafiəddin Ömərin böyük rolu olmuşdur. 15-16 yaşlarından yaradıcılığa başlamış, 18 yaşında isə Şirvanşahlar sarayına dəvət olunmuşdur. Xaqani təxəllüsü Şirvanşah Mənuçöhr tərəfindən ona verilmişdir. Sarayda gördüyü məddahlıqlar, riyakarlıqlar, ikiüzlülüklər Xaqaninin aldığı tərbiyəyə uyğun gəlməmiş və çətinliklə də olsa Şirvanşah Axsitandan icazə alaraq 1176-cı ildə Məkkəni, Mədinəni ziyarət etmiş və bir daha geri qayıtmamışdır. Ömürlük Təbrizdə özünə yurd-yuva salan şair 1199-cu ildə vəfat etmiş, Məqbərətüşşüara qəbiristanlığında dəfn olunmuşdur. “Həbsiyyə”, “Töhfətül-İraqeyn”, “Qəsideyi-Şiniyyə”, “Mədain xərabələri” kimi əsərlərin müəllifidir.
Xaqani Şirvani yaradıcılığı Azərbaycan poeziyası aləmində qiymətli bir hadisə kimi dəyərləndirilmişdir. Azərbaycan ədəbiyyatında Xaqani irsinin öyrənilməsi ilə Həmid Araslı, Mirzağa Quluzadə, Məmmədağa Sultanov, Qafar Kəndli, Sona İsmayılova və başqaları məşğul olsalar da Azərbaycan pedaqoji fikir tarixində Xaqani irsi nədənsə tədqiqatdan təcrid olunmuşdur. Onun əsərlərində humanizm ideyası öz parlaq əksini tapır. İlk dəfə Xaqani yaradıcılığında şərin inkarı, xeyrin təsdiqinə rast gəlinir. Qeyd etdiyimiz kimi, şeir yazmağa 15-16 yaşlarından başlayan Xaqani gözəl mədhiyyələr yazmışdır. Lakin getdikcə mənəviyyatında boşluq hiss edən şair saraydan uzaqlaşmağa can atmışdır. Çünki o, humanist, Allahı və doğruluğu sevən bir türk olmuşdur.
Xaqani Şirvaninin yaradıcılığı ilə tanış olduqca qəlbinə, əxlaqına heyranlıq hiss etdiyimiz dahi sənətkar, bu sözləri desə də, şərə qarşı amansız olduğunu, həmişə haqqın, həqiqətin tərəfdarı olduğunun şahidi oluruq. Şair “Töhfətül İraqeyn” poemasında poetik dillə yazır:
Əvvəllər şahları mədh etdiyimçün,
Dilim bulanmışdı çirkaba bütün.
Bu sözlər şairin mədhiyyəçilikdən peşman olduğunu göstərir. Çünki, saray əhlinə yazılan bu şeirlərin mənasız olduğunu və riyakarlıq kimi mənfi xüsusiyyət haqqında rəy yaratdığını hiss edirdi ki, bu da dahi şairin əxlaqına, əqidəsinə tamamilə zidd olan bir xüsusiyyətdir. Xaqaninin ictimai, fəlsəfi qəsidələrindən biri də “Mədain xərabələri”dir. Şairin nəzərində Mədain xərabələri bir ibrət aynasıdır. Bu ayna qarşısında sarsılmamaq, həyəcanlanmamaq mümkün deyil.
Bir vaxt bu eyvanın astanasını izlər,
Saldıqları nəqş ilə etmişdi nigaristan.
Burda nökər olmuşdur Babil şahı illərlə,
Bu qəsrə qulam olmuş bir vaxt şəhi-Türküstan.
Yaxud:
Zənn eylə o əyyamdır, fikr ilə nəzər sal, gör,
Dərgah haman dərgah, meydan haman meydan [Xaqani Şirvani. Seçilmiş əsərləri. Bakı: «Yazıçı», 1985, səh.8].
Bütün bunlarla görkəmli şair-pedaqoq dövrün hökmdarlarına təsir etmək, dünyanın faniliyini, zülmün sonsuz nifrət yaratdığını, “Süleymana qalmayan dünya”nın onlara da qalmayacağını anlatmağa çalışmışdır. Başqa bir əsərində:
O İsgəndərsifət Xızrın hava-taxtı, ağıl-tacı,
O aqil sərxoşa süfrə-rzadır, can-mehmanı
Xəzinədarı-fikir, ilham; keşikçi-şərilə tövfiq,
Əsiri-nəfs ilə amal, qul etmiş çərxi-keyhanı [Xaqani Şirvani. Seçilmiş əsərləri. Bakı: «Yazıçı», 1985, səh.10].
Böyük sənətkar əsərində dərvişi ehtiyacı və tamahı üçün zülm etmədiyinə görə ucaldır. Xaqani insanlardan gözütox, ağıllı olmağı nəsihət edir.
Ümumiyyətlə, Xaqani Şirvaninin bütün yaradıcılığında əsas tənqid hədəfi zülm və ədalətsizlikdir. O, zülmkarları düşünməyə, peşiman olmağa səsləyir. Xaqaninin sadəliyi, təvazökarlığı da onun ali əxlaqi xüsusiyyətlərə malik olduğunun bariz nümunəsidir.
Sənətcə toxucu olmuşdur babam,
Mən də yavaş-yavaş söz toxuyuram [Xaqani Şirvani. Seçilmiş əsərləri. Bakı: «Yazıçı», 1985, səh.13].
Bu misralar dahi söz ustadının təvazökarlığını təsdiq edir. Atasından sonra onu saxlayan, tərbiyə edən əmisi Kafiəddindən məhəbbətlə söz açması onun nə qədər qədir-qiymət bilən, kəsdiyi duz-çörəyi unutmayan bir insan olduğunu sübut edir.
Xaqanidən yuxarıda oturdunsa, nə olar,
Nə bu sənə bir hünərdir, nə də Xaqaniyə ar…
Görmədinmi, xırmanda da döyüm vaxtı həmişə,
Ağır dənlər alta yatar, boş saman üstə çıxar [Bax: Xaqani Şirvani. Seçilmiş əsərləri. Bakı: «Yazıçı», 1985, səh.15].
Burada şairin nə qədər məğrur, şərəfli və həm də çox istedadlı olduğunun şahidi oluruq. Xaqani Şirvaninin əsərlərini oxuduqca hər bir oxucunun qəlbi paklaşır, aliləşir. Xaqani yaradıcılığı bütünlükdə bir məktəb, ibrət aynasıdır. Onun əsərləri daim oxunmalıdır. İnsan hər bir hadisə üçün, hər bir an üçün bu əsərlərdən dərs götürməlidir. İnsana məxsus olan mənfi və müsbət xüsusiyyətləri poetik dillə elə ustalıqla ifadə etmişdir ki, onu oxuduqca həyəcanlanmaya bilmirsən. Digər tərəfdən insan bu qədər istedadlı, yüksək mənəviyyata, nümunəvi əxlaqa malik bir şairlə, ustadla məhz eyni bir xalqın nümayəndəsi olmağı ilə fəxr edir.
Xaqani ilk gənclik dövrlərində, yəni təzə şeir yazmağa başladığı vaxtlarda belə həqiqəti söyləməkdən çəkinməmişdir. Təsadüfi deyil ki, əmisi Kafiəddin Ömər də məhz buna görə ona “Həqayiqi” təxəllüsü vermişdir. O, belə demişdir:
“– Sən həqiqi şairsən, gələcəyin böyük şairisən. Sən bundan sonra öz şeirlərini “Həqayiqi” təxəllüsü ilə yaz. Qoy bu təxəllüs sənin bütün şeirlərinin meyarı olsun, həqiqət meyarı” [Bax: Mahmud İsmayılov. Xaqani. Bakı: «Yazıçı», 1983, səh.80].
Xaqaninin atası Əli Nəccar dövr ilə razılaşmayan, çılğın bir adam olsa da və yaxud ailəsinə qarşı qayğı göstərməkdə nə qədər xəsislik etsə də o, atasına olan məhəbbətini gizlətmir, dualarını əsirgəmir. Bunu “Atasından şikayət” şeirində belə ifadə edir.
Bir atam var, çox yaramaz xasiyyətə malikdir,
Onu xalis yanar oddan yaratmış pərvərdigar.
Yaxud:
Nə etməli, atam odur, bir oğulam ona mən
Ağ olmaram, o nə qədər eyləyərsə məni xar.
Axır mənə çörək verib, bəsləmişdir bir təhər,
Böyük Allah, qoru onu, bəlalardan çək kənar [Bax: Xaqani Şirvani. Seçilmiş əsərləri. Bakı: «Azərnəşr», 1956, səh.277].
X.Şirvani bu şeirdə atasının zülmkarlığından, ailəsinə qarşı laqeydliyindən söhbət açaraq, əslində ailə tərbiyəsinin geniş izahını vermişdir. Yəni ata kim olursa olsun, necə olursa olsun, o atadır. Biz onu seçə və dəyişdirə bilmərik. Bizim borcumuz və vəzifəmiz atanı sevmək, ona ehtiram göstərməkdir. Sonuncu misrada dualar etməsi, onun imanının təzahürüdür. İmanlı olmaq, Allaha inanmaq Xaqani Şirvaninin yüksək əxlaqi görüşlərindən xəbər verir. Xaqani yaradıcılığında dini-əxlaqi tərbiyə mövzuları da xüsusi yer tutur.
Atasının qəriblikdə olması, Şamaxıda olarkən çəkdiyi iztirablar şairin qəlbini yaralamış, zehnində dərin izlər buraxmışdır. Atasının çəkdiyi iztirablar, anasına çəkdirdiyi əzablar onun rübailərində öz əksini tapmışdır:
Dünyadır ahıma kiçik bir meydan,
Nalədən qəlbimi çulğamış duman.
Ümid ayağına hey tikan batar,
Ömrün şişəsinə daş dəyər hər an.
Heç kəs mənim tək qərib, biyar olmasın,
Həm aciz, çarəsiz, həm xar olmasın,
Məni hicran dərdi salıbdır əldən,
Həkimsiz yerlərdə bimar olmasın [Bax: Xaqani Şirvani. Seçilmiş əsərləri. Bakı: «Yazıçı», 1985, səh.503].
Şair bu fikirlərini əmisi, öz dövrünün alimi, filosofu Kafiəddin Ömərlə bölüşür. Bu da əmi-qardaşoğlu münasibətlərinin yaxınlığından, səmimiliyindən əmələ gələn hərəkətlərdir. X.Şirvani qohumluq əlaqələrinə xüsusi əhəmiyyət verir. İstər əmisi, əmisi oğlu, istər bibisi və s. qohumları ilə olan münasibətlərində çox səmimidir. Bu şairin əsərlərində özünü çox aydın biruzə verir.
X.Şirvani yaradıcılığında həmçinin milli adət-ənənələrə də böyük əhəmiyyət verir. Belə ki, bibisi oğlunun toyunda yaxından iştirak etməsi, toyda xanəndələrin oxuduğu segah-zabulu heyranlıqla dinləməsi, toy adət-ənənələrinə hörmət etməsi, onun adət ənənələrə olan bağlılığından xəbər verir.
X.Şirvani əmisi Kafiəddin Ömər Şirvanşah Məniçöhrün sarayında məsləhətçi olmuşdur. Sonralar oğlu Vəhidəddinin də saraya getməsi şairin saraya olan meylini artırır. O, saraya, saray şairlərinə o qədər həsəd aparır ki, yuxuda belə özünü sarayda görür. Lakin bu yuxusunu sevinclə anasına danışarkən anasının sevinmədiyini hiss edir və məyus olur. Lakin saray xidmətçisinin onların qapılarına gəlib onu saraya dəvət etməsi onu ürəkləndirir. Saraya olan həvəsini birə-beş artırır. Nəhayət, axşamüstü saray xidmətçisi ilə saraya yollanır. Baxmayaraq ki, əmisioğlundan saray haqqında soruşarkən o da sarayın həm yaxşı, həm pis olduğunu qeyd etmişdir. Və yaxud əmisi söhbət zamanı sarayın riyakarlıq yuvası olduğunu qeyd etmişdi. Anası da məhz buna görə onun saraya getmək arzusuna narazı olsa da Xaqaninin saraya getməsinə maneə yarada bilməmişdir. Bu qədər böyük bir həvəslə gəldiyi sarayda da şair cürətini, cəsarətini gizlətmir, pərdələmir. Məliküşşüəra ona şeir oxumaq izni verərkən o, belə deyir:
Dedin ki, heç kəsə baş əymə əsla,
Çünki xoşbəxt doğdun əzəmiyyətdən.
Doğrudur, bu şadlıq gülüstanında
Gül açdım qocalar duasilə mən.
Əmim yol göstərdi, kamala yetdim,
Öyrətdi o mənə çoxlu elmü fənn [Bax: Xaqani Şirvani. Seçilmiş əsərləri. Bakı: «Yazıçı», 1985, səh.505].
Bu şeiri eşidən böyük şair Əbül-Üla Gəncəvi ona xaqanı, şahı tərifləmək lazım olduğunu desə də Xaqani: “– Mənim birinci ustadım əmim, Şamaxıda, Şirvanda böyük şöhrət tapmış, hörmət sahibi Kafiəddin Ömərdir” – deyir.
Bu sözlər X.Şirvaninin ustadına olan böyük məhəbbət və ehtiramının tərənnümüdür. Xaqani bu fikirləri ilə, sanki zərbi-məsəl kimi işlənən “ustadına kəc baxanın gözlərinə qan damar” ifadəsini təsdiqləmiş olur. Ustada, müəllimə olan ehtiram da əxlaq tərbiyəsinin mühüm bir hissəsidir. Baxmayaraq ki, hələ uşaq ikən Şirvanşah Məniçöhrün suallarına cəsarətlə və məntiqlə cavab vermişdir. Elə o zaman da o, şahın attığı qızıl sikkəni götürmək istəməmişdi. Atası uzaqda olsa da, ata əvəzi olan əmisi Kafiəddinə qarşı itaətkar olması, etibar qazanması yüksək əxlaq tərbiyəsi nümunəsidir.
Nəhayət, Şirvanşah Məniçöhr bir daha şairlə tanış olmaq istəyir. Bu zaman Xaqani yenə də özünün ağıllı, məntiqli fikirləri ilə şahın diqqətini cəlb edir. Şirvanşahın diqqətini xüsusilə cəlb edən şair İbrahimin (Xaqaninin) cürətidir. O, çox cürətlidir. Bunu Şirvanşahın Xaqaniyə dediyi aşağıdakı sözlər də təsdiq edir:
– Xoşum gəldi səndən, yaxşı təbli şairsən, bu biryana, həm də cürətli adamsan. Öz fikrini, bəzi adamlar kimi şah hüzurunda deməkdən də çəkinmirsən [Bax: Mahmud İsmayılov. Xaqani. Bakı: «Yazıçı», 1983, səh.137].
Əlbəttə, Şirvanşah Məniçöhrün sözünün qarşısında söz demək olmazdı və o bunu xoşlamazdı. Gənc bir şairin böyük xaqanın hüzurunda cəsarətlə danışması, üstəlik ustadı və əmisi Kafiəddin Öməri tərifləməsi ağıla və məntiqə əsaslanırdı. Həm istedadı, həm də atdığı yüksək əxlaq tərbiyəsi Xaqaninin hər zaman imdadına çatmışdır.
Xaqaninin son sözləri də dildən-dilə, ildən-ilə keçərək, ürəkləri, qəlbləri işıqlandırır: “– İstərəm ki, məni Xəlqani çağırsınlar. Mənim ürəyim, ruhum vətənimdir, xalqımdır. Günəş güllər üzərindəki, gecənin şehini təmizlədiyi kimi, könlümdə yanan insanlıq odu varlığımı təmizləyib billurlaşdırır”.
İstəmərəm adımı çağıralar Xaqani,
Mən yoxsullar şairi xəlqaniyəm, xəlqani.
Xaqani poeziyası öz dövründən başlayaraq bu günədək Şərqin, o cümlədən Azərbaycanın bir çox sənətkarları üçün örnək olmuşdur. Əmir Xosrov Dəhləvi, Əbdürrəhman Cami, Əbülqasım Şirazi Əmri, Məhəmməd Füzuli, Seyid Əzim Şirvani kimi söz xiridarları Xaqani Şirvani irsindən təsirlənmiş, Xaqanini özlərinə ustad hesab etmişlər. Seyid Əzim Şirvani “Xaqani yaradıcılığını yüksək qüymətləndirərək onu “Hünərin kəsərli qılıncı” adlandırmışdır” [Bax: M.Sultanov. Xaqani Şirvani. Bakı: «Azərnəşr», 1954, səh.109].
Xaqani Şirvani yaradıcılığı boyu əxlaq tərbiyəsi məsələlərinə daim önəm vermişdir. Bu gün də gənc nəsil və gələcək nəsil də Xaqani Şirvani irsindən bəhrələnir və bəhrələnəcəkdir.
Azərbaycan Respublikasının Əməkdar müəllimi
Yazıya 497 dəfə baxılıb