Gülrüxsar Səfiyeva — Qəmsizlər görməsin gözümdə nəmi(Tacik dilindən tərcümə Məhəmməd NURİ)

11822663_939280942780012_4230862268126199753_n  Tacik xalq şairi, Tacikistan Yazıçılar Birliyinin katibi Gülrüxsar Səfiyeva 17 dekabr 1947-ci ildə Tacikistanda, Rəşt vadisinin Yəxç kəndində dünyaya gəlmiş, 1968-ci ildə Tacikistan Dövlət Universitetinin filologiya fakültəsini bitirmişdir. İlk şeirləri “Sovet Qaratəkini” adlı rayon qəzetində işıq üzü görmüşdür. “Bənövşə” (1970), “Ata evi” (1973), “Dağ əfsanəsi” (1975), “Könül dünyası” (1977), “İxlas” (1980), “Soqd atəşi” (1981), “Gün aynası” (1984), “Dərdin doğum günü” (1995), “Qadın və hərb” (2000, 2004, 2013), “Divan” (2004), “Röyalardakı cənnət” (2004), “Yüz yarpaq qəzəl” (2007), “Əbədi” (2009), “Daşdakı qığılcım” (2011), “Vətən nəğməsi” (2011) və s. kitab və şeir məcmuələrinin müəllifi olan Gülrüxsar eyni zamanda bədii tərcümə ilə də məşğul olmuşdur. Hal-hazırda yaradıcılığının müdrik çağlarını yaşayan şairə həm də xəyyamşünasdır.

 

 

 

DEYİL BƏRABƏR

Mən sənin, sən isə mənimdin, indi
Sən özgəyə yarsan, mən yada dilbər.
Eşqdə, aşiqlikdə sultan yox, qul yox,
Bəs niyə eşqimiz deyil bərabər?!

Sən əsla görmürsən, bağışlamırsan
Məndəki xətanı, günahı, qəmi.
Ağlamam, ağlamam, qoy qayğısızlar,
Qəmsizlər görməsin gözümdə nəmi.

İnsanlar istəyən hər bir nemətdən
Mənimçün doludur, doludur cahan.
Susuz qalan balıq ölər, onsuz da,
Nə xeyri, hovuzu olsa qızıldan?

O qəlbin gərəkdir, o gözlərinin
İsti baxışları gərəkdir mənə.
Çoxdan sığallanmır bu yetim başım,
Əlinin tumarı gərəkdir mənə.

Sən öz taleyindən razısanmı heç,
Niyə soruşmursan halımı bir dəm?
Tək sənin gözünlə, sənin qəlbinlə –
Tək sənlə yox olar könlümdəki qəm.

Mən oğurlamaram səni özgədən,
Hər kəsə öz bəxti şirindir, şirin.
Bil ki, xəyalınla yalqız bir ruham,
Məni görsən əgər küçədə qəmgin.

Bəhanə edərək qaçırsan, guya
Şairəm, hər yana salmışam soraq.
Üzüm gülüş dolu, qəm-kədərim yox,
Köhnə dostlarımdan uzağam, uzaq.

Mən sənin, sən isə mənimdin, indi
Sən özgəyə yarsan, mən yada dilbər.
Eşqdə, aşiqlikdə sultan yox, qul yox,
Bəs niyə eşqimiz deyil bərabər?!

***

SUYA SÖYLƏDİM

Məni güclü etdi sənin bu eşqin,
Səbr öyrətdi mənə sən verdiyin qəm.
Səni başqasıyla gördüm, ölmədim,
Yüz bəla da gəlsə, daha ölmərəm.

Başımı dik tutub ötdüm yanından,
Sən öz sevgilinlə, mən isə tənha.
Yanından ötərkən olsam da sakit,
O anda başıma yıxıldı dünya.

Sevgilin yanında şad görünürdü,
Ümidim kədərə dönürdü o dəm.
Könlüm də evimtək boşalmaqdaydı,
Ömrümün Günəşi sönürdü o dəm.

Soruşmadım ilqarından, vəfandan,
Arxanca düşmədim fəryad edərək.
Niyə fəryad edim, daha bu qadın
Nəyinə gərəkdir, nəyinə gərək?

Kənddəki bulağın başına gedib,
Otların üstündə yumdum gözümü.
Bulağın suyundan vurub üzümə,
Mən suya söylədim ürək sözümü.

***

ŞƏRQ VƏ QƏRB

Yaralı ov kimi titrəyəndə
Şərq azadlıq kaftarının pəncəsində,
Azadlıq həsrətindən doğan
fəryad deşəndə Şərqin boğazını,
Şərqin arteriya damarından yüksələndə
məzlum qanın naləsi,
Ucalanda Şərqin imdad səsi
azadlığın qanında, canında,
İtini gəzdirər Qərb
Azadlıq meydanında…

Yazıya 1438 dəfə baxılıb

Şərhlər

Şərh

Pin It

Comments are closed.