Sahib Camal – Gözəl gözləridir sabahın gözü

sahib camalBizə yazıq deyən yazıq,
Biz niyə yazıq oluruq!
Dərdimizə cız çəkmirik,
Özümüz cızıq oluruq!

Budağının yarı yarpaq,
Gövdəsinə qarı yarpaq,
Güzünə bir sarı yarpaq,
Qışına sazaq oluruq!

Gözümün suyuna axın,
Axım axmağıma baxın.
Olmuruq bir gün də yaxın,
Neçə gün uzaq oluruq!?

***

Ağlaya bilirsən dərdini özün,
Dərdini böləndə ağlamaq olmur!
Olsun ki, yaşayır, diridir gözün,
Göz yaşın öləndə ağlamaq olmur!

Bir işdir gülməyi bilməyin özü,
Gulub də özünə gəlməyin özü,
Ağlamaq kimidir, gülməyin özü,
Kim deyir güləndə ağlamaq olmur!

Neyləsən, göz dolmur ağlamamağa,
Üz açır, üz solmur ağlamamağa,
Ağlamamaq olmur ağlamamağa,
Ağlamaq gələndə ağlamaq olmur!

***

Yandırar-yandırmaz şamı,
Hamı sevər!
Keçməmiş gündüz-axşamı,
Hamı sevər!

Sevgidən ölkəsi olsa,
Ölkədə bölgəsi olsa,
Əlboyda sevgisi olsa,
Hamı sevər!

Sevməzlər günü qaranı,
Sevməzlər qarayaranı.
Olanda pulu, paranı,
Hamı sevər!

Füzulinin qəzəlini,
Gözəlliyin əzəlini.
Gözəllərin gözəlini,
Hamı sevər!

Telli sazlar da belədir,
Güllü yazlar da belədir,
Gözəl qızlar da belədir,
Hamı sevər!

 

***

Dəyişərdim görkəmini,
Alışardım qorla sənə!
Yaz-yay günü gün altında,
Bu torpağın gül qatında,
Üşüyərdim qarla sənə!
Qızların ən çirkinini
Sevdirərdim zorla sənə,
Ay dəlisov 15 yaşım!
Sevginin də gərginini,
Axıdardım al qanımda,
Ürəyimdə, lap canımda.
Bu gün olsaydın yanımda,
Bəlkə, ağarmazdı başım!
Ay dəlisov 15 yaşım!

 

***

İstəyinin neçəsinə çatmışam,
Neçəsinə çatmamışam o qızın!
Bilməmişəm necə deyib sözünü,
Necəsinə çatmamışam o qızın!

Nə vaxt dadsam, ayrılığı bal dadıb,
Sevincinin dəymişi də kal dadıb,
Ayağımı ayrı yollar aldadıb,
Küçəsinə çatmamışam o qızın!

Yanıb ona od-közündən keçmişəm,
Nə üzümdən, nə üzündən keçmişəm,
Neçə-neçə gündüzündən keçmişəm,
Gecəsinə çatmamışam o qızın!

 

***

 

Sevgimizə ağlamadıq,
Nə də ki güldük görüşdük!
Olan nədirsə, bilmədik,
Nə də ki bildik görüşdük!

Buluda dönmüş yağışdıq,
Göyün üzünə yığışdıq.
Göz-gözə durub baxışdıq,
Üz-üzə gəldik görüşdük!

Olduq bir ikən ayrıldıq,
Göy yox, Yer ikən ayrıldıq,
Hələ diriykən ayrıldıq,
Bəlkə də, öldük görüşdük!

 

***

 

Çəkib Qıratını son qırağına,
Olar torpağına yaranan vaxtın!
Biryolluq tüpürüb yad yarağına,
Doğma yarağına qorunan vaxtın!

Kimə açılacaq düyməli yaxan,
O kimin əlidir telindən baxan,
Özgə darağının əlindən çıxan,
Gələr darağına daranan vaxtın!

Heç kimin ha deyil, gedən köç sənin,
Eylə seçimini, seçim seç sənin,
Görən, olacaqmı, Vətən, heç sənin,
Bütöv bayrağına sarınan vaxtın!

 

***

 

İçindən səsin çıxmadı,
Sahib, gəlmir sədan öldü!
Yaşdan ölsə, nə vardı ki,
Gözün qara Sudan öldü!

Olacaqmı gülən günü,
Bir işığı gələn günü?
Sənin gözün ölən günü,
Bir də gördün bu dan öldü!

Boşalan göy dolmayacaq,
Açılan gül solmayacaq.
Sənə fərqi olmayacaq,
Ya qaranlıq, ya dan öldü!

 

***

 

Ayaq yorular addımı,
Yeyin olmadığı yerdə!
Adam hər xəyala düşər,
Beyin olmadığı yerdə!

Buluduna dolu dolar,
Bitməz, açmaz gülü solar.
Nə bu torpaq, nə yer olar,
Göyün olmadığı yerdə!

Yazı batar, yay boylanmaz,
Bulağına çay boylanmaz,
Gecədən də Ay boylanmaz,
Nəyin olmadığı yerdə!?

 

***

 

Sevgimə bax, istəyirəm dağ çıxım,
Çıxım, olsun yolum sənə sevgili!
Nə qədər ki, yaşayıram, dururam,
Sinəm sənə, qolum sənə sevgili!

Bu sevgidə hər kəs bilsin yerini,
Ölərəmsə, ölümə qoy dirini.
Düşünəndə irəlini-gerini,
Sağ özüməm, solum sənə sevgili!

Ağlamışam gülə-gülə dünyaya,
Çətin bir də Sahib gələ dünyaya,
Gəlməmişəm elə-belə dünyaya,
Gəlmişəm ki, olum sənə sevgili!

 

***

 

Onun gözəlliyi su gözəlliyi,
Mənim ağzım nədir onu sevməyim!
Sevməmək olarmı bu gözəlliyi,
Mənim ağzım nədir onu sevməyim!

Suyum, havam nədir, çörəyim nədir,
Bildim ki, sevgidə gərəyim nədir?
Mənim dilim nədir, ürəyim nədir,
Mənim ağzım nədir onu sevməyim!

Çıxdım yoxuşuna sevgi öyrəndim,
Axdım axışına sevgi öyrəndim,
Bircə baxışına sevgi öyrəndim,
Mənim ağzım nədir onu sevməyim!

Dünyada qurğular pozular yoxsa,
Tərsinə yazılar Yazılar yoxsa,
Azalar sevgilər, azalar yoxsa,
Mənim ağzım nədir onu sevməyim!

Gözəl gözləridir sabahın gözü,
Gündüzün üzünü işıqlar üzü.
Birinci istəyib Allahın özü,
Mənim ağzım nədir onu sevməyim!

 

 

Yazıya 1880 dəfə baxılıb

Şərhlər

Şərh

Pin It

Comments are closed.