Şəhla Vahidin şeirləri

56947078_2286971834909180_4531303802812235776_n

 

 

 

 

 

 

 

 

Basdırın o Cıdır düzünə məni

 

İllərdi həsrətin çəkdiyim kimi,

Torpaq elə çəkir özünə məni.

Bu dərdi, qəlbimdə büdküyüm kimi,

Basdırın o cıdır düzünə məni.

 

Ağrıdım anamın ağrılarında,

Başı kəsik imiş doğruların da.

Sürtün ot bürümüş cığırlarında,

Nənəmin, babamın izinə məni.

 

Kim qaldı, əlimi tuta yurdumda,

Hay salsam, hayıma çata yurdumda.

Bir ocaq qalayın ata yurdumda,

Kül olum, basdırın közünə məni.

 

Dağların qarını yayın üstümə,

Bir dəstə çiçəyin qoyun üstümə.

Döndərin bulağın suyun üstümə,

Söykəyin buz kimi üzünə məni.

Basdırın o cıdır düzünə məni.

 

SUSMUR İÇİMDƏKİ  “SƏN”

Ürəyində cəza kəs,

Kipriyindən as məni.

Susmur  içimdəki “Sən”,

Öldürür bu səs məni.

 

Az bu eşqi  kəkələ,

Qəlbində  bür –bükələ.

Arzu –arzu tikələ,

Ümid – ümid  kəs məni.

 

Sərvətimdi  viranım,

Bu bəxtəmi yaranım.

Vəfadan  dəm vuranım,

Kim atıbdı bəs məni?

 

Xəta ömür, şər ömür,

Qartalıbdı tər ömür.

Day demə ki, bir ömür,

Sevəcəydin bəs məni.

 

İMANSIZ OLDUM, BAĞIŞLA!

İmansa,  dinsə  bu sevgi,

Imansız  oldum, bağışla!

Qırdım, tökdüm ümidləri,

Amansız oldum, bağışla!

 

Günahkarsan günahıma,

Yan ürəyim, yan ahıma!

Bu günümdən, sabahıma,

Gümansız oldum, bağışla!

 

Oldu xoş  günün ömründə,

Çoxaldın  kimin ömründə?

Bəlkə də sənin ömründə,

Zamansız  oldum, bağışla!

 

DÜNYA

Niyə silkələnirsən,

Haran ağrıyır, dünya?

Bölmüşük ölkələrə,

Yaran ağrıyır, dünya?

 

Kim səndən  çıxdı, qaçdı,

Ölümünə əl açdı.

Harda bir körpə acdı

Oran ağrıyır, dünya.

 

Qazdılar  dərin – dərin,

Qan doludu səngərin.

Qalmadı  bütöv yerin,

Paran  ağrıyır, dünya.

 

SÖZÜNDƏ ÖLÜM GEDİM.

Hisslərində  yaşayım,

Özündə ölüm  gedim.

Göz yaşında  boğulum,

Gözündə ölüm gedim.

 

Varam olanlarınla,

Yadda qalanlarınla,

Çıxım yalanlarınla,

Düzündə ölüm gedim.

 

Düş bu eşqin izinə,

Dur bu bəxtin  üzünə.

Al başımı dizinə,

Dizində ölüm gedim.

 

Gedim əlindən çıxım,

Yansan külündən  çıxım.

Son kəs dilindən  çıxım,

Sözündə  ölüm  gedim.

 

ÖLƏN ADAM

Qüsulun yox, kəfənin yox.

Ürəyimdə ölən  adam.

Ovul qarış göz yaşıma,

Gözlərimdən ələn, adam.

 

Qan damır  vaxtın  əlindən,

Yaralı çıxdın əlindən.

Əl açıb bəxtin əlindən,

Az səadət dilən adam.

 

Kim inandı doğrusuna?

Döndü ümid  oğrusuna.

İçin – için  ağrısına,

Dözmək  üçün gələn  adam.

Ürəyimdə ölən  adam.

 

 

SƏSİN QULAQDAN DÜŞÜB

Acılarım cücərib,

Budaqlanıb, ucalıb.

Ümidlərim  qocalıb,

Əldən –ayaqdan düşüb.

 

Yapışma dişlərimdən,

İz itib izlərimdən.

Xəyalın  gözlərimdən,

Səsin  qulaqdan  düşüb.

 

Bir udum nəfəs günüm,

Sənsiz  günüm nəhs günüm.

Yaxşı günüm, pis günüm,

İndi qınaqdan düşüb.

 

Gəl de bəxtin  ayılıb,

Ömrün  ömür sayılıb.

Gülüşlərim  soyulub,

Qopub dodaqdan  düşüb.

 

 

BİR SƏS ELƏ.

Bir səs elə, geri dönüm.

Izin yox izin içində.

Hər gün  üzünü  gəzirəm,

Yüzlərlə  üzün içində.

 

Sənə yüyürdüyüm yollar,

Baxıb kiridiyim  yollar.

Yandı  yeridiyim  yollar,

Yeridim közün içində.

 

Nə zaman  yarıdı  qəlbim?

Həsrətdən  qarıdı qəlbim.

Adını zarıdı  qəlbim,

Bu qədər  sözün içində.

 

Ilahi,  sevmədinmi heç,

Məni də  xoşbəxt  bəndən  seç.

Günahsa bu günahdan keç.

Bağışla  özün içində.

 

SAXLA, DÜŞÜM.

Sürüyürsən hara kimi,

Göynüyürəm yara kimi.

Bəsdir  gəldim bura kimi,

Saxla Tanrım, saxla düşüm.

 

Qurdun alaçıq ömrümü,

Dərdlərə açıq  ömrümü,

Bu yarı uçuq  ömrümü,

Uçur  bür –bük, bağla  düşüm.

 

 

Orda ruhum, burda  cismim,

Qalra intizarda  cismim.

Qalmasın  məzarda cismim,

Yer kürəsi laxla, düşüm. 

 

YALAN DE ÜRƏYINƏ.

Diləyim nəyə çıxdı,

Sevincim  göyə çıxdı.

Kim gəldi yiyə çıxdı

Tək qalan  ürəyinə?

 

Hər çiçək də  güldümü?

Hər yanan da küldümü?

Yenə bahar gəldimi

O viran  ürəyinə?

 

Dinsə dilə tutmuşam,

Qəlbimi  ovutmuşam.

De, mən də  unutmuşam,

Yalan de, ürəyinə.

 

    Yazıya (110) dəfə baxılıb

Şərhlər

Şərh

Pin It

Comments are closed.