“PALİTRA” ƏDƏBİ KULUBUNUN NƏSİMİ SEVGİSİ

20190628_153254[1] Ötən ilin dekabr ayından Azərbaycan Yazıçılar Birliyi Mingəçevir bölməsinin nəzdində fəaliyyət göstərən “Ralitra” Ədəbi Klubu son altı ay ərzində yazarların və Mingəçevirin sözə-sənətə dəyər verən ziyalılarının iştirakı ilə bir sıra uğurlu layihələri həyata keçirməklə növbəti addımlarını atmışdır. Hər ayın 28-də saat 15-00-da yaradıcılıq günüdüzənlənən kulubda indiyə qədər Mikayıl Müşfiq, Cəfər Cabbarlı, Cəlil Məmmədquluzadəyə və Azərbaycan Demokratik Cümhuriyyəti qurucularına həsr olunan tədbirlər hamı tərəfindən razılıqla qarşılanmışdır. Sovetlər dönəmində Mingəçevirdə zəhmət adamlarının böyük rəğbətini qazanan “Kür” ansablının AYB Mingəçevir bölməsinin nəzdində veteran müğənni Ağagül Əliyevin rəhbərliyi ilə yenidən fəaliyyətə başlaması da, “Palitra” Ədəbi Klubunun ən önəmli işlərindən biri hesab olunur.

Klubun iyun ayının sonlarında keçirilən növbəti yaradıcılıq günü isə Azərbaycanın görkəmli klassik şairi İmadəddin Nəsiminin anadan olmasının 650 illiyinə həsr olunmuşdur. Yerli yazarların, ziyalı və ədəbiyyatsevərlərin qatıldıqları tədbiri AYB Mingəçevir bölməsinin sədri İsmayıl İmanzadə giriş sözüylə açaraq, İmadəddin Nəsiminin qələmə aldığı əsərləri ilə orta əsr Azərbaycan ədəbiyyatına misilsiz söz töhfələri bəxş etməklə yanaşı, həm də şanlı tariximizdə sənətin qəhrəmanlıq simvolu kimi dəyər qazandığını, məhz elə buna görə də zamanın fövqündə dayandığını vurğulamışdır.

Mingəçevir Dövlət Universitetinin müəllimi, Azərbaycan Yazıçılar Birliyinin üzvü, İmadəddin Nəsiminin tanınmış tədqiqatçılarından biri hesab olunan Əbülfət Həsənoğlu (Ədilov)   “İmadəddin Nəsimi Azərbaycan ədəbiyyatının görkəmli nümayəndəsidir” mövzusunda çıxış etmiş, şairin bu günün özündə də böyük maraq doğuran əsərlərinin təsir gücündən söz açmış, ayrı-ayrı qəzəllərini əzbərdən söyləmiş, tədbir iştirakçılarının çeşidli suallarını cavablandırmışdır.

AYB-nin üzvü, tanınmış şair Elşən Əzim isə Fəzullah Nəimidən sonra hurifiliyin təriqət başçısı kimi bütün şərq aləmində məşhurlaşan  Nəsiminin edamı ilə bağlı bir sıra məsələlərə aydınlıq gətirmiş, təkcə respublikamızda deyil, eyni zamanda yaxın şərqdə,-o cümlədən bir sıra Avropa ölkələrində şairin ədəbi irsinə və şəxsiyyətinə yönəlik maraqdan söz açmışdır.

“Palitra” Ədəbi Klubunun həmsədri Eyyub Cabbaroğlu, şairlərdən Bəhman Gülövşəli, Məmməd Mərzili, fəlsəfə doktoru, şair Mehman Rəsulov, Məhəmməd Fərzəliyev, Ağabala Salahlı və Rəşid Rəsulov da öz çıxışlarında Nəsimi poeziyasının təsir gücünü, ölkəmizdə onun xatirəsini zaman-zaman əziz tutan xalqımızın və ölkə başçısının sözə-sənətə verdiyi dəyərləri yüksək qiymətləndirmişlər.

Elşən Əzim və Bəhman Gülövşəlinin ayrı-ayrılıqda  İmadəddin Nəsimiyə həsr etdikləri rəngli  şəkillər də hamı tərəfindən maraqla qarşılanmışdır.

Sonda AYB Mingəçevir bölməsinin sədri İsmayıl İmanzadə İmadəddin Nəsiminin yaradıcılığını və şəxsiyyətini yüksək dəyərləndirən həmkarlarına təşəkkürünü bildirmiş, klubun iyul ayının 28-də küçirilməsi nəzərdə tutulan növbəti məşgələsinin çağdaş Azərbaycan ədəbiyyatında görkəmli şair və nakam ömür sahibləri kimi tanınan Əli Kərim, Sərdar Əsəd və Vaqif İbrahimə həsr ediləcəyini vurğulamışdır.

Zümrüd Rəhimova

Azərbaycan Yazıçılar Birliyinin üzvü

    Yazıya (234) dəfə baxılıb

Şərhlər

Şərh

Pin It

Comments are closed.