Əyyub Məmmədov – Məzarlar da danışır… (şeirlər)

Eyyub FotoMəzarlar da zamanla
Dostlaşıb tanış olur
Bəzi daşlar orda da
Fəhləyə məmur olur

Məzar var ki, başında
Bir abidə ucalır
Məzar var ki, başında
Adi bir daş dayanır

Məzar var il boyu

Həmişə yada düşür
Məzar var tarix boyu
Heç ora yolun düşmür

 

Məzar var yanı hasar
Bir qoruğa bənzəyir
Məzar var kol-kos basır
Kim olduğu bilinmir

 

Adama elə gəlir
O daşlar da danışır
Ona yaxın məzarla
Öz dərdini paylaşır

 

 ***

Gecikirsən ay ürək

Arzuları bir-bir gerçək etməyə
Vaxt azalıb, gecikirsən ay ürək
Bu həyatda əməl qoyub getməyə
Gecikirsən bir az tələs ay ürək

 

Çoxdandır heç yoxlamırsan özünü
Bəlkə sağlam, bəlkə xəstəsən bilək
Deyirdin ki, qəm bağlayıb üzünü
Gecikirsən sil dərdini ay ürək

 

Hiss edirəm içində bir boşluq var
Vaxt ötsə də dola bilmir bu ürək
Çox sakitsən blirəm ki,sözün var
Töküb,boşalt öz içini ay ürək

 

Pünhan tutmusan neçə sirrini
Bilirəm vəfada tayın yox ürək
Hərçənd bilməsələr bəzən qədrini
Gecikirsən üsyan elə ay ürək

 

Əvvəlkitək zövq almaqda acizsən
Əl-qolunu itirmiş bir əlilsən
Son mənzilin uzaq deyil bilirsən
Gecikirsən aman yoxdur ay ürək

***

Alov kimi

 

Bu bahar da payız kimi,
Sarı, qırmızı keçdi..
Yaşıllığı görmədim,
Ya da gördüm, hiss etmədim.
Çoxdandı fəsilləri
Yaman qarışdırmışam
Bircə sən qarışmırsan.
Beynimə qoyduğum kimi,
Yerində dayanmısan.
Dünən küləklə qar,
Yaman çovğun yaratdı
Bütün cismim üşüdü.
Təkcə başımdan başqa
Orda elə qalmısan
İsti daş kömür kimi
Məni yaman qızdırır
Xəyalın alov kimi…

***

Yarımçıq sevgilər

 

Məhəbbət yolunda yıxılmaq olar
Yetər ki, qalxmağa bir yolun olsun
Ayrılıb yenidən sevmək də olar
Yetər ki, sevməyə bir üzün olsun

 

Bir ürək nə qədər sevgi daşıyar
O olar, bu olar, o biri olar
Qəlb boxça deyil kim gəldi tuta
Axırda cırılıb, partlayıb daşa

 

Demə sevənlərim günahkar idi
Yarı yolda qoyub tərk etdi məni
De mən qəlbimi açıq qoymuşam
Hər gələn atını oynadıb getdi

 

Bir gün geriyə dönüb baxanda
Alnının qırışı çaşdırar səni
Yarımçıq sevgilər bir alov kimi
İçində qaynayıb yandırar səni

 

***

Mərhum şairə Rəhilə Elçinin xatirəsinə

Bir çiçək idin ki,ömürlük təzə
Araz yadigarı qalmışdın bizə
Qəlbində nə böyük gözəl arzular
Heyf xəyalların düşdü dənizə

 

Səndən bizə qalan dəyərli miras
Təmiz duyğuların, hisslərin oldu
Yazdığın alovlu, odlu şeirlər
Bir də kitab dolu xatirən oldu

 

Gözəl nümunədir həyat yolların
Vaxtsız yol çıxdı ömür karvanın
Bilməzdik Rəhilə ziyarətinə
Şahidlik edəcək nurlu məzarın

 

Nə xoşbəxt insansan sevənin çoxdur
Sənin ürəklərdə heykəlin tuncdur
Uzanır cənnətə indi qolların
Qovuşar ruhuna Məmməd Arazın

 

***

Yaşım çatmadı görəm mən sizi

 

Gəzdim ölkəmi mən qarış-qarış
Görmədim Zəngilan, Laçın, Şuşanı
Bir də Cəbrayılı, o Qubadlını
Hələ Kəlbəcərtək gözəl məkanı

 

Yaşım çatmadı görəm mən sizi
Bir gəzib dolanam hər tərəfinizi
Necə qurban getdiz yağı düşmənə?
Heç kimsə bilmədi aqibətinizi

 

Yurddan ayrı düşdüz tarimar olduz
Gözlərdə durub, bədgüman olduz
Günah kimdədir, necə oldu ki,
Qoruya bilmədik tamam yox olduz

 

Gərək deyil şuşalı, laçınlı olam
Təəssüb çəkən vətən oğluyam
Keçdikcə illər hey aram-aram
Qorxuram sizə heç qovuşmaram

 

Düşmən torpağımda gəzib əylənir
Badələr qaldırıb, yallı da gedir
De necə dözüm, mən bu halətə?
Göz dağı verir mənə heyvərə

 

Düyünlər açılsın, simlər qırılsın
Sülh sazişləri bir yana qalsın
Hər gün sinəmə od qoyan düşmən
Silahın gücündən yanıb dağılsın

 

 

Yazıya 566 dəfə baxılıb

Şərhlər

Şərh

Pin It

Comments are closed.