“Daha mənə əmi deyən olmayacaq…”

sahin(Dostum, qardaşım, polis zabiti  Şahin Nəsirovun əziz xatirəsinə… )
Sənin haqqında təəssüratlarımı yazarkən cümlənin zamanını keçmişdə göstərə bilmirəm.  Bəlkə də keçmiş hadisələr o zaman nəql olunur ki,  onun gələcəkdə təkrarlanması gözlənilmir.
 Bu məsələdə zamanın keçmişliyinə inanmaq olmur.  Axı o xoş anlar ən çox arzu etdiyin, oxşarını bir daha yaşamaq istədiklərindi…
Onunla  keçirdiyim o qürurlu günləri xatırladıqca ürəyim dağa dönür. Elə dağ cüssəli,  “köhnə”  kişiləri xatırladan xarakteri, mərdliyi, fədakarlığı, başqalarında az tapılan təəssüb hissi, qoruma ehtirası ilə qəlbimdə özünə  məxsusi yer qazanan Şahinim!
Səninlə keçirdiyimiz o xoşbəxt günlər əlçatmaz oldu?!.. Yox! İnanmıram! Sənin yoxluğunu o zaman qəbul edərəm ki, xatirələrin də özün kimi məni yalnız buraxsın. Bilirsən ki,  bu da mümkünsüzdür.  Səninlə necə fəxr etdiyimi, qürur duyduğumu sənə münasibətimdən bilirdin.  Sənin bir istəyin yetərdi ki, harda olmağımdan asılı olmayaraq yanında olmağa,  sənin o gülən üzünü görməyə gəlim.  Bilirəm qaqa, sən də eyni hissləri yaşayırdın.  Sənə ehtiyac duyduğumda yanımda olacağından o qədər əmin idim ki. Mənim qardaşım, güvəndiyim, fəaliyyətindən fərəhləndiyim, qanun keşiyində olan baş leytenantım!
Səni mənə bağlayan qohumluq əlaqəsi yox, xarakterin idi, Şahinim! Aramızda yaş fərqinin az olmasına rəğmən mənə “əmi” deyirdin.  O qədər səmimi, içdən söhbətlərimiz olurdu ki, bəzən qaqa, mənə əmi demə deyirdim. Biz dostuq, qardaşıq axı!  Sənsə, yox ay əmi, elə atam da sənə əmi deyirdi də!  Uşaq vaxtlarından atam bizə demişdi ki, Rövşən sizin əminizdi.  Mən həmişə sənə əmi deyəcəyəm!  İçimdə gövrəlsəm də, hiss etdirmədən gülürdum. Həm də qürur duyurdum; həm rəhmətlik atanın sözünə duyduğun hörmətə görə, həm də “əmi” kəliməsinin məndə yaratdığı o möhtəşəm hissə görə. Elə içtən müraciət edirdim ki,  hər “əmi” kəlimənin qarşılığında o uca boynuna sarılmaq istəyirdim, Şahinim! Bilirsən qaqa, daha mənə əmi deyən olmayacaq. Sən yeganə idin! Sən mənə qardaşsızlığı unutduranım idin. Səni hər zaman mərd, harayıma ilk çatan görmüşəm, sözlərinlə, hərəkətlərinlə. Ay zalım, ürəyim səni istəyir, dörd gündür səsinə həsrət qoymusan məni!..
İndi səninlə danışıqlarımı xatırlayır, yazışmalarımızı təkrar-təkrar oxuyuram. Yetmir, qardaş! Səsindəki o mehribanlığı duymaq istəyirəm. Yenə zəng etməni,  “həftəsonu Ehtiramı da götür, gəlin dağa gedək, qəşəng qar yağıb” demənə elə ehtiyacım var ki, Şahinim!  Bilirsən, 29 martda Ehtiram zəng etdi ki,  Şahinlə səni yuxuda görmüşəm. Harasa gedirdik, yol da sürüşkən idi. Şahin qəfil maşının sürətini artırdı, bizdən çox uzaqlaşdı, uzaqda durdu.  Dedim, qaqa, niyə belə edirsən?  Bizə baxıb gülərək demisən ki, görüm mənsiz nə edəcəksiniz…
Həmin gün Ehtiram sənə də zəng vurub, danışıb zarafatlaşmısız. Demisən, narahat olmayın qardaşlar, mən sizi yarı yolda buraxmaram. Ay zalım, bəs niyə sözünü tutmadın, niyə bizi çıxılmaz yol ayrıcında buraxıb getdin?! İndi biz sənsizliyə necə dözək, Şahinim?! Necə təsəlli tapaq?!  Axı Bakıya yola çıxdığını mənə niyə demədin, Bari “yollar sürüşkəndi, ehtiyatlı ol” deyərdim. Sən də mənim sözümdən çıxmaz, çox ehtiyatlı olardın. Mən Yardımlıya gəlmək niyyətinə düşən kimi sənə zəng edirdim, “qaqa, gəlirəm” deyirdim. Sənsə bəzən Masallıya qədər qabağıma gəlirdin. Necə xoş idi, səni o formada görmək; sadə vətəndaşlar üçün daim gülərüz, cinayətkar üçün amansız Şahinim!
Az yaşınla üzərinə düşən məsuliyyəti səndən yaxşı hiss edən birisini görmədim mən.
Sən uşaqkən atasız böyüyən qardaşlarına Ata idin, cavan yaşda həyat yoldaşını itirən anaya təsəlli yeri idin.  Hərəkətlərinlə sevimli əmimimizin ruhunu şad edən şərəfli oğul idin! Nə tez unutdun,  üzərindəki məsuliyyəti?!..r
Söhbətlərimiz zamanı böyük qardaşın Qeyrətin canına and içməyin yetərdi ki, sənin hətta yalan sözünə belə inanaq. Çünki Qeyrət həkimə olan münasibətini, sevginin sonsuzluğunu biz bilirdik. Bilirdik ki, onun canı sənin üçün necə qiymətlidir.
İndi isti yay günündə Qeyrətin toyuna birlikdə getdiyimiz anlar yadıma düşür… Necə həyacanlı idik, qaqa. Sevincimizdən Bakıdan Yardımlıya qədər deyib, güldük. Sən işinlə əlaqədar Bakıya gəlmişdim həmin gün. Bu səbəbdən toyun əvvəlki gününə qədər bütün işləri qaydasına qoyub gəlsən də, yol boyu digər qardaşlar zəng edib, hətta hansı qonağın hansı masada əyləşdirdiklərini səninlə məsləhətləşənd ürəyim dağa dönürdü. Elə qəşəng, əsl ev sahibinə xas yol göstərirdi ki. Və sonda “Qonaqları qarşılayın, yeməklərinə ciddi fikir verin, mən də gəlirəm, az qaldı deyirdin.”  Qaqa, hələ Səlyandayıq e.. deyirdim. Sənsə qəh-qəhə çəkirdin ki, əmi, qoy uşaqlar rahat olsunlar, həyəcanlanmasınlar deyirdin. Sənin nə böyük ürəyin,  düşüncələrin vardı,  ucaboylum! Dostlarımın, tanışlarımın qarşısına qürurla çıxartdığım qardaşım! Nə tez yoruldun, nə tez doydun yaşamaqdan, ay dünya malına gözü tox Şahinim! Axı sən ehtiyacımız vardı! Sən mənim və dostlarımin, elə səni tanıyan bütün insanların sevimlisi idin! Bəs bu məsuliyyəti niyə o enli kürəklərindən atdın və getdin?!  Qardaş, birlikdə o qədər arzularımız, məqsədlərimiz vardı ki. Akademiyanı bitirib növbəti məsuliyyətli vəzifənin icrasına başlayacaqdın. Bunu sənə güvənən, səni daha da yüksək vəzifələrə layiq görən rəislərin  deyirdi. İndi onlar da inanmaz durumdadırlar. İş yoldaşların yoxluğuna inanmır, sənin sanki növbəti cinayət hadisələrini aşkar  etmək üçün harasa səfər etdiyini düşünürlər. Axı biz necə inanaq ki, bu dəfə getdiyin yoldan geri dönüşü mümkünsüz etmisən?!
Şahinim, səni düşündükcə yazacaqlarım qalın- qalın kitablara çevrilər… İndiysə davam edə bilmirəm. Səsini istəyirəm… Gəl, mənə yaşatdığın bu hisslərə görə cavab ver, zalım! Belə ehtibarsız olacağını deməmişdim. “Əmi, həmişə  sənin arxandayam” deyirdin. Cansız bədənini çiynimə necə qaldırım, zalım, axı qəza xəbərin belimi qırıb!..
İndi hisslərim qarışıq, beynim dumanlı, ürəyimə vurduğun dağın şiddətli ağrısı… Ağlaya da bilmirəm Şahinim! Bilirsən, sənin üçün nə zaman  rahat ağlaya biləcəm?! Səninlə getdiyimiz yolları tək gedəndə… Hə, qəfil yadıma düşəcəksən, sağ yanıma baxacağam sənin orada olmadığını gördükdə ağlayacağam. Bax, sənə layiq hönkürmək necə olur, o zaman görəcəksən. Sol yanımdan isə heç zaman əskik olmayacaqsan!  Qoruya bilmədik səni, qardaş?! Ehtiram yuxusunu Çin etdin. Bizi atdıb getdin. Bu gedişə görə səni bağışlamayacagam Şahinim!..
Görüşəcəyik!..
            rovsen  Rövşən Həbiboğlu

Yazıya 620 dəfə baxılıb

Şərhlər

Şərh

Pin It

Comments are closed.