Elçin Aslangil – …tək şeir…

elçinaslangil119_nÖzünü öldürmür ayrılıqlarım

Bütün ağacların dua səsidir
Sarı yarpaqların payız axşamı.
Ölmüşəm bilmirsən necə gedirlər,
Dərdin mənə pis olma ha, yaxşımı?

Bəs nə deyir sizinkilər orada?
Adamları külək alıb aparır?
O Bakı ha, dənizin küsən yeri,
Payız gəldi hay-həşirmi qoparır?

Neçəsinin halı gedib özündən?
Qağayılar tez-tez ölür yenə də?
Bəs sevənlər dənizə üz tuturmu,
Şairləri tələsirmi ölməyə?

Qız Qalası yerindədi o vaxtdan?
Oğlu varmı özün dənizə atsın?
Elə bil ki qız ürəyidir Xəzər,
Hər çatan istəyir qəlbinə yatsın.

Sən Allah qırılıb batmamısınız?
Adamlar nə deyir, savaş olacaq?
Üzü Bakıdan çıxsaq Şuşaya sarı,
Neçə qızın gözü yolda qalacaq?

Uşaqlar neyləyir, ümidsizdirlər?
Gələcək heç zaman gəlməyəcəkmi?
Bir vurdu üç qovdu oynayan çocuq,
Nə vaxtsa, nə vaxtsa gülməyəcəkmi?

Nə yaman ağırmış, nə yaman əzab,
Sən yeri uzağın, bu uzaqların.
Sən Allah ay Bakı sevdiyimə de,
Özünü öldürmür ayrılıqlarım.

Yazıya 700 dəfə baxılıb

Şərhlər

Şərh

Pin It

Comments are closed.