“Siyasət insanlarının görə bilmədiyi işləri ədəbiyyat və sənət insanları görməyi bacardı”

ilqar turkogluİlqar Türkoğlu tanınmış şair və ictimaiyyət adamıdır. Onunla söhbət həmişə maraqlı olur. Budəfəki söhbətimiz isə onun da rəhbərliydə təmsil olunduğu bir ədəbiyyat və sənət amacı olan təşkilatın səfər öncəsi baş tutdu:

-İlqar bəy, səhhətiniz və yaradıcılığınızla bağlı sual vermirəm. Maşallah dağ kimisiz, yaradıcılığınızı isə mütəmadi izləyirəm. Bu gümrahlıq və təbiniz həmişə belə olsun. Sirri yoxdur ki?

-Təşəkkür edirəm. Dağ dediniz, yadıma bir bənd şeirim düşdü.

Dağların zirvəsi çəndə itibdi,
Yolumu gözləmə sən,”Kəkil”yeri.
Daha pasportumda limit bitibdi,
Üzə gülümsəyir son şəkil yeri…

Bəli, dağlar qoynunda doğulub, boya- başa çatmışam. Bu misralardan da hiss olunur ki, yaşa dolduğumu hiss edir  və təbiətin, həyatın mənə bəxş etdiyi ömrü qayğılar axarında yaşamağa çalışıram. İnsanın amalı və əməli uca olanda, sağlamlığı da yerində olur. İnsanı çökdürən, xəstə edən paxıllıq, kin, xarakterimə yaddır.

-Daha pasportumda limit bitibdi, dedin. Sual elə burdan yarandı, tez-tez səfərlərdə olursuz, sizə səyyah şair demək olar?

-Şairlik missiyası mənim üçün bir az ağır məsələdir. Bu, sadəcə, bir vasitədir. Təbi gələndə ara- sıra mən də duyğularımı ifadə etməyə çalışıram. Təbiətin, gözəlliklərin vurğunu olduğumdan səyahət etməyi daha çox xoşlayıram. Bir aforizmdə deyildiyi kimi  “çox oxuyan yox, çox gəzən çox bilər”in sübutunu özümdə də hiss edib, duydum. Bu səyahətlər zamanı müxtəlif insanlarla rastlaşıb, dostlaşdım. Səfərlərimin məqsədi, daha çox, uzun illər, əsrlər boyu bir- birindən ayrı salınan böyük türk dünyasında yaşayan insanlarla bir araya gəlmək, doğmalaşmaq və ilişgilərin qurulmasıdır.

-Yazar dostlarla keçirilən tədbirlər, təşkil olunan məclislər fikrinizcə  çağdaş ədəbi prosesə təsir edirmi və təsiri varsa, necə təsir edir?

-İstər yüksək, ortabab, ya da zəif tədbirlər olsun, fərq etməz, cəmiyyətdə ümumi ab- havanın durulmasında, aydınlanmasında çox effektlidir. Bugün kimin nə yazdığı, nə yaratdığı da hər kəsə bəllidir. Məni ən çox ağrıdan şöhrət üçün şeir yazmaq hərisliyi və bu hərislikdən yaranan plagiatçılıqdır.  Heç vaxt zəif qələmi olanların üstünə gedilməsinin də tərəfdarı olmamışam. Eybi yoxdur, qoy “itotu- bağayarpağı”ndan yazsın, amma özününkü olsun, oğurluq olmasın.

-İlqar bəy, siz bütöv türk dünyasını əhatə edən bir ədəbiyyatla bağlı qurumun Azərbaycan tərəfinin başqanısız. İşlərinizi necə qurursuz, çətinliklər olmur ki?

-Sovetlərin dağılmasından sonra, ilk olaraq, türk dünyası ilə əlaqələrin qurulmasında siyasət adamları daha çox məşğul olmağa başladı. Kürəsəlləşən dünyanın öz quralları olduğundan siyasi əlaqələr biz istəyən effekti vermədi. Ədəbiyyat və sənət insanlarının təşkil etdiyi tədbirlər, get- gəllər, görüşlər bizi bu dünya ilə daha sıx yaxınlaşdırdı. Siyasət insanlarının on, iyirmi ilə görə bilmədiyi işləri ədəbiyyat və sənət insanları üç, beş ilə görməyi bacardı. Bu əlaqələrə, ilk olaraq, yeganə müstəqil dövlət olan Türkiyə ilə başlanıldı. Yetmiş il bir dövlətdə yaşadığımız türk qurumları ilə normal əlaqələr yox səviyyəsində idi. Aydındır ki, bəlli bir siyasətin nəticəsi olaraq biz bir- birimizdən ayrı düşmüşdük. Təbii, bu yolda çətinliklər var idi, elə bu gün də var. Bu əlaqələrin qurulmasında və davamlı işlərin aparılması üçün maddi və mənəvi dayaqların olması çox önəmlidir. Başqanlığa gəldikdə isə, deyə bilərəm ki, bu, türk dünyası ilə birlik və bərabərliyimizin, qutsal amallarımızın həyata keçirilməsinə xidmət edən bir işdir. Bu addan heç vaxt xoşlanmamışam. Biz, hər birimiz, bu yolda sıravi əsgərlərik. Bilmirəm, indi  “əsgər”i “g”-la, yoxsa “k”-la yazacaqsan. Xəbərin varmı, Dil komissiyası nə qərara gəldi?))

-Sizin ifadə etdiyiniz kimi saxladım, dil komissiyası bəzən komisyon mağaza rolunu oynayır. Bu yaxınlarda Türkiyəyə səfər gözlənilir. Bu haqda istərdim oxuculara məlumat verəsiniz.

-Bildiyiniz kimi, on illərdi Türkiyədə ədəbiyyat, sənət müsabiqələri, festivallar düzənlənir. Şübhəsiz, bu tədbirlər öncə türk insanlarının bir araya gətirilməsinə xidmət edir. Bu qutsal işdə isə şeir və musiqi bir vasitə kimi böyük rol oynayır. Bu işlərin davamı olaraq, bu il noyabrın 1-2-3 tarixlərində Türkiyənin Adana şəhərində V Uluslararası Türk Dünyası şeir və musiqi festivalı keçiriləcək.

-Bu görüş və festivallar davamlı olaraq davam etmədə, bəs nə qazandıq, ədəbiyyat olaraq?

-Qeyd etdiyim kimi, bu festivalların davamlı olaraq keçirilməsində  şeir və musiqi həm də bir bəhanədir. Amacımız qardaş və bacılarımızla bir araya gəlmək, yad ideologiyalardan qurtulmaq, doğmalaşmaq, milli dəyərlərimizlə özümüz olmaqdır.

-Dedikləriniz nə xoş, amm bu vaxta qədər keçirilən ədəbi əlaqələr hansı səviyyədədir, elə şeir almanaxlarının buraxılması və gəzinti ilə kifayətlənmək?

-Bu əlaqələrdə insanlar bir- birindən çox şey öyrənir, görüb- götürür. Almanaxlarda yer alan digər türk qardaşlarımızın şeirləri ilə tanış olub, yaxşılarını seçib dilimizə çevirənlər, onlara musiqi bəstələyənlər də olur. Gəzintilərin olması isə yaradıcılığın əsas stimuludur.

-Bu festivala gedənlər sayca daha çoxdur. Niyə?

 –Hər il olduğu kimi, bu il də, həmin festivala Azərbaycandan 50-dən çox ədəbiyyat insanları və qonaq qismində qatılanlar olacaq. Faiq bəy, sirr deyil ki, bir çoxları ədəbiyyat adından sui- istifadə etməklə korporativ, konyuktur maraqlarını təmin etməyə çalışdılar. Bir- iki səfərdən sonra bu “təşkilatçı”ların maddi maraqları hər kəsə bəlli olduğundan ondan uzaqda durmağa, məsafə saxlamağa çalışdılar. Təmiz bir vicdanlını, saf əqidəlini, uca amallını hər zaman gözəl insanlar, aydınlar əhatə edəcək.

– İlqar bəy, ola bilər ki bir təşkilat rəhbəri kimi gözlədiyin sual verilmədi, daha nə deyə bilərsiz?

-Təşkilat rəhbəri deyəndə, həmişə yeyib- içmək məclislərinin ən usta təşkilatçısı kimi özümü görməyə çalışmışam. Düşünürdüm ki, dostlarla tez- tez yığışdığımız, lakin sizin çox az iştirak etdiyiniz qonaqlıqlardan sual verərsiniz. Əslində, mən buna “yeyib- içmək məclisləri” kimi yox, “dostların dərdləşməsi” kimi baxıram. Dəyərli dostlar var olsun!

22135464_1238063619633364_5277622417509774505_oFaiq Balabəyli

mənbə: mustaqil.az

Yazıya 416 dəfə baxılıb

Şərhlər

Şərh

Pin It

Comments are closed.