Mansur Rəğbətoğlu ilə İradə Aytelin zaman nöqtəsi…

75354936_440009186659873_1973548124030894080_n (1)Mansur Rəğbətoğlu: Gənclərimiz rahat deyil – xoşbəxt deyil, gərgindir, intihara meyllidir.»

“İnsan elə bir varlıqdır ki, dəyirman kimi hər şeyi öz yaddaşına çəkib xırdalayaraq istədiyi formaya salmağa meyllidir. Əgər belə bir güc insanın yaddaşında yox əlindədirsə – Tanrının özü kimi yaratmaq və dağıtmaq gücündədirsə, zamana tabe olmadan hər şeyi öz ehtirasının qurbanına çevirmək istəyir. Lakin insan təkcə zaman üzərində hökmranlıq edə bilmir, sonda zamanın hökmünə baş əyib səhnəni tərk edir. Zaman hər şeyi udur, insanı belə…” Budəfəki qonağım yaşının az olmasına baxmayaraq, özündən çox qabağı görən, düşünən, düşündürən bir istedad adamı,  Mansur Rəğbətoğludur.

-         Salam, istedadına inandığım, gələcəyinə güvəndiyim gənc dostum, Mansur! Necəsən?

- Salam, İradə xanım. Təşəkkür edirəm xoş sözlərinizçün. Hələ ki, yaşamaqçün səbəblər tapa bilirəm, belə səbəblər tapa bilirsənsə, hər şey qaydasına düşə bilər. Ümid edirəm ki, siz də yaxşısınız.

- Çox yaxşıyam, sevdiklərimlə danışanda daha yaxşı oluram. Həmişə sən məndən müsahibə götürmüsən. Səninlə danışmaq ruhumu sakitlədib. İndi mən suallar verəcəm, bu hiss sənə necə sirayət edir?

- Sözün açığı, həmişə müsahibə götürdüyüm bir insanın bir gün mənə suallar ünvanlayacağını gözləmirdim. Bu, mənimçün gözlənilməz oldu, bir az qəribə gəldi mənə. Çünki müsahibə verəcək qədər nə iş gördüyümü bilmirəm, hər halda bunu sizin mənə olan hörmətiniz kimi qəbul edirəm ki, bu da qarşılıqlıdır. Sizə buna görə ancaq təşəkkür edə bilərəm.

- Təşəkkür, əziz insan. Səni mən ilk dəfə dəyərli ziyalımız Elman Cəfərlinin təqdimatında tanımışam və zaman-zaman sevgimi qazanmısan. Bax, Elman müəllim dedim, sən də təriflə bizim Elman Cəfərlini…

- Elman Cəfərliyə müəllim deyə müraciət edirəm. Çünki mətbuata yeni gələndə belə desək, əlimdən tutub yazmağa öyrədənlərdən biri də o olub. Universiteti yeni bitirmişdim, nə edəcəyimi, haradan başlayacağımı o qədər də yaxşı bilmlmirdim, sadəcə həvəsliydim, səhvlərim kifayət qədərdi. “Olaylar” qəzetində tanış oldum Elman müəllimlə, öyrətdi məni, çox vaxt səhv yazanda üzümə vurmadı, səhv yazdım başa saldı, daha yazını üstümə atmadı, həvəsləndirdi, bu gün mətbuatda bir şeylər edə bilirəmsə, bunu borclu olduğum insanlardan biri də odur.

- Ali təhsilli, peşəkar jurnalistsən. Jurnalistika səni seçdi, ya sən jurnalistikanı?

- Hələ lap kiçik yaşlarımdan yazmağa meylli idim, dördüncü sinifdən xırda hekayələr, nağıllar oxumağa başlamışdım. Həyatın görmədiyim tərəfləri, insanların xəyal dünyaları mənə maraqlı gəlirdi, əlbəttə bunları böyüdükcə hiss edirdim. Bir xəlvətə çəkilib nağıllar, hekayələr uydururdum və ya adını qoya bilmədiyim janrda bir şeylər yazırdım. Gizlədirdim bunları, adam içinə çıxara bilmirdim, sözün açığı heç özüm də adam içinə çıxa bilmirdim, elə bu gün də… Günüm əksər hissəsi evimizin zirzəmisində, yaxud insanın əl çatmadığı yerlərdə keçirdi – çay kənarından, çardaqda, meşədə, dağda… Bu yerlərdə oxuyurdum, yazırdım. Amma bunları insan içinə çıxarmağa utanırdım. Bir dəfə hekayəmi ədəbiyyat müəllimimə oxudum, bu mənim ilk həyəcanım idi, oxudu, bəyəndi, kövrəlmişdi də. Bu qədərini gözləmirdim. Bu, məndə həvəs oyatdı. Zaman-zaman yazıya marağım daha da artdı, daha çox yazmaq üçün yeganə seçim jurnalistika idi, bunu da böyüyəndə bildim. Məqsədim jurnalistika olanda artıq nə yazacağımın fərqi yox idi, buna görə ciddi-cəhdlə bu sahəyə hazırlaşırdım. Axırda məqsədimə çatdım, burdan o tərəfə nə edəcəyimi isə bilmirəm, indi yaxşı jurnalistəm, ya yox – bilmirəm, bunu ya mən göstərəcəm, ya da zamanın hökmünə baş əyib səhnədən çıxacağam.

- “Saman çöpləri başımı deşib çölə çıxmışdılar – yaddaşımın içindən boylanırdılar. Sonra bu saman çöpləri cücərdilər, daha doğrusu uzandılar. Uzaqda görünən dağlar yanıb bir topa külə çevrilmişdi, ətrafda rəngi olan yeganə şey bu sarı saman çöpləri idi. Nə baş verdiyini anlamdan binaları, küçələri, ağacları, səması və torpağı paslanmış dəmirdən olan şəhərdə peyda oldum”. Bir essendə oxumuşam. Sənin müşahidən, təsvirin, sujeti qurmaq bacarığın, üslubun, bədii zövqün ədəbiyyatda at oynadanların çoxlarından yüksəkdədir. Nədən hamı kimi sən də romanlar, kitablar, təqdimatlar iddiasında deyilsən?77224373_419428588751329_6075030248607449088_n

- Ədəbiyyata sevgim bu günün məsələsi deyil. Uşaq vaxtı elə bilirdim bütün yazıçıların, şairlərin hamısı ölüb. Balaca bir kənd idi, kitabların da hamısı Sovetdən qalmışdı, əlimə düşəni oxuyurdum, amma bu əsərləri yazanları araşdırmırdım, beynimdə onların öldüyünə inam vardı. Anam da kitab oxuyan idi, heç ondan da soruşmamışdım. Əlimə keçən kitabı da zirzəmiyə daşıyırdım, gizli bir kitabxana yaratmışdım, dedim axı adam içində oxumağa utanırdım, elə bilirdim kitab oxumaq da naməhrəm bir işdir, kimsə nə fikirləşdiyimi duyacaq mən kitab oxuyanda – özümü ələ verəcəyəm. O vaxtla hələ yaşım az idi, müharibədən yeni çıxmışdıq, amma uzaqlardan topların səsləri eşidilirdi – cəbhə bir addımlıqda idi. Ya buna görə, ya da başqa səbəbdən işıqları fasiələrlə verirdilər, işıq söndümü neft lampasının kəskin qoxusu evi bürüyürdü. Amma mən bu qoxunu sevirdim. Bir də odun sobası vardı, odunlar yananda sobadan gələn səsi də sevirdim. Çünki bunlar məni kitab oxumağa sürükləyirdi. Evin ən künc yerinə çəkilib görə bildiyim qədər oxumağa çalışırdım, amma gizlədə-gizlədə. İndi o gündən bu günə demək olar heç nə dəyişməyib. İndi adam içində oxuya bilirəm, amma yazmaq məsələsində yenə çəkinirəm, ara-sıra yazdıqlarımdan üzə çıxarıram, çıxarmadıqlarım çoxdur, hələ ki, bu mənada o xəcalətli uşağam.

- İstedadlılar, seçilənlər həmişə adamlardan qaçır. Ona görə deyilir ki, istedadlını qoruyun, istedadsız necə olsa özünü qoruyacaq. Elə həmişə belə, “xəcalətli” qalmağını istəyirəm. Nə Yaxşı ki, sənin kimi gənclərimiz var. Mansur, səncə, bugünkü gəncliyin ən çox nəyə ehtiyacı var?

- Sosial-iqtisadi problemlərinbugünkü gəncliyə mane olduğunu düşünürəm. Həmin qayğıların həlsizliyi onları ya dəliyə, ya abırsıza, ya da meyitə çevirir. Gənclərimiz rahat deyil – xoşbəxt deyil, gərgindir, intihara meyllidir. Ailələrdə başqlarının övladları olmaq istəyən nə qədər uşaq böyüyür, onlar da sabah bizim boyda olanda bizdən fərqlənməyəcək. İndi fürsətləri olsa, həmin uşaqlar öz atalarını asanlıqla dəyişə bilər. Problemlərimiz kifayət qədərdir, bunu hər kəs görür. Amma gənclərimiz də sanki özlərini inkişaf etdirmək istəmirlər, mübarizə aparmaq istəmirlər, tez ruhdan düşürlər. Elə uşaqlıqdan bizi ağlamağa, bir çətinliklə üzləşinmi, əlinin arxasınca tatamiyə vurub məğlubiyyətlə razılaşmağa öyrədiblər. Gənclərimiz bu lənətin içindən özləri çıxmalı, ruhdan düşməməlidir. Hikmət Hacızadənin sevdiyim bir sözü var, deyir, ümidin yoxdursa, ümidsiz döyüş. Bizim gənclərə ümidsiz də döyüşsə, balaca bir mübarizə ruhu lazımdır. Onları özlərindən başqa kimsə xilas edə bilməz, özünü xilas etməyənə kimsə qurtarmır.

- Qayğılarla əhatəlisən? Yəni özəl həyatında.

- Əlbəttə var, amma bunlar həll olunacaq, bunu da mən özüm həll etməliyəm. Kim olursan-ol qayğılardan birdəfəlik xilas olmaq mümkün deyil. Əgər bu dünyada Bill Qeytsənsə, öz milyardlarının qayğısını çəkəcəksən, yox, bu dünyada canı hər bir avtomobilin təkərinə ilişə biləcək adi bir süpürgəçisənsə o süpürgənin qayğısını çəkəcəksən. Yəni bu məsələdə sənin insan kimliyinin fərqi yoxdur.

- Deyirsən ki, “hər şey qüsurlarıyla gözəldir” İnsanda ən böyük qüsur nədir? Və Mansurun ən böyük qüsuru nədir?

- Çexovun sevdiyim bir sözü var – həyatı dərk etmək bir nemətdir. İnsanları qüsurlarıyla qəbul etmək həyatı dərk etmək deməkdir. İnsanları dəyişdirmək mümkün deyil, əgər bir insan öz qüsurunu göstəribsə, bunun bir səbəbi mütləq var. Adi bir xəyanəti götürək, bir insan yalan danışanda, xəyanət edəndə, özünü müdafiə etmək üçün o qədər bəhanələr və səbəblər gətirir ki, amma məsələ başqasına gələndə insan bu qədər anlayışlı ola bilmir. Yəni insan başqalarını da özündən anlamalıdır, özündən yola çıxaraq onları başa düşməlidir. Həyatı dərk edən insan qüsurlarına görə kimsədən şikayət edə, ondan üz döndərə bilməz. Çünki bu həyat kiminsə baş rolunu oynadığı bir film deyil, hər kəs öz həyatında baş roldadır. Yeddi milyard başın olduğu bir dünyada yaşayırıq, bir o qədər də qüsur var. Bunu başa düşmək o qədər çətin olmamalıdır. Əgər sən qüsurlu olduğun halda özünü sevməkdən imtina edə bilmirsənsə, bu anlayışı başqasına da göstərə bilərsən. Mənim qüsurlarımdan biri səbəbsiz yerə utancaqlığımdır, insan içinə çıxmaqda çətinlik çəkirəm.

- Xeyyam Çələbi – dostumuz deyir: “fəlsəfi fikirlərlə dolu baş sahibidir Mansur”. Artıq əhatən sənin fərqliliyini və zəkanı görür, qəbul edir. Mən də sənin altyapılı fikirlərinə heyranam. Özündən və yaşından çox irəlidəsən. Deyirsən ki, “zamana gücü çatmayan insan həmişə öz yaddaşı ilə oynayır”. Yaddaşınla çox oynayırsan, bunu yazılarında görürəm. Hökmranlara – zamanı idarə edənlərə yaddaş heçmi gərək deyil?

- Yaddaşının içində qurdalanan insan buradan keçmişdən başqa heç nə tapmır. Keçmişinə ilişən insan isə irəli gözləri açıq gedə bilməz. Onlar yaddaş qurdlarıdır, həmişə başının içini ələk-vələk edib keçmişinə işıq tutmağa çalışır – öz başının kölgəsi isə gələcəyinə kölgə salır. İrəliyə gözübağlı gedirlər. Amma zamana hökmranlıq edənlər – zamanı tarixə çevirənlər öz keçmişlərini unudanlardır, daha doğrusu öz gələcəklərinə projektoru lap geridən salırlar. Yaddaş onlara gələcəyi qoruyub saxlamaq üçün lazımdır, keçmişi yox.

- Sənin fikirlərin sadəcə heyranlıq doğurur. Afərin! Yenə örnək gətirdiyim essenə nəzər salaq. Orada belə bir fikir var “Yaddaşı olan heç bir canlı azad deyil” . Azadlıq necə olur səncə?

- İnsanın xəyal dünyası nə qədər genişdirsə, o qədər azaddır. Xəyal dünyası zamansız və naməlum bir məkandır – insanın azad olduğu, ola bildiyi yeganə məkan. Xəyal qura bilməyən, xəyalları olmayan insan öz azadlığından da məhrumdur.

- Unutmadan nələrə öyrəşmisən?

- Fikrimcə, insan öyrəşmir, dözür. Yəqin dözmək də bir öyrəncəklikdir. Vaxtilə zorla dartıb evdən çölə çıxarırdılar məni – insan içinə. İndi evdən kənara çıxmağa öyrəşmişəm. Baxıram ki, hər kəs öz kölgəsini arxasınca çətinliklə sürüyüb aparır, yəni mənlə problemləri yoxdur. Amma hələ də öz yaddaşımdan çıxmağa öyrəşməmişəm, hələ ki, orada eşələnirəm.

- Rauf Qərib Alagöz sənin rəssamlıq istedadını önə çəkdi: “dəhşət adamdır Mansur, rəsmlərinə heyranam!” – dedi.   Başqa bir dostumuz Araz Yusifli də “qeyri adi yazilari və rəsmləri olan bir dost” deyir sənə. Və “yaxın zamanlarda sərgi keçirmək fikri var? Mənə söz verdiyi rəsmi nə zaman götürə bilərəm?” soruşur…

- Hər iki dostuma təşəkkür edirəm. Xoş sözləri onların öz gözəlliyindən gəlir. Söz verdiyim rəsmləri nə zaman istəsə, götürə bilər dostum. Peşəkar rəssam deyiləm, həvəskar formada çəkməyi öyrənmişəm. Sıxıntılı dönəmlərdə bir çıxış yolu idi rəsm çəkmək. Bu, özünütəsdiq idimi, ya başqa bir şey – amma o dönəmlərdə çəkməyi öyrəndim. Böyük əsərlər ortaya çıxarmamışam, onlara “əsər” də demək yekəxanalıq olardı, bu işə vaxt ayırmaq sadəcə gərginlikdən qaçışdır, deyəsən, bir az da özünütəsəlli… Sərgi böyük anlayışdır, insanların qabağına əli ətəyindən uzun çıxmaq olmaz, ayıb olardı. Amma bu cızma-qaralarım dostlarıma xoş gəlibsə, buna görə onlara ancaq təşəkkür edə bilərəm.

- Şeir yazmısan heç?

- Onlara şeir demək olarsa, yazmışam. Amma şeir yazmağa heç vaxt həvəsli olmamışam, nəsri daha çox sevirəm. Bir dönəmlər vardı ki, bəzən hisslərimi şeir formasında təsvir etmək istəyirdim, amma baş tutmurdu. Bacarmadığın bir işə vaxt ayırmaq, insanı yarıyolda qoyur. Baxdım ki, mənlik deyil, bir də əl vurmadım.

- Sənin nəsrini oxuyuram sevə-sevə. Elə oxucularımıza da məsləhət görərdim (oxumayanlara). Əziz adam, qürur insana nə verir?

- Kim dediyini bilmirəm, belə bir söz var, qürurun ən gözəlindən belə cinayətin qoxusu gəlir. Lakin sən haqq bildiyin bir savaşın içindəsənsə, dik dayanmaq səni öz ideallarına çatdıra bilər – dizləri üstündə yox, ayaqüstə. Haqsızlığın qarşısında bir dəfə bükdüyün dizi özün də düzəldə bilmirsən.

- Sevdiyin musiqi janrı hansıdır? İç dünyası zəngin adamların öz musiqisi olmalı…

- Ruh halına görə dəyişir, bəzən nəyə gəldi qulaq asıram, çox vaxt isə sözsüz musiqiləri dinləyirəm. Məsələn, simfoniyaları. Ən sevdiyim bəstəkarsa Bethovendir, bizimkilərdən Eldar Mansurov. Roku da çox dinləyirəm, mümkünsə metal rok.

- İlk dəfə nə zaman sevmisən? Sevgi sənin baxışında necə görünür? izah et mümkünsə…

- Orta məktəbdə oxuyanda bir qıza aşiq olmuşdum, on il sevdim onu. Necə deyim, qaçıb özünü adamla dolu qatarın içinə atırsan, bəlkə ona rast gəldin deyə. Bəzən sevgini hər gün küçədə çörək verdiyin köpəyin bir gün əlinin boş olduğunu görüb quyruq bulayaraq ümidsizcə gözlərini sənə zilləməsindən bilirsən. Sevgi gözlərin saata dadanmasıdır və ya ürəyin sferblatında fırlanan böyük bir boşluq.

- Bizdə – Azərbaycanda azad sevgi varmı? Azad seks nə deməkdi səncə?70536814_2667678143319794_8581348492813795328_n (1)

- Sevgi həmişə azaddır – hissləri buxovlamaq mümkün deyil. Yəni duyğular üzərində başqasının hömranlıq etməsi mümkünsüzdür. Sevmək üçün gizli bir yer lazım deyil, zatən bu, insanın ən gizli yerindədir – ürəyində, oranı görmək heç insanın özünə də müyəssər olmur. İnsanlar da bir yolunu tapıb sevirlər, buna əngəl olmağa çalışanlar isə xoşbəxtlik qatilləridir. Başqalarını özlərinə oxşatmaq və içində olduğu bataqlığa çəkmək insanın təbiətində var.Azad seksin nə olduğunu deyə bilmərəm, amma kiminlə gəldi, harada gəldi məsələni həll etmək deyil. Biz seksdən əvvəl özümüzü azad etməliyik.

- Səni çox yordum, bilirəm, inan ki qıymıram. Həm də səninlə danışmaq o qədər gözəldir ki… Səliqəli müsahibsən. Cavabların maraqlı və səlistdir. İlk tam razı qaldığım müsahibimsən. Bax, bu zamanı, bu saatı, bu gecəni dayandıran bir cümlə, bir fikir istəyirəm səndən…

- Bir gün adamla dolu səkilərin birində ona rast gələcəyik.

- Səndən sonra kiminlə danışmağımı istəyirsən? Və o adama bir sual vermək hüququn var?

- Həmid Piriyevlə söhbətiniz çox maraqlı olardı. Ondan soruşarsınız ki, yazıçı daha çox hansı dövrü qabartmalıdır, keçmiş və ya gələcək insan haqda yazmalıdır? Bunun bir önəmi varmı?

- Baş üstə, Həmid bəyə sualını məmnuniyyətlə çatdıracağam. Çox minnətdaram, Mansur, təşəkkürlər söhbətə görə…

 

 

Yazıya 1209 dəfə baxılıb

Şərhlər

Şərh

Pin It

Comments are closed.